“Qərb İrəvanın bu əməllərinə niyə göz yumur?” — ŞƏRH
Ermənistanda baş vermiş hadisələrə beynəlxalq təşkilatların qeyri-adekvat münasibəti barədə Demokrat.az-a açıqlama verən politiloq Turan Rzayev bildirib ki, bu, ikili standartlardan irəli gəlir:“Bildiyimiz kimi, Azərbaycanda dövlət maraqlarını satan, xarici kəşfiyyata işləyən şəxslərlə bağlı hüqüq-mühafizə orqanları hər hansı bir tədbir həyata keçirən zaman ABŞ və Qərb ölkələri başda olmaqla, bir çox təşkilatlar dayanmadan bəyanatlar verməyə başlayırlar. Əksər hallarda isə proses haqqında məlumatları olmadan dövlətimizə qarşı ittihamlar irəli sürürlər. Ancaq indi Ermənistanda baş vermiş hadisəni “görmürlər” və yaxud da özlərini görməzliyə qoyurlar. ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib.
Yeri gəlmişkən Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Linn Treysi “Armenpress” agentliyinə müsahibəsində deyib ki, “ABŞ erməni xalqına gələcək qurmaqda dəstəyini davam etdirəcək. Erməni xalqı 2018 və 2021-ci illərdə seçki və demokratiya yoluna üstünlük verdiyini göstərib”. ABŞ diplomatının sözlərindən belə çıxır ki, ermənilər iki dəfə Nikol Paşinyana səs veriblər və buna görə Vaşinqton Baş nazir Nikol Paşinyanı dəstəkləyir. Yəni küçədə bağıranların isə demokratiya ilə əlaqələri yoxdur”.
“ABŞ səfirinin bu mövqeyi əslində anlaşılandır. Belə ki, küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş Nikol Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyini hər kəs bilir. Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, mitinqləri və kütləvi aksiyalarının arxasında da məhz Soros və onun fondu dayanırdı. Əslində bu fakt belə özlüyündə Ermənistanda baş vermiş hadisələrə beynəlxalq təşkilatların qeyri-adekvat münasibətinin səbəbini izah edir”.
Tarix: 20-05-2022, 10:19