"Gömrük Komitəsi adlı ayrıca quruma ehtiyac yoxdur" - Hüquqşünas


“Ölkəmizdə Dövlət Gömrük Komitəsinin fəaliyyəti, sahibkarlara qarşı qanunsuz tələblər və ödəmələrin etdirilməsi uzun illərdir müzakirə mövzularından biridir. Xüsusilə gömrüklərdə yerli sahibkarlara qarşı yaradılan süni problemlər, bunların fonunda böyük bir monopoliya şəbəkəsinin varlığı, qanunsuz fəaliyyət göstərən şirkətlərə daha böyük imkanların yaradılması və sair hallar artıq pik nöqtəyə çatmaqdadır. Yəni, Gömrük Komitəsinin “monopoliya əfsanəsi” illərdir ki, davam etməkdədir”.
 
Siam.az xəbər verir ki, bu fikirləri hüquqşünas Ələsgər Məmmədli deyib.
 
Hüquqşünas qeyd edib ki, bu “monopoliya əfsanəsi”nin illərlə davam etməsinin səbəbi bilavasitə tək Dövlət Gömrük Komitəsi ilə bağlı deyil:
 
“Ümumiyyətlə, son illər gömrükdə baş verən qanunsuzluqlar davam etməkdir. Əgər bu istiqamətdə heç nə dəyişməyibsə, bu, o deməkdir ki, gömrük siyasəti sistemində səhvlər var. Yəni, gömrükdə qanunsuzluğun aradan qaldırılması üçün ciddi islahatlar aparılmalıdır. Məsələn, Gömrük Komitəsi adlı ayrıca bir quruma ehtiyac yoxdur. Necə ki, Vergilər Nazirliyi İqtisadiyyat Nazirliyinə verildi, eləcə də Gömrük Komitəsi bu nazirliyə verilə bilər. Yəni, böyük strukturlar qurmağa ehtiyac yoxdur”.
 
Ələsgər Məmmədli vurğulayıb ki, bu gün gömrükdən keçirilən malların üzərinə həddindən artıq əlavə vəsait gəlinir:
 
“Azərbaycanda istehsal olunmayan, ancaq gömrükdə həmin məhsulların, xüsusilə də avtomobillər üzərinə 80 faiz, hətta deyərdim ki, avtomobilin öz qiyməti qədər əlavə vəsait alırlar. Qeyd edim ki, normal ölkələrdə o zaman yüksək gömrük faizləri olur ki, bu da daxili istehsalı qorumaq məqsədilə edilir. Amma, bizdə heç daxili istehsal da yoxdur. Nə komputer texnologiyası, nə mobil telefon texnologiyası, nə avtomobil texnologiyası sahəsində. Amma bunların hamısına vətəndaşlardan ikiqat, bəzən rəsmisində də əlavə nə qədər qeyri-rəsmi qanunsuz vəsaitlər alınır. Bu məsələlərdə Dövlət Gömrük Komitəsi tərəfindən həm vətəndaşlar, həm də iş adamları çox incidilir. Hökumətin bu məsələdə gözləntiləri hələ də təəssüf ki, özünü doğrultmayıb. Dövlət Gömrük Komitəsi uzun illərdir ki, qeyri-leqal yığım üçün bir vasitədir. O qeyri-leqal yığımlar da bəzi məmurların ciblərinə gedir. Bununla bağlı çox sayda sistemli informasiyalar mediada dolaşır və bunların kökü hələlik ciddi araşdırılmayıb. Buna görə də, istənilən halda bəzi məmurlar özlərini ağa kimi aparırlar. Çünki istənilən halda məmurlar hesab edirlər ki, onların toxunulmazlığı var, nə istəsələr edə bilərlər. Düşünürlər ki, yenə də qorunacaqlar. Buna görə də, onlar bu cür qanunsuzluqlara gedirlər. Əgər bilsələr ki, onlar ən xırda məqamda belə dərhal cəzalandırılacaqlar, sistemdən uzaqlaşdırılacaqlar, inzibati və digər hüquqi məsuliyyətə cəlb olunacaqlar, o zaman onlar çox yumşaq formada vətəndaşların hüquq və azadlıqlarına hörmət edəcək fəaliyyəti icra edərlər. Biz Azərbaycanda paralel olaraq digər məmurları da fərqli yerlərdə görürük. Məsələn, biz “ASAN xidmət”də və yaxud digər yerlərdə bir gənc məmurla qarşı-qarşıya oturanda onlar maksimum bizə faydalı olmağa çalışır. Heç bir formada səsini ucaltmadan, özünü yüksəkdə görmədən vətəndaşların işlərini icra edirlər, eyni şeyi gömrükdə də etmək lazımdır. Əks halda, bəzi qurumların məmurları hesab edəcəklər ki, onlar müstəsna tərəfdirlər”.
Demokrat.az
Tarix: 23-05-2022, 17:09
Xəbəri paylaş





Xəbər lenti