Türkiyə nə istəyir ?-Türkiyə NATO – nun genişlənməsinə qarşıdırmı ?


İsveç və Finlandiyanın NATO üzvlüyünə qəbul edilməsi ilə bağlı Türkiyənin mövqeyi beynəlxalq səviyyədə geniş müzakirələrə səbəb olub. Dünən isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu məsələ ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb. Onun açıqlamasından aydın görünür ki, Türkiyə heç də bəzi iddaların əksinə olaraq NATO – nun genişlənməsinə qarşı deyil. Çavuşoğlunun açıqladığı tələblər həm də onu göstərir ki, Türkiyənin bu mövqeyi heç də Rusiyanın maraqları, istəkləri ilə bağlı deyil.
Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasına razılıq verməsi müqabilində aşağıdakı tələblərin yerinə yetirilməsini istəyir:1.İsveç və Finlandiya tərəfindən PKK və onun törəmələrinin terror təşkilatı elan edilməsi;
  1. Silah embarqosunun ləğvi;
  2. F-35 qırıcı proqramına yenidən daxil olmaq;
  3. F-16 qırıcılarının yeni alış paketinin təsdiqi;
  4. S-400 hava hücumundan müdafiə sisteminə qarşı sanksiyaların ləğvi:

    • Göründüyü kimi bu tələblərin Ərdoğanın şəxsi hakimiyyət maraqları ilə hər hansı bağlılığı yoxdur və onlar Türkiyənin milli mənafelərinə və təhlükəsizliyinə xidmət edən haqlı tələbələrdir. Düzdür, bir çoxları bu tələbləri bəlkə də bir “hə” demək üçün çox hesab edə bilərlər. Ancaq diplomatiyadan az çox anlayışı olan hər kəs bilir ki, ilk mərhələdə bir qayda olaraq maksimum tələblər ona görə irəli sürülür ki, sonda güzəştə gedilərək, minimum istəklər heç olmasa təmin edilə bilsin. Bu baxımdan Türkiyənin əsas istəyi ABŞ-dan yeni nəsil F16- lar almaq, F 35 proqramına qayıtmaq və ona qarşı tətbiq olunan silah embarqosunun götrülməsidir.
      İsveçin və Finlandiyanın PKK- nı terror təşkilatı kimi tanıyıb- tanımamasının isə Türkiyə üçün elə də bir ciddi strateji önəmi yoxdur. Xatırladım ki, artıq Türkiyə xarici işlər nazirinin müavini 3 gün öncə ABŞ-da olub və bu məsələlərlə bağlı iki ölkə arasında müzakirələr aparılıb. Qərb bu məsələlərə bizdəki tənqidi fikir müəlliflərindın daha tolerant yanaşır və müzakirələrin səmərəli olacağına əmin görünür.
      Göründüyü kimi, bu tələblərin qarşılanması, heç də Türkiyənin Avroatlantik məkandan uzaqlaşmasına deyil, əksinə, daha sıx inteqrasiya və əməkdaşlığa xidmət edir.
      Sonda bir məsələni də qeyd edim ki, Türkiyə bizə qardaş ölkədir və onun daxili siyasəti ilə bağlı problemlər heç bir halda bu ölkəyə qarşı hansısa əks təbliğat kampaniyası üçün əsas olmamalıdır. Bu baxımdan siyasət rasionalığa əsaslanmalıdır və biz nəzərə almalıyıq ki, türk xalqı öz daxili problemlərini həll etmək iqtidarındadır və bu ölkədə ən azı bunun üçün demokratik seçki instutu var.
      Bizim üçün əsas olan odur ki, Türkiyənin regionda mövqelərinin möhkəmlənməsi ölkəmizin milli maraqlarına tam uyğundur. Bu həm də Azərbaycanın Avroatlantik məkana inteqrasiyasınazəmin yaradan təhlükəsizlik təminatı deməkdir. 
    • AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı

Tarix: 18-05-2022, 22:04
Xəbəri paylaş





Xəbər lenti