Prezident İlham Əliyevin Brüssel səfəri və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü Moldova KİV-də rumın və rus dillərində yayımlanıb.
Belə ki, nüfuzlu “Publika” və “Primeleştiri” xəbər portallarında yayımlanmış məqalədə Azərbaycan və Ermənistanın sülh müqaviləsinə doğru irəliləmək barədə razılığa gəldiyi qeyd edilib. Məqalədə Azərbaycan və Ermənistanın sülh müqaviləsi üzrə danışıqları irəli aparmaq istəyi, bu barədə Brüsseldə iki dövlətin liderləri ilə keçirilmiş görüşdən sonra Aİ Şurasının prezidenti Şarl Mişelin məlumat verdiyi, məlumatda Aİ-nin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında məhsuldar müzakirə aparıldığı, yaxın günlərdə sərhəd komissiyalarının iclasının keçiriləcəyi və sərhəd məsələlərinin müzakirə olunacağı işıqlandırılıb. Eyni zamanda, məqalədə vurğulanıb ki, Ermənistanda müxalifət tərəfindən baş nazirin istefası tələbi ilə etiraz aksiyaları təşkil edilib və bu, 2021-ci ilin sentyabrında keçirilmiş seçkilərdən sonra hökumət əleyhinə keçirilən ən böyük nümayişlərdir.
Moldovanın digər tanınmış “Noi” xəbər portalında Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel formatı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçüncü raund danışıqların zamanı mühüm irəliləyişin qeydə alındığı yayımlanıb. Məqalədə vurğulanıb ki, Brüssel görüşündən sonra altı mühüm nəticə əldə olunub. Bundan əlavə, məqalədə görüşün əsas nailiyyətlərinin sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın ilk birgə iclasının keçirilməsinə dair razılığın əldə olunması, nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasının zəruriliyinin razılaşdırılması, beynəlxalq daşımalar, sərhəd idarə edilməsi prinsipləri, gömrük rüsumları və s. məsələlərin razılaşdırılması, iki ölkənin xarici işlər nazirliklərinin rəhbərlərinin görüşünün planlaşdırılması, Aİ-nin İqtisadi məşvərət qrupu vasitəsilə prosesə qoşulmağı öhdəsinə götürməsi və hər iki ölkə liderləri arasında işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və Qarabağ müharibələri zamanı itkin düşənlərin araşdırılması məsələlərində qarşılıqlı anlaşma əldə edilməsi olduğu bildirilib.
Daha ətraflı məlumat üçün linklər təqdim olunur:
https://www.publika.md/armenia-si-azerbaidjan-au-convenit-sa-avanseze-spre-un-tratat-de-pace-privind-nagorno-karabah_3125369.html
https://ru.primelestiri.md/ru/armeniya-i-azerbajdzhan-hotyat-prodolzhit-peregovory-po-mirnomu-dogovoru-o-nagornom-karabahe---123190.html
https://noi.md/ru/raznoe/armeniya-i-azerbajdzhan-vplotnuyu-podoshli-k-okonchatelinomu-miruSiam.az
Tarix: 24-05-2022, 22:21