Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü keçirilib. Bu, Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə ötən ilin dekabrın 14-dən bəri artıq üçüncü görüşdür.
Ş.Mişel görüşün yekunları ilə bağlı mətbuata açıqlamasında deyib ki, müzakirə səmimi və məhsuldar keçib: "Biz məsələlərin bütün spektrini nəzərdən keçirdik. Humanitar məsələləri, o cümlədən minalardan təmizləmə və itkin düşənlərin taleyinin həllini ətraflı müzakirə etdik”.
Onun sözlərinə görə, sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası yaxın günlərdə dövlətlərarası sərhəddə baş tutacaq: "Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq".Aİ Şurasının Prezidenti bildirib ki, liderlər Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəliblər: "Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər".
“Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri sülh müqaviləsinə dair müzakirələri davam etdirəcəklər. Bunun davamı olaraq, mən hər iki liderə müraciətlə vurğuladım ki, zənnimcə, Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir. Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək. İyul-avqust aylarına qədər eyni formatda bir də görüşəcəyik", - deyə Mişel vurğulayıb.
Qeyd edək ki, üçtərəfli görüşdən əvvəl Aİ Şurasının Prezidenti Azərbaycan və Ermənistan liderləri ilə ayrıca təkbətək danışıqlar da aparıb.
Brüsseldə keçirilən üçtərəfli görüşlə bağlı AYNA-nın suallarını cavablandıran Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov xatırladıb ki, bu, liderlər arasında birinci görüş deyil:
- Bundan əvvəl də Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında görüşlər keçirilib. Hazırda Azərbaycan-Ermənistan danışıqları üçün iki platforma var - Moskva və Brüssel. Müharibəni bitirən Üçtərəfli Birgə Bəyanatdan sonra Rusiyada görüşlər keçirilib, müəyyən razılaşmalar əldə olunub. Brüsseldə isə bu, üçüncü görüşdür. Brüssel görüşlərində də əsaslı razılaşmalar əldə edilib. Hesab edirəm ki, sonuncu görüşdə əvvəlki görüşün nəticələri təsdiqləndi.
- Əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də Paşinyan irəliləyişlə bağlı vəd verdi...
- Məsələ burasındadır ki, bütün görüşlərdə Paşinyan bildirir ki, razıdır, şərtləri qəbul edir. Mövqe də ortaya qoyur, təkliflərə "hə" deyir. Amma sözdən işə keçmək lazımdır. Məsələn, kommunikasiyaların açılması ilə bağlı konkret qərarlar verilməlidir ki, yol, dəhliz hansı nöqtədən keçəcək və s. Azərbaycan öz tərəfindən yolu inşa edir, amma bilməliyik ki, bu, hara birləşəcək. Bütün bu işlər "ölü nöqtədə" qalıb. Sərhədlərin müəyyənləşdirilməsinə başlanılmayıb. Bunlar razılaşdırılan məsələlərdir ki, real addımlar atılmayıb. Hesab edirəm ki, Brüsseldə 5 saatdan artıq davam edən sonuncu görüşdə razılaşmaların icrası ilə bağlı Azərbaycanın qəti tələbi olub. Bundan sonra İrəvan hansı addımları atacaq, müşahidə etmək lazımdır.
- Rəsmi İrəvanın razılaşmalardan yayınmasında səbəb nədir?
- Hazırda Paşinyan Moskva ilə Brüssel arasında vurnuxur. Məlumdur ki, Moskva ordu deməkdir, sülhməramlı deməkdir və s. Bir növ, Ermənistanın Rusiyadan asılılığı mövcuddur. Digər yandan, Brüssel 2 milyard 600 milyon avroluq maliyyə dəstəyi vəd edib. Bu, kifayət qədər ciddi məbləğdir. İndi Nikol bilmir ki, hara söykənsin - Moskvaya, yoxsa Brüsselə. Fikir verin, Fransaya getdi, Niderlanda getdi, apreldə Brüsseldə üçtərəfli görüş oldu. Oradan qayıtdıqdan sonra Moskvaya səfər etdi. Söz verdi ki, sərhədlə bağlı Rusiya nümayəndəsinin iştirakı ilə görüş keçiriləcək. Amma sonra bundan boyun qaçırdı. Bu adam bilmir ki, nə etsin. Hesab edirəm ki, Paşinyan bir qədər gözləmə mövqeyində dayanmaq istəyir ki, görsün Ukrayna müharibəsi ilə bağlı Rusiyanın vəziyyəti necə olacaq. Bu da qərar versin ki, hansı platformada real irəliləyişə getsin. Amma tez-tez mövqe dəyişmək İrəvan üçün əlavə problemlər yarada bilər.
- Söhbət hansı problemlərdən gedir?
- Azərbaycan hər şey edir ki, sülh prosesi irəliyə getsin. Amma nəzərə almaq lazımdır ki, sülhə daha çox ehtiyacı olan Ermənistandır. Nəqliyyat-kommunikasiyalar açılmayacaqsa, Azərbaycan Naxçıvanla əlaqə problemini İran vasitəsilə həll edəcək. Sərhədin delimitasiya və demarkasiyasından boyun qaçıracaqlarsa, Azərbaycan birtərəfli qaydada sərhədi müəyyənləşdirəcək. Qazağın işğalda olan 7 kəndini də azad edib, orada öz nəzarətimizi təmin edəcəyik. Bu zaman dünyaya səs salacaqlar, zarıyacaqlar. Amma Bakı həm Moskvada, həm Brüsseldə dəfələrlə konkret addım atılmasını istədiyini bəyan edəcək. Dünya görəcək ki, biz yox, sülhdən onlar boyun qaçırır. Azərbaycan sülhlə bağlı Ermənistana əl uzadır. Ermənistan bunu dəyərləndirmədiyi halda bütün məsuliyyət, imtinanın ağır nəticələri onların üzərinə düşəcək.