“Hesab edirəm ki, həm idaərçilik üsul-idarəsinin dəyişdirilməsi, həm torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı yaranan suallara cavab verilməsi üçün mütləq referendum keçirilməlidir. Bundan başqa, təkcə ölkə daxilində idarəçiliklə bağlı deyil, eləcə də seçki islahatının aparılması da artıq gündəmdədir. Bilirik ki, əvvəllər Azərbaycanda proporsional-majoritar seçki sistemləri mövcud olub, sonradan müəyyən səbəblərdən bu dayandırılıb. Amma indi zamanı çatıb ki, həm majoritar, həm də proporisonal seçki sisteminə keçilsin”. Siam.az Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, keçmiş millət vəkili Çingiz Qənizadənin Teleqraf.com-a müsahibəsini təqdim edir:
- Azərbaycan Konstitusiyasına dəyişikliyin edilməsi, yaxud referendumun keçirilməsi məsələsi mətbuatda müzakirə edilir. Sizcə, buna ehtiyac varmı, varsa, Konstitusiyada hansı dəyişikliklər olunmalıdır?
- Həqiqətən də Konstitusiyaya dəyişikliyin edilməsi ilə bağlı referendumun keçirilməsi gündəmin mövzusuna çevrilib. Əslində müxtəlif mənbələrdən sızan məlumatlar bu müzakirələrin aparılmasına rəvac verən amillərdən biridir. Mənim mövqeyimə gəldikdə, hesab edirəm ki, artıq bunun zamanı yetişib. Konstitusiyaya dəyişikliklə bağlı referendumun keçirilməsinə böyük ehtiyac var. Əvvəla, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra yeni idarəçilik formalarının təzahürlərini görürük. Bu kontekstdə prezidentin yerlərdə və regionlar üzrə səlahiyyətli nümayəndəlik institutunun tətbiq edilməsini müşahidə edirik. Eyni zamanda, 30 ildən çox işğalda olmuş və azad edilmiş ərazilərdə bələdiyyə seçkiləri keçirilməyib, orada yaşayan azsaylı xalq kimi ermənilərin də parlamentdə nümayəndəsi təmsil olunmayıb.
Bütün bunları nəzərə aldıqda, hesab edirəm ki, həm idarəçilik üsul-idarəsinin dəyişdirilməsi, həm torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı yaranan suallara cavab verilməsi üçün mütləq referendum keçirilməlidir. Bundan başqa, təkcə ölkə daxilində idaərçiliklə bağlı deyil, eləcə də seçki islahatının aparılması da artıq gündəmdədir. Bilirik ki, əvvəllər Azərbaycanda proporsional-majoritar seçki sistemləri mövcud olub, sonradan müəyyən səbəblərdən bu dayandırılıb. Amma indi zamanı çatıb ki, həm majoritar, həm də proporsional seçki sisteminə keçilsin. Qərbin və ya Avropa İttifaqının istəklərindən biri də budur. Çünki bu, artıq uzun illərdir qonşu ölkələrdə tətbiq olunur. Hətta Gürcüstan və Ermənistanda da bunun tətbiqini görürük. Cənubi Qafqazda yeganə ölkə Azərbaycandır ki, hələlik bunun tətbiqi ilə bağlı qanunda dəyişiklik edilməyib.
- Azərbaycan əhalisinin sayının artması, ərazilərimizin işğaldan azad edilməsindən sonra parlamentdə deputatların sayının artırılmasının vacibliyini bildirənlər də var. Siz bu haqda nə düşünürsünüz?
- Seçki islahatlarından danışırıqsa, buna zəmin yaradan amillərdən biri də Azərbaycan əhalisinin sayının artmasıyla bağlıdır. Bizdə olan məlumata görə, artıq seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı iş yekunlaşır. Mayın sonuna doğru Mərkəzi Seçki Komissiyası bununla bağlı dəqiq sənədləri əldə etməlidir. Məlumata görə, sənədlər həm polis orqanlarından, həm statistika qurumlarından, həm də yerli icra orqanlarından toplanılır və yaşı 18-dən yuxarı olan şəxslərin, yəni seçicilərin siyahısı Mərkəzi Seçki Komissiyasında olan siyahılarla tərs mütənasibdir. Rəsmi elan olunmuş statistikaya görə, bu gün Azərbaycan əhalisinin sayı 10 milyon 200 min nəfərin üzərindədir, amma biz hələ də seçki praktikasını 1995-ci ildə olan vəziyyətə uyğun tətbiq edirik.
