“AZƏRBAYCANIN İRƏLİ SÜRDÜYÜ 5 TƏKLİF QƏBULEDİLƏNDİR” – Paşinyan Brüssel görüşünün detallarını açıqladı



"Azərbaycanın Ermənistan ərazisində de-yure anklavı yoxdur. Amma Ermənistanın Azərbaycan ərazisindəki Başkənd anklavının hüquqi əsasları var".

"AzPolitika.info" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 25-də parlamentdə “Hökumət saatı”nda deyib.

Paşinyan mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyevlə Brüssel görüşündə anklavlar məsələsinin müzakirə olunmadığını qeyd edib. Bu məsələ sərhədlərin delimitasiyası və demarkasiyası zamanı qaldırılacaq.

Baş nazir görüşlə bağlı bəyanatında Bakının sülh sazişi üçün təqdim etdiyi beş prinsip və Ermənistanın buna cavab olaraq açıqladığı altı təkliflə bağlı heç nə deməyib. Amma Paşinyan deyib ki, görüşdə Ermənistanla Azərbaycanın mövqeləri arasında, mahiyyətcə bəlli fikir ayrılıqları qeydə alınıb.

“Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub. Ermənistan isə hesab edir ki, münaqişə həll edilməyib”, – o vurğulayıb.

Azərbaycanın sülh sazişi üçün irəli sürdüyü 5 elementdən biri ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanınmasını nəzərdə tutur. Paşinyan bu elementlərin İrəvan üçün qəbuledilən olduğunu deyib. Ermənistan isə sülh danışıqlarına başlaması ilə bağlı təkliflərinə Qarabağ ermənilərinin təhlükəsizliyini, hüquq və azadlıqlarını, Qarabağın yekun statusunun müəyyən edilməsini də daxil edib.

Bəs, tərəflər razılığa gəlməsələr, danışıqlar necə davam edəcək?

Paşinyan bu məsələyə toxunmayıb. Amma dediyinə görə, Qarabağ münaqişəsini Ermənistan-Azərbaycan münasibətlərindən, yaxud sülh sazişindən ayırmağı müzakirəyə çıxarıb. Onun sözlərinə görə, hazırda beynəlxalq ictimaiyyət bu məsələni müzakirə edir.
Baş nazir özü hansı variantı dəstəklədiyini deməsə də, müxalifətin bu gündəmi gücləndirdiyini qeyd edib.

“Biz, həmçinin Qarabağla bu ayrıcda ən yaxşı hansı taktiki yanaşmadan istifadəni müzakirə edirik. Bu məsələ mövcuddur və görürəm ki, müxalifət də bu məsələdən danışır”, – Paşinyan deyib.

Baş nazir Brüsseldə erməni əsirlərin qaytarılması məsələsinin də müzakirə olunduğunu deyib. O, Azərbaycanda 39 erməni əsirin olduğunun təsdiqləndiyini vurğulayıb: “Azərbaycan daima əsirlərin, girovların və digər saxlanan şəxslərin qaytarılmasını əlavə şərtlərə bağlamağa çalışır. Belə bir mövqe ilə razı deyilik. Bizim mövqeyimiz bundan ibarətdir ki, 2020-ci il 9 noyabr üçtərəfli bəyanatına uyğun olaraq saxlanan bütün şəxslər – hərbi əsirlər, girovlar qaytarılmalıdır”.

Paşinyan ötən “Hökumət saatı”nda bir ifşaedici açıqlama vəd etsə də, müxalifət iclası tərk etdiyindən onu səsləndirməmişdi. O, 2000-ci illərdə ATƏT-in Madrid prinsiplərini qəbul etməklə ölkəyə dəyən ziyanla bağlı açıqlama verib: “Madrid prinsiplərini qəbul etməklə, bu gün şəhərdə tıxaclar yaradan üç qüvvəni təmsil edən Ermənistan hökuməti Azərbaycana Qarabağın statusu məsələsində veto hüququ verdi. Mən həmsədrlərdən soruşdum ki, təzəyəm, mənə deyin, Dağlıq Qarabağ bu prinsiplər çərçivəsində Azərbaycanın tərkib hissəsi olmaya bilərmi? Qısa pauza edərək dedilər ki, hə, ola bilər, əgər Azərbaycan buna razılıq verərsə. Bu isə bizim Madrid prinsiplərilə bağlı yozumumuzu sübut elədi. Yəni, Azərbaycan Qarabağın statusunun dəqiqləşdirilməsinə veto qoyub”.

Müxalifət dünənki iclasa qatılmayıb. Ermənistanda müxalifət Paşinyanı Dağlıq Qarabağ məsələsində Azərbaycana güzəştə hazır olmaqda suçlayır, ölkədə itaətsizlik aksiyaları keçirir.





Tarix: 26-05-2022, 14:55
Xəbəri paylaş





Xəbər lenti