Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın Brüsseldəki ikinci görüşü başa çatıb. Ovqat.com-un məlumatına görə, 5 saatdan artıq sürən görüşdə tərəflər 10 noyabr Bəyanatında əldə olunan razılaşmaların tez bir zamanda həyata keçirilməsi barədə razılığa gəliblər.
İlham Əliyev və Nikol Paşinyanla görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlama verərək görüşün bəzi təfərrüatlarını açıqlayıb. Mişelin açıqlamalarından belə anlaşılır ki, tərəflər atacaqları addımların
konkret zamanını da müəyyənləşdiriblər.
Açıqlamasında “
Müzakirə səmimi və məhsuldar oldu, biz bütün məsələləri nəzərdən keçirdik. Bizim humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi və saxlanılanların azad edilməsi ilə bağlı səylərlə əlaqədar ətraflı müzakirəmiz oldu və biz itkin düşmüş insanların taleyinə də toxunduq”, - deyən Şarl Mişelin bildirdiyinə görə, Azərbaycan və Ermənistan rəsmilərinin ilk işi
sərhədlərin delimitasiya və demarkasiyası ilə əlaqədar olacaq və tərəflər yaxın günlərdə görüşəcəklər:
“Sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq”. Qeyd edək ki, I Brüssel görüşündən sonra bu təklif ermənilərdən gəlsə də, elə İrəvanın özü tərəfindən pozulmuşdu. Prezident İlham Əliyev bir neçə gün əvvəl litvalı həmkarı ilə görüşündə bunu açıq bəyan edərək demişdi:
"Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir”. Görünən budur ki, Brüsseldə keçirilən ikinci görüşdə Paşinyan öz oyunpozucu fəaliyyətindən geri çəkilməyə söz verib. Bununla belə, danışıqlar zamanı
erməni tərəfinin yenidən eyni oyun pozanlığa davam edəcəyi ehtimalı da istisna edilmir.
Tərəflər
Zəngəzur dəhlizinin açılmasında da bəzi razılıqlar əldə ediblər. Amma belə anlaşılır ki, kommunikasiya əlaqələri
tam dəhliz şəkildə deyil, dövlətlərarası yol formatında açılacaq. Yəni bu yol üzərindən keçmək üçün
gömrük rüsumları müəyyənləşdiriləcək:
“Kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəldilər.
Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər”, - Şarl Mişel belə deyib.
Avropa Şurası Komissiyasının rəhbərinin sözlərindən belə anlaşılır ki,
gömrük rüsumları əsasən beynəlxalq daşımalara şamil olunacaq.
Sülh sazişinə gəlincə, Şarl Mişelin fikrincə, liderlər
Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər və yaxın həftələrdə
xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər. Zənnimizcə, sülh sazişinin prinsiplərini bu görüşlərdə əldə olunan razılaşmalar müəyyənləşdirəcəyindən onun tezliklə imzalanacağını gözləmək sadəlövhlük olardı.
Mişelin sözlərindən anlaşılır ki,
görüşdə ən çox müzakirəyə səbəb olan məsələ Qarabağın statusu məsələsi olub və bu məsələdə tərəflər yekdil qərar verə bilməyiblər: “
Bunun davamı olaraq, mən hər iki liderə müraciətlə vurğuladım ki, zənnimcə, Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir”. Sözsüz ki, tərəflər bu məsələdə yekun qərara gəlsəydilər, Şarl Mişel açıqlamasında bunu açıq şəkildə dilə gətirər və xüsusi “
məsləhətlər verməyə” ehtiyac duymazdı.
“Sosial-iqtisadi inkişafa gəlincə, Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək. Mən, həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğuladım və Avropa İttifaqı öz dəstəyini gücləndirməyə hazırdır”, - deyən Şarl Mişel bu istiqamətdə aparılan işlərin birinci mərhələsinin iyul-avqust ayına qədər davam edəcəyinə, daha sonra liderlərin yenidən görüşəcəklərinə eyham vurub: “Biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik”.
Göründüyü kimi, Azərbaycanla Ermənistan arasında qalıcı sülhə nail olmaq üçün hələ çox işlər görülməlidir. Ən əsası,
tərəflər öz ərazilərindən rus ordusunu çıxarmayana və bu ölkələrdəki Moskvaya bağlı 5-ci kolonları zərərsizləşdirməyənə qədər ümumi razılıqlar əldə olunmayacaq. Bununla belə,
Brüssel görüşləri Cənubi Qafqazın rus təsirindən çıxarılması istiqamətində atılan ilk addımlardır və zaman keçdikcə, əsl hədəfə varmaq mümkün olacaq. Siam.az
Tarix: 23-05-2022, 08:26