Konstitusiyanın 82-ci maddəsində göstərildiyi kimi, 125 deputatla təmsil olunuruq. Əhalinin artımı artıq tələb edir ki, deputatların sayı artırılsın. Digər yandan, majoritar-proporsional seçki sisteminə keçid olacaqsa, bu da tələb edəcək ki, hər sistem üçün müəyyən kvotalar müəyyən olunsun. Hazırda millət vəkilləri rəsmən 40-42 min seçicinin deputatları kimi səs qazanırlarsa, əslində isə bəzi rayonlarda seçicilərin sayı 50 minə yaxınlaşır. Millət vəkillərinin bu qədər sayda olan seçicilərlə işləməsi qeyri-mümkündür. Buna görə də, hesab edirəm ki, seçicilərin sayının artmasına uyğun olaraq, dairələrin də sayı artırılmalıdır. Millət vəkilinin seçmək hüququ olan 40 min yox, daha az tərkibdə dairələr formalaşdırılmalı və millət vəkillərinin seçkisinə start verilməlidir. Yəni millət vəkilləri 40-42 min, bəzi yerlərdə isə 50 min və daha çox seçici ilə işləmək yükündən azad olunmalı, bunun yarısı qədər, təxminən 20-22 min, ən çoxu isə 30 min seçici ilə işləməsi təmin olunmalıdır ki, gördükləri işlərin effekti olsun.
Ətraflı Proporsional-majoritar sistemə keçid tələb edəcək ki, 10 milyondan çox olan Azərbaycan vətəndaşları artıq 125 millət vəkili ilə deyil, daha çoxu ilə parlamentdə təmsil olunsun. Bu artım 50 nəfər də, 75 nəfər də ola bilər. Yəqin ki, bunu dövlətin özü hesablayacaq. Mən özüm hesab edirəm ki, parlamentin nüfuzunun qaldırılması və millət vəkillərinin iş fəaliyyətinin səmərəli olması üçün bu artıma gedilməli və onların seçicilərinin sayı azaldılmalıdır.
Dediyim kimi, proporsional sistemə keçidin vaxtı nəinki çatıb, hətta biz gecikmişik. Bu da demokratik dəyərlərdən biridir. Müəyyən kvota üzrə səs qazana bilən partiyaların parlamentdə təmsil olunması üçün mütləq proporsional seçki sisteminə keçilməlidir. Biz digər məsələlər baxımından Cənubi Qafqazda müsbət nümunəyik, amma bu baxımdan ən aşağı sıradayıq. Buna görə də, bu sahədə də liderliyi ələ almaq üçün ölkədə proporsional seçki sistemi tətbiq edilməlidir.
- Azərbaycan və Ermənistan liderlərinin Brüsseldəki son görüşündən sonra Qarabağda yaşayan ermənilərin hüquqlarının təmin edilməsi məsələsi də gündəmdədir. Azərbaycan onlara statusun verilməyəcəyini açıqlayıb, amma qanunlarımız çərçivəsində yerli özünü idarəetmə hüququnun təmin edilməsinin mümkünlüyünə diqqət çəkənlər var. Bu baxımdan, Konstitusiyaya hansı dəyişiklik edilə bilər və ya edilməlidir? Məsələn, yerli özünü-idarəetmə orqanlarının və ya bələdiyyələrin imkanları artırıla bilərmi?
- Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə biz bir daha mövqeyimizin Brüssel tərəfindən qəbul edilməsinin şahidi olduq. Təsadüfi deyil ki, Şarl Mişel görüşdən sonra mətbuata açıqlamasında ilk dəfə “Dağlıq Qarabağ” ifadəsinə yer vermədi, hansısa statusdan söhbət açmadı. O, yalnız Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyinin təminatı ilə bağlı məsələni gündəmə gətirdi. Bu hüquqlar nə ola bilər? Bu, ilk növbədə, Azərbaycan vətəndaşlarının dövlətdən bəhrələndiyi bütün imtiyazlardan istifadə etmək hüququ ola bilər, amma bir şərtlə ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Eyni zamanda, onların seçilərdə iştirakının təmin olunmasından söhbət gedə bilər. Yəni onlar özlərinin bələdiyyələrini seçə bilərlər. “Özlərinin” dedikdə, seçkilərdə iştirak edib öz namizədlərini seçə bilərlər.
Hesab edirəm ki, bələdiyyələrin statusunun artırılması məsələsi gündəmdə olacaqsa, onlar bundan da bəhrələnə bilərlər. Təbii ki, bunlardan başqa hansısa digər statuslardan söhbət gedə bilməz. Ümid edirəm ki, etnik ermənilər məskunlaşdıqları ərazilərdə seçkilərə aktiv qatılaraq, bu prosesdə aktiv iştirak etməklə yerlərdəki bələdiyyələrdə təmsil oluna bilərlər.