Ağ Ev ABŞ-ın uzun illər uğursuz olmuş Cənubi Qafqaz siyasətinə tədricən düzəlişlər etməyə, yeni geopolitik hədəflər reallaşdırmağa çalışır... Əgər, ABŞ uğur qazanarsa, Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasından sonra Rusiya regiondan tamamilə təcrid oluna bilər...
Ukrayna savaşı Cənubi Qafqaz regionuna da artıq təsir göstərməyə başlayıb. Rusiyanın “savaş bataqlığı”na salınması Kremlin bütün MDB məkanında olduğu kimi, Cənubi Qafqazda da təsir dairəsini məhdudlaşdırır. Və Kreml zaman geçdikcə bu regionda öz regional nəzarət rıçaqlarını itirmək təhlükəsi qarşısında qalıb.Məsələ ondadır ki, hazırda Kreml vaxtilə Rusiyanın yaratdığı “münaqişə ocaqları”nın nizamlanması proseslərində təşəbbüsü əldən verməkdədir. Xüsusilə də, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin hazırlanması üzrə danışıqlar prosesi Rusiyanın nəzarət dairəsindən çıxarılmağa başlayıb. İndi Kreml artıq bu prosesdə qətiyyən təkbaşına vasitəçilik edə bilmir.
Məsələ ondadır ki, ABŞ və Qərb Cənubi Qafqazda Rusiya ilə açıq və güzəştsiz rəqabətə girişib. Hazırda həm ABŞ, həm də Avropa Birliyi bu regionda təşəbbüsü Rusiyanın əlindən almaq niyyətində olduqca israrlı davranır. Bu baxımdan, yaxın aylarda Cənubi Qafqazda daha çətin dövrün gözlədiyi qətiyyən şübhə doğurmur.
Onu da nəzərə almaq lazımdır ki, Ukrayna savaşı ABŞ və Qərb üçün Cənubi Qafqazın strateji əhəmiyyətini artırıb. Son vaxtlar bu regiona Avropa və Asiyanı birbaşa birləşdirə biləcək ən sərfəli nəqliyyat-kommunikasiya marşrutu kimi yanaşmağa başlayıblar. Üstəlik, regionun lider dövləti olan Azərbaycanın enerji resursları ehtiyatlarına sahib olması, iqtisadi-ticari potensialının cəlbedici xarakter daşıması ABŞ və Qərb üçün strateji faktor rolunu oynayır.
Ancaq regionda olan müəyyən problemlər, xüsusilə də, Rusiyanın yaratdığı “münaqişə ocaqları” geoiqtisadi layihələrin reallaşdırılmasını birmənalı şəkildə əngəlləyir. Ona görə də, indi Azərbaycan və Ermənistan arasındakı, Rusiya tərəfindən formalaşdırılmış “nə hərb, nə sülh” vəziyyəti ABŞ və Qərbi daha çox narahat edir. Və bu problemin mümkün qədər tez bir zamanda aradan qaldırılması böyük önəm daşıyır.
Maraqlıdır ki, ABŞ və Qərbin “regionda sülh” modelinin inkişaf etdirilməsi istiqamətində də müəyyən addımların atılmasına çalışır. İlk növbədə Azərbaycan-Ermənistan sülh danışıqlarının inkişaf etdirilməsinə cəhd göstərilir. Üstəlik, bu prosesdə Rusiyanın vasitəçiliyinə alternativ istiqamətin gücləndirilməsinə çalışılır.
Onu da qeyd etmək lazımdır ki, “regionda sülh” modeli hazırda ABŞ və Avropa Birliyini ortaq fəaliyyətə stimullaşdıran əsas faktorlardan biridir. Çünki, bir tərəfdən, Avropa Birliyi Brüssel prosesini işə salmaqla, həm Azərbaycanı, həm də Ermənistanı sülh sazişinə yaxınlaşdırır. Hətta hər iki tərəfi vaxt itirməməyə, mümkün olduğu qədər tələsməyə sövq edir.
Digər tərəfdənsə, ABŞ Azərbaycan və Ermənistana siyasi-diplomatik tövsiyyələr verir. Ağ Evin hər iki tərəfə təlqin etməyə çalışdığı əsas məsələ ondan ibarətdir ki, sülh sazişinin hazırlanması prosesində Rusiyanın vasitəçilik missiyasından uzaqlaşmaq lazımdır. Ağ Evdən hər iki tərəfə edilən telefon zənglərində də bu məsələyə dolayısı ilə eyham edilir.
