Türkiyə İsveç və Finlandiyanın Şimal Alyansına üzvlüyünə isti baxmır, bu iki dövlətin PKK-ya qucaq açmasına etiraz edir, Moskvanı da belə mövqe razı salır; analitiklərdən fərqli baxış: “Ərdoğan haqlıdır, NATO-da ikili standartlar var...”Rusiya NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiyanı hədələməyə davam edir. Maraqlıdır ki, Türkiyə də bu üzvlüyə isti baxmır. “Yeni Müsavat” bildirir ki, lakin qardaş ölkənin motivi tamamilə başqadır. Ankara bu iki ölkənin öz ərazisində PKK, PYD/YPG terror təşkilatlarına qucaq açmasına, hər cür dəstək verməsinə etiraz edir, öncə onları terror təşkilatları kimi tanımağı tələb edir. Əks halda, üzvlüyə veto qoya bilər. Çünki alyansa üzvlük üçün prosedura görə bütün üzvlərin razılığı lazımdır. ]Əslində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan haqlı olaraq bu iki ölkəni “terror təşkilatlarının qonaq evi” adlandırıb. Amma Ankaranın mövqeyinin dəyişəcəyini deyənlər də var. Bəs Ankara veto hüququndan istifadə edəcəkmi? Finlandiya və İsveç necə, Türkiyənin tələbini yerinə yetirəcəkmi? Daha bir sual: Türkiyənin mövqeyi alyansın aparıcı dövləti ABŞ-la gərginliyə gətirə bilərmi? Ümumiyyətlə, bu düyün necə açılacaq? Bu arada, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov NATO-ya daxil olmaq niyyətini açıqlayan İsveç və Finlandiyanı hədələyib.
Bu barədə XİN rəsmisi “RİA Novosti”yə danışıb. Onun sözlərinə görə, İsveç və Finlandiyanın alyansa daxil olmasından sonra hər iki ölkənin təhlükəsizliyi güclənməyəcək: “Finlandiya və İsveçin NATO-ya daxil olması çox böyük fəsadları olan səhv olardı. Heç kimdə Rusiyanın vəziyyətlə barışacağına dair illüziyası olmamalıdır. Moskvanın reaksiyası isə Stokholm və Helsinki tərəfindən atılan konkret addımlardan asılı olacaq”.
Belə olan halda Ərdoğanın mövqeyi Putin üçün sürpriz ola bilər. Türkiyənin yanaşması Rusiyanı tamamilə qane edəcək. Lakin qardaş ölkənin Skandinaviya dövlətlərinin NATO-ya üzvlüklə bağlı tələblərini axıra qədər davam etdirəcəyinə inanmayanlar var.
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Rusiyanın Ukraynadakı işğalçı müharibəsi digər qonşu dövlətləri qorxudub. Analitik hesab edir ki, hətta Finlandiya və İsveç də çəkinir: “Onlar düşünürlər ki, NATO-ya üzv olmaqla rus təhlükəsindən özlərini qorusunlar. Ancaq onların üzvlük proseduru texniki baxımdan vaxt ala bilər deyə dərhal Böyük Britaniya bu ölkələrə təhlükəsizlik zəmanəti verdi. London Moskvaya mesaj yolladı ki, bu dövlətlərin arxasındayam. Sadəcə, biz NATO-nun ikili standartlarını da qeyd etməliyik: niyə Finlandiya və İsveç hərbi bloka üzv ola bilər, amma Ukrayna və Gürcüstan ola bilməz?”
E.Şahinoğlunun fikrincə, Ərdoğanın bu məsələdə veto hüququndan istifadəsini anlamaq olar: “Axı 70 ildir ki, Avropa Türkiyəni qapıda gözlədir. Türkiyəni Avropa İttifaqına niyə qəbul etmirsiniz? Ona görə Ərdoğan haqlıdır. Avropada PKK simpatizanları var. Əgər İsveç və Finlandiya qərar qəbul etsə ki, PPK-çıların televiziyası fəaliyyətini dayandıracaq, pul yığımına son qoyulacaq, o zaman bu dövlətlərin alyansa üzvlüyünə Ankara müsbət cavab verə bilər”.
