Brüssel anlaşması erməniləri yasa batırdı - “bu, sondur!..”


Rusiyaya bağlı radikal-revanşist ünsürlər axırıncı “patronları”nı atır; Ermənistan yol ayrıcında...

Azərbaycan Ermənistanı bölgədə normal, qonşularına qarşı adekvat və anlaqlı ölkə kimi aparmağa məcbur eləmək üçün diplomatik həmlələri davam etdirir. Brüsseldə Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 22 mayda reallaşan “üçlü” görüşün qayəsində ən əvvəl bu hədəf dayanırdı.
Yəni ya kapitulyant ölkə, nəhayət, öz əsas qonşuları ilə beynəlxalq hüquqa əsaslanan dinc-yanaşı yaşamaq və inkişaf eləmək yolu seçəcək, əməkdaşlıq və tərəfdaşlıq kursu götürəcək, ya da xarici güclərin əlində oyuncaq olmağa davam edib enində-sonunda dünyanın siyasi xəritəsindən silinəcək.
Özü də seçim üçün vaxt elə də çox qalmayıb. Məhz yaxın həftələrdə, hətta günlərdə aydın olacaq ki, rəsmi İrəvan, ümumən erməni cəmiyyəti səmimi şəkildə sülh istəyir, yoxsa üzdəniraq “miatsum” ideyasının, avantürist-revanşistlərin, erməni xalqına yeni və daha böyük fəlakət vəd edən “müharibə partiyası”nın əsiri olaraq qalır...
*****
Brüssel görüşü öncəsi İrəvana ağrılı qulaqburması - Bakının səbir kasası  dolur » Azia.az
“Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşdə Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı razılıq əldə olunub”.
Bu barədə İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında deyib. Bu, Azərbaycan liderinin 5 saatlıq Brüssel görüşü ilə bağlı ilk açıqlaması sayılır.
Əlbəttə ki, qonşular arasında iqtisadi-ticari əlaqələr olmadan, yollar açılmadan, gediş-gəliş bərpa edilmədən normal siyasi-diplomatik münasibətlər qurula bilməz. Əfsus ki, bu yöndə ən böyük əngəl daşnaklar, Qarabağ klanı başda olmaqla, Ermənistandakı radikal qüvvələrdir. Həşirlərindən görünür ki, onlar Azərbaycanla Ermənistan, Türkiyə ilə Ermənistan arasında barışığın baş tutması üçün əllərindən gələni edəcəklər. Çünki bu destruktiv, Türkə patoloji nifrətlə nəfəs alan avantürist düşərgənin tək varlıq qarantı məhz Türk düşmənçiliyidir, faşizmdir. Bu nifrət yoxsa, onlar da kimsəyə gərək olmayacaq.
Doğrudur, qonşu ölkədə onların elektoratı azlıq təşkil edir. Son seçkilər (iyun, 2021) də bunu təsdiqlədi. Mötəbər rəy sorğuları isə göstərir ki, erkən seçkilər indi olarsa, onlar növbəti dəfə məğlub olacaqlar. Ancaq unutmaq olmaz ki, radikal düşərgə ciddi maliyyə resurslarına və terror təcrübəsinə malikdir, xaricdəki zəngin erməni lobbisinə sıx bağlıdır. Eyni zamanda bir sıra erməni KİV-ləri onun tərəfindən maliyyələşir. Üstəgəl də bu qüvvələr bölgədə daimi və ədalətli sülhdə maraqlı olmayan Rusiyaya bağlıdırlar.       
2-ci Brüssel görüşü: ANLAŞMA OLDUMU? - İNCƏLƏMƏ... » Dogruxeber.az        
Təsadüfi deyil ki, Ermənistandakı radikal kəsim budəfəki Brüssel anlaşmasının da kağız üzərində qalması üçün hərəkətə keçib. Erməni toplumunun ən “həssas yerinə” basaraq, onu “satqın Paşinyan”a qarşı birləşməyə çağırır. Halbuki gerçəkdə N.Paşinyan öz xalqını yeganə doğru yola çıxarmağa çalışır.
Bu xüsusda dünəndən İrəvanda radikal-revanşistlərin XİN binasını blokadaya alması və ardınca ora soxulması, müxalifət liderlərindən olan daşnak İşxan Saqatelyanın Brüssel anlaşmalarını hüquqi əsası olmayan sənəd, Nikol Paşinyanı qeyri-legitim rəhbər elan eləməsi özlüyündə az şey demir. Belə görünür ki, Rusiyaya bağlı müxalifət axırıncı “patronları”nı atmağa başlayıb.
