İran atom silahının bir addımlığında, İsrail hücuma son hazırlıq içində - Gərginlik



Yəhudi nazirin fikrincə, Tehran bir-iki həftəyə ilk atom bombası üçün uran əldə edəcək, İsrail mediası isə yazır ki...; politoloq: “MAQATE-nin İranda yoxlanış apara bilməməsi vəziyyəti qəlizləşdirən amillərdəndir”
“İran bir-iki həftəyə ilk atom bombası üçün kifayət edəcək zənginləşdirilmiş uran əldə edə biləcək”. “Yeni Müsavat” bildirir ki, İsrailin xarici işlər naziri Yair Lapid belə deyib. “Times of Israel” qəzeti isə yazıb ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr İranın hava məkanına daxil olmaq və onun nüvə obyektlərinə zərbələr endirmək üçün təlimlərə başlayıb. Nəşr həmçinin qeyd edib ki, İsrail Müdafiə Qüvvələrinin bütün bölmələri təlimlərə cəlb olunub.
Rəsmi Tehran isə atom silahı ilə bağlı iddiaları həmişəki kimi rədd edir. Onu da bildirir ki, İranın Ali Dini lideri atom silahı yaratmağı günah əməl sayır.
Doğrudan da, nüvə silahı uşaqdan-böyüyə hamını, günahlı-günahsız dinc əhalini külə döndərən kütləvi qırğın silahlıdır. O zaman ölkələr, o cümlədən İran niyə buna can atır, əgər onun tətbiqi faktiki mümkün olmayacaqsa? Ümumən yəhudi mediasının yazdıqları səhihdirmi? İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşırmı?
Əslində, tez-tez Tehranla Tel-Əviv arasında belə gərginliklər yaşanıb, qarşılıqlı ittihamlar səslənib, İsrail İranın tezliklə uran əldə edəcəyini açıqlayıb, buna görə nüvə obyektlərinə aviazərbələr endirəcəyi ilə təhdid edib, amma sözdən əmələ keçməyib. Bəs bu dəfə İsrailin baş diplomatının İranla bağlı söylədikləri ittihamdan o yana keçəcəkmi? Tehran həqiqətən tezliklə atom silahı əldə etmək niyyətindədirmi?
Onu da deyək ki, təkcə ötən il İsrail hökuməti İranın nüvə obyektlərinə hücuma hazırlıq məqsədiylə orduya 1,5 milyard dollar vəsait ayırıb. Siyasətçilər və hərbçilər az qala hər gün İrana xəbərdarlıq edirlər.
Qeyd edək ki, Birgə Hərtərəfli Fəaliyyət Planı İranın nüvə fəaliyyətlərini məhdudlaşdırmış və bəzi beynəlxalq sanksiyaların ləğv edilməsi müqabilində bu ölkənin nüvə obyektlərini yoxlamaq imkanı yaratmışdı. Amma 2018-ci ildə ABŞ-ın o zamankı Prezidenti Donald Tramp İsrailin də razılığıyla Amerikanın həmin razılaşmadan çıxdığını bəyan etdi. Həmin sənəd üzrə danışıqların bərpa olunacağı ərəfədə İran 25 kq uranı 60% zənginləşdirdiyini açıqladı və beləliklə, Tehran nüvə silahı əldə etmək imkanına bir addım da yaxınlaşdı. Bundan başqa, İranın əlində 20% zənginləşdirilmiş 210 kq uran var.
Rəsmi Tehran nüvə proqramının dinc xarakter daşıdığını bəyan etsə də, bu səviyyədə zənginləşdirilmiş uranın indiyə qədər ancaq nüvə silahına malik ölkələrdə olduğunu iranlı mütəxəssislər özləri də etiraf edirlər. İsrailin hərbi ekspertləri bildirirlər ki, İran nüvə silahı əldə etməyə yetəcək qədər uranı cəmi bir ay ərzində əldə edə bilər. Ancaq həmin silaha - ballistik raketə quraşdırılacaq döyüş başlığı da lazımdır. Bu başlığı isə 18-24 aya hazırlamaq olur.
qabil huseynli | Banker.az
 Qabil Hüseynli 
Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, İsrailin söylədiklərində həqiqət payı var. Onun fikrincə, İran son zamanlar beynəlxalq münasibətlərdə özünü sakit aparır və daxili işlərinə diqqət göstərir: “Üstəgəl, İran sentrfuqaların sayının artırıldığını bəyan etmişdi. Tehranın tam saflaşdırılmış nüvə istehsalını əldə edəcəyi real görünür. İsrailin narahatlığını da bölüşmək mümkündür. Çünki İran oturub-durur, İsraili yer üzündən siləcəyini söyləyir. Bu halda İsrailin tədbirlər görmək haqqı var. Bu məsələdə onu müdafiə edəcək dövlətlər də var”.
Q.Hüseynlinin zənnincə, bu dəfə məsələ ciddi görünür: “Çünki MAQATE-nin İranda dağların altında yerləşən obyektlərdə yoxlanışlar apara bilməməsi vəziyyəti qəlizləşdirən amillərdən biridir. O baxımdan İsrailin xarici işlər nazirinin dediklərində reallıqlar ola bilər. Təbii ki, İsrailin qırıcı təyyarələrlə İranın nüvə obyektlərinə zərbələr endirməsi öz daxili işidir. Buna indidən proqnoz vermək çətindir”.
Tarix: 21-05-2022, 09:46
Xəbəri paylaş





Xəbər lenti