Siyasi təhlilçi Şahin Cəfərli güman edir ki, Türkiyə NATO-nun strateji qərarlarına veto qoymaz: “Sadəcə, bəzi tələbləri var ki, onların yerinə yetirilməsi üçün Madrid zirvəsi öncəsi bazarlığa oturacaq. 2011-ci ildə Liviya əməliyyatından əvvəl də ”NATO-nun Liviyada nə işi var?" demiş, sonra əməliyyata razılıq vermişdi".
Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, “Qış müharibəsi” adlanan SSRİ-Fin müharibəsinin nəticəsində ruslar Finlandiyanın indiyə qədər davam edən “neytral status”una nail oldular. “Ukraynaya işğal hücumunda da Rusiya eyni ssenarini tətbiq etməyi planlaşdırır: Kiyevi Donbas və Krımdan rəsmi imtinaya məcbur etmək və ”neytral statusu"na nail olmaq. Müharibənin ilk mərhələsində - rus qoşunları Kiyev ətrafından çəkilməyənə qədər Ukrayna “neytral status”a razı idi, lakin hazırkı mərhələdə daha güclü tərəf kimi görünən rəsmi Kiyevin mövqeyi dəyişib və müharibənin uzunmüddətli olacağı, cənub və şərq bölgələrində rus işğalı genişlənsə belə “neytral status”a nail olmağın çətin perspektivi daha güclüdür. Və Ukraynada fin ssenarisini təkrarlamaq istəyən Rusiya buna nail ola bilmədiyi kimi, Finlandiyada “neytral status” üstünlüyündən də məhrum olmaq ərəfəsindədir", - deyə ekspert prosesləri şərh etdi.
Onun fikrincə, Şimal Alyansı iki ölkə arasındakı 1300 kilometrlik sərhəd xəttinə nəzarəti ələ keçirir və Rusiyaya qarşı cəbhəni genişləndirir: “Finlandiya ilə birlikdə İsveçin də ittifaqa üzvlüyü gündəmdədir. Bu reallaşarsa, Rusiyanın Baltik dənizində NATO ilə tam əhatələnəcək, eyni zamanda Arktikada da Şimal Alyansı qarşısında mövqeyi zəifləyəcək. Finlərdən (75 faiz əhali dəstəkləyir) fərqli olaraq, isveçlilər (50 faiz əhali dəstəkləyir) üzvlük məsələsinə daha ehtiyatlı yanaşır. İsveçrə neytral mövqeyini və qlobal danışıqlara ev sahibliyi statusunu qorumaq haqda da düşünür, hərçənd NATO-nun Rusiyaya qarşı cəbhəni genişləndirmək planı fonunda, eləcə də coğrafi mövqelər baxımından bu iki ölkənin eyni vaxtda qəbul edilməsi qərarının olduğu görünür”.
A.Nərimanlı hesab edir ki, Ukraynada müharibə aparan Moskva üçün cəbhənin genişlənməsi sərfəli deyil: “Əsas hərbi resurslarını Ukraynaya yönəltməsi Finlandiyaya qarşı hərbi addım imkanlarını məhdudlaşdırır. İddialara görə, Rusiya Finlandiya ilə sərhəddəki qoşunların böyük hissəsini Ukrayna müharibəsinə cəlb edib. Bu amillər Moskvanın xəbərdarlığının daha çox ”strateji çəkindirmə" xarakterli blef olduğu versiyasını ön plana çıxarır. Hərçənd rusların təkcə bleflə kifayətlənəcəyi də inandırıcı deyil. Mümkün versiyalar kiberhücumların təşkili və Belarus-Polşa sərhədində yaradılan miqrant probleminin burada da təkrarlanmasıdır".
Emil SALAMOĞLU
Tarix: 17-05-2022, 11:31