Bir neçə gün öncə ABŞ-ın döblət katibi Entoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığında da bütün bu məsələlərin müzakirə edildiyi bildirilir. Ağ Evdən verilən açıqlamada vurğulanır ki, ABŞ Azərbaycan və Ermənistan rəsmi dairələri arasında sülh sazişinin hazırlanması üzrə birbaşa təmasları dəstəkləyir və bu prosesin daha da inkişaf etdirilib, sürətləndirilməsinə yardım göstərməyə hazırdır. Eyni zamanda, Ağ Ev Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin açılmasına və Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sahəsindəki roluna böyük önəm verir.
Göründüyü kimi, Ağ Ev Cənubi Qafqaza artıq Qərb üçün böyük əhəmiyyət daşıyan geoiqtisadi və geostrateji məkan kimi yanaşmağa başlayıb. Ona görə də, indi ABŞ bu məkanda daha da fəallaşmağa can atır. Ancaq ABŞ və Qərbin Cənubi Qafqaza geopolitik oyunçu statusunda yerləşə bilməsi üçün Rusiyanın bu regiondan tamamilə sıxışdırılıb, çıxarılması vacibdir. Bunun yeganə yolu isə Rusiyanın əsas regional təsir rıçaqlarının “münaqişə ocaqları”nın söndürülməsidir. Çünki bu halda, Kremlin regionda dayaqlana biləcəyi elə bir hərbi-siyasi faktor qalmamış olacaq.
Təbii ki, Kremldə də bu reallığı anlayırlar. Ona görə də, nəyin bahasına olursa-olsun, Rusiyanın Azərbaycan-Ermənistan sülh danışıqlarında əsas vasitəçi statusunu qorumağa çalışırlar. Kreml Rusiyanın öz statusunu ABŞ və Qərblə bölüşmək və ya bütövlükdə əldən vermək istəmir. Və buna nail olmaq üçün də Brüssel prosesini əhəmiyyətdən salmağa, hətta ümumiyyətlə, pozmağa cəhd göstərir.
Anlaşılan odur ki, Rusiyanın vasitəçiliyi Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması prosesini illərlə ləngidə bilər. Kreml Rusiyanın Cənubi Qafqazda mövqelərini qoruyub, saxlaya bilməsi üçün Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını nəticəsiz qalmasında maraqlıdır. Və bu baxımdan, Rusiyanın vasitəçiliyi hazırda əsas əngəlləyici faktorların sırasına daxildir.
ABŞ və Qərb isə Rusiyadan fərqli olaraq, Cənubi Qafqazda sülh dövrünün başlamasına daha çox önəm verir. Üstəlik, Ağ Ev üçün bu məsələ iki önəmli geopolitik istiqamət üzrə strateji əhəmiyyət daşıyır. Yəni, ABŞ bir tərəfdən regional münaqişələrin həlli ilə Rusiyanı Cənubi Qafqazdan çıxartmağı hədəfləyir. Digər tərəfdənsə, sülh dövrünün başladılması sayəsində regionun geoiqtisadi potensialından faydalanmaq və dünya bazarında Azərbaycanın enerji resurslarının payını mümkün qədər artırmaq niyyətindədir.
Ona görə də, Ağ Ev ABŞ-ın uzun illər uğursuz olmuş Cənubi Qafqaz siyasətinə tədricən düzəlişlər etməyə çalışır. İndi ABŞ üçün “Rusiyasız Cənubi Qafqaz” modeli yeni dünya düzəninin qurulmasında da xüsusi önəm daşıya biləcək faktora çevrilməkdədir. Üstəlik, Ağ Ev Rusiyanın bu regiondan tamamilə təcrid edilməsinin mexanizmini də tam dəqiqliyi ilə müəyyən edə bilib. Əgər, ABŞ dəyişən regional siyasəti uğur qazanarsa, yaxın gələcəkdə Rusiya öz hərbi-siyasi rıçaqlarını itirə bilər. Rusiyanın bu bölgədə geoiqtisadi iştirakı isə yeni regional sistemin şərtlərindən asılı vəziyyətə düşər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”
Tarix: 13-05-2022, 22:55