İsrail bayrağı
ABŞ-da fəaliyyət göstərən siyasi xəbər saytı Axios tərəfindən dərc edilən hesabatda İsrailin Ukraynaya silah satışını əngəllədiyi bildirilib.
Bizimyol.info xəbər verir ki, müvafiq olaraq, İsrailin Almaniyanın Ukraynaya “Spike” tank əleyhinə raketlər satmasına icazə verməyəcəyi bildirilir.
Məlumata görə, raket Almaniyada İsrail lisenziyası əsasında istehsal olunur və Təl-Əviv raketlərin ixracına icazə verməlidir. Lakin bu ayın əvvəlində Pentaqon Vaşinqtona səfər edən İsrail müdafiə nazirliyinin yüksək rütbəli rəsmisindən icazə istəyib və rədd edilib.
Yüksək rütbəli İsrail rəsmisi Axios-a bildirib ki, İsrail Rusiya əsgərlərinin İsrail istehsalı olan silahlarla öldürülə biləcəyindən narahatdır ki, bu da Moskvanın Suriyadakı Təl-Əviv təhlükəsizlik maraqlarına zərər verə bilər.
Xatırladaq ki, məsələ ilk dəfə iki həftə əvvəl İsrail Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Əmir Eşel ABŞ-a səfəri zamanı gündəmə gəlib. ABŞ mətbuatına danışan rəsmilərin sözlərinə görə, Pentaqonun siyasət üzrə müşaviri Colin Kahl Almaniyadan Ukraynaya "Spikes" ixrac etmək üçün icazə istəyib. Eşel bundan imtina edərək Kala İsrailin Kiyevə yalnız qeyri-öldürücü hərbi texnika tədarük edəcəyini söyləyib.
Məlumata görə, İsrailin müdafiə naziri Benni Qantz ötən çərşənbə günü Vaşinqtona gələndə ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla danışıqlarda raketlər məsələsinin gündəmdə olmadığı bildirilib. Səfər günü İsrail Ukrayna mülki müdafiəsinə 2000 dəbilqə və 500 qoruyucu jilet göndərəcəyini açıqlayıb.
Pentaqon bu xəbəri şərh etməkdən imtina edib. Qeyd edək ki, İsrailin Rafael Advanced Defense Systems şirkəti tərəfindən hazırlanmış "Spike" ilk dəfə 1980-ci illərdə istifadə edilmişdir. Raket, tank əleyhinə və ya yüksək partlayıcı döyüş başlığı ilə silahlana bilər və operator tərəfindən buraxıla bilər. ABŞ və bəzi NATO müttəfiqləri hücum helikopterlərinə quraşdırılmış raketlərdən istifadə edirlər.
Onuda əlavə edək ki, ABŞ və müttəfiqləri son həftələr ərzində Ukraynaya minlərlə tank əleyhinə və zenit-raket kompleksi, həmçinin artilleriya, zirehli texnika, tank və hücum helikopterləri göndərdiklərini açıqlayıblar. Rusiya bu silahların əksəriyyətinin qanadlı raket hücumları nəticəsində məhv edildiyini iddia edib.
Çərşənbə günü Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Donbassda vəziyyətin "son dərəcə pis" olduğunu və ABŞ çoxlu raket buraxılış sistemləri (MLRS) göndərməsə, onun qüvvələrinin hücuma keçməsinin mümkün olmadığını söylədib.
Tarix: 26-05-2022, 15:00