*****
“Brüsseldə ”5 fəlakətli saat" keçirildi, nəticəsi isə Ermənistanın daha bir məğlubiyyəti oldu".
Bu fikri Ermənistan parlamentinin keçmiş deputatı Naira Karapetyan söyləyib.
“Görüşdən sonra yayılan bəyanatda ”Dağlıq Qarabağ"ın adı yoxdur. Azərbaycanın iddia etdiyi kimi, belə bir inzibati ərazi mövcud deyil", - o bildirib.
Onun sözlərinə görə, Rusiya bəyanatın mətnindən tamamilə çıxarılıb: “Əgər əvvəlki iki bəyanatda Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş bəyanatlara və razılaşmalara diqqət yetirilirdisə, indi bu haqda danışılmır. Artıq Minsk Qrupunun həmsədrliyindən də söz açılmır. Yekun bəyanatda Qarabağın statusu məsələsi, ümumiyyətlə, qaldırılmır, öz müqəddəratını təyinetmə hüququndan bəhs edilmir, əvəzində ”Qarabağdakı etnik erməni əhalisinin hüquq və təhlükəsizliyindən" bəhs edilir. Bu sondur. Deyəsən, hər şey artıq bitib. Və bu, təhdidlərin yalnız görünən hissəsidir. Əgər indi də heç bir nəticə çıxarılmırsa, deməli, biz “müstəqil” Qarabağa və ya müstəqil Ermənistana layiq deyilik", - Karapetyan təlaş içində qeyd edib.
Erməni “türkoloq” Varujan Qalstyan isə hesab edir ki, Ermənistanın Tavuş və Ararat vilayətlərindəki Azərbaycan anklavları Bakının nəzarətinə keçəcək. Onun sözlərinə görə, Ermənistan “artsax”ın “statusu” uğrunda mübarizə aparmaqdan birdəfəlik imtina etdiyini təsdiqləyib: “Görüşdən sonra yayımlanan bəyanatda status haqqında heç bir söz yoxdur, yalnız ”Qarabağ regionunda etnik erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi" bildirilir. Ermənistanın “artsax” daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı sülh müqaviləsi hazırlanır. Bu səbəbdən yalnız həmin müqavilə kontekstində Qarabağdakı ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi" məsələsi vurğulanır".
O, həmçinin tərəflərin “Qərbi Azərbaycan və Naxçıvan arasında və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycandan keçməklə tranzit, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımalara dair prinsiplər” barədə razılığın əldə edilməsinin mahiyyətini açıqlayaraq deyib: “Bu qeyri-müəyyən ifadə faktiki olaraq Ermənistanın Tavuş və Ararat vilayətlərindəki anklavları (Qazax rayonuna aid 7 kənd və Sədərək rayonunun Kərki kəndi - red.) Bakıya təhvil verəcəyi anlamına gəlir. Yəni ərazi Azərbaycana təhvil veriləcək və ondan sonra biz oradan xüsusi icazə ilə keçə biləcəyik. Burada Gorus-Qafan yolunu xatırlamaq yerinə düşər”.
*****
Bu arada məlum olub ki, izolyasiya rejimində inildəyən və daxili didişmələrlə get-gedə daha da taqətdən düşən Ermənistanın dövlət borcu son 4 il də daha 2,58 milyard dollar və ya 37,6% artıb. Apreldə bu rəqəm 91,3 milyon dollar artaraq 9,45 milyard dollar təşkil edib. Elə təkcə bu ilin 4 ayında dövlət borcu 222 milyon dollar böyüyüb. Adambaşına düşən dövlət borcu indi təqribən 3200 dollar təşkil edir.
Aydındır ki, ölkədə sabitlik olmayınca, iqtisadi blokada aradan qalxmayınca nəinki xarici borc artmağa davam edəcək və Ermənistan əhalisi daha sürətlə yoxsullaşacaq, həmçinin ölkədən kütləvi köç güclənəcək. Azərbaycan və Türkiyə ilə əbədi düşmənçiliyi təbliğ edən radikalların ermənilərə vəd elədikləri “gözəl gələcək” də elə budur... 
Analitik xidmət,
“Yeni Müsavat”
Tarix: 25-05-2022, 09:55
Xəbəri paylaş





Xəbər lenti