Partiyalardan referendum ÇAĞIRIŞI – “Proporsional seçki sisteminin bərpasına ehtiyac var”
Son günlərdə ölkə gündəmində Konstitusiyaya dəyişikliklərin edilməsi məqsədilə referendumun keçiriləcəyi ilə bağlı iddialar səsləndirilməkdədir. Dəyişikliklərin, əsaəsn, seçkilər və parlamentin say tərkibi ilə bağlı olacağı qeyd olunur.
Əsas dəyişikliklər kimi, Milli Məclisdə deputatların sayının 50 nəfər artırılacağı, qarışıq seçki sisteminin bərpası məsələləri ön plana çıxarılır.
Bəs, sözügedən dəyişikliklərlə bağlı siyasi partiyalar hansı fikirdədir? Dia.az xəbər verir ki, mümkün referendumla bağlı Bizim.Media ilə fikirlərini bölüşən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qeyd edib ki, referendumun keçiriləcəyi ilə bağlı məlumatlı olmasa da, bir sıra islahatlara ehtiyac var:
“Mən də ölkədə proposional seçki sisteminin bərpası və qarışıq seçki sisteminə keçilməsi ilə bağlı təkliflərimi irəli sürmüşəm. Bunun üçün referendumun keçirilməsi vacibdir. Eyni zamanda parlamentdə boş qalan yerlərə də referendumdan asılı olmayaraq seçkilər keçirilməlidir. Ümumilikdə, ölkədə islahatlarla bağlı referendum zərurəti var. Proposional seçki sisteminin bərpası ilə bağlı isə onu deyə bilərəm ki, bu, həm ölkədə siyasi palitranı, həm də iştirakçılığı və məsuliyyətin bölünməsini səhmana salar”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin sözlərinə görə, sözügedən reformlar uzun müddətdir ki, bir sıra siyasi qüvvələr tərəfindən irəli sürülüb:
“Təbii ki, dəyişikliklər təkcə qeyd olunan məsələlərə bağlı deyil. Ümumilikdə, biz yeni bir şəraitdə, yeni konstitusiyanın qəbulunu mümkün hesab edirik. Konkret olaraq Milli Məclisdə deputatların sayının artırılması, eləcə də parlament və bələdiyyə seçkilərində proposional seçki sisteminin tətbiqinin məsədəuyğunluğu da əsaslandırılır. Eyni zamanda yeni konstitusiyanın qəbuluna zaman tələb olunursa, proposional seçki sistemini bərpa edib, indiki dövrdə siyasi və digər reformların qanunvericilik bazası platforması kimi qəbulu, bu əsasda yeni seçkilərin keçirilməsi, bunun üçün də seçki məcəlləsinin dəyişdirilməsinə ehtiyac var”.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə qeyd olunan dəyişikliklərlə bağlı hələ 2019-cu ildə təkliflər paketi təqdim ediblər:
“Parlamentin say tərkibinin artırılması, ölkədə proposional seçki sisteminin bərpası kimi məsələlər də daxil olmaqla təkliflərimiz olub. Hesab edirəm ki, bu təkliflər reallaşmalıdır. Təbii ki, sözügedən dəyişikliklər konstitusion dəyişikliklər tələb etdiyi üçün, referenduma ehtiyac olacaq. İndiki dövrdə bu, müzakirədən keçməli olan məsələdir. Hazırda prioritet məsələ Qarabağla bağlı problemlərin həll olunması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin imzalanmasıdır. Hesab edirəm ki, sülh müqaviləsi imzalandıqdan sonra yeni reallıqlar yaranacaq. Ola bilər ki, bu dövrdən sonra referunduma və ciddi islahatlara gedilməsi daha uyğun olar”.
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli də referendumun keçirilməsinin vacibliyi məsələsində digər partiya sədrləri ilə həmfikir olub:
“Ümumiyyətlə, seçki sisteminin dəyişidirilməsini zəruri hesab edirəm. Lakin Milli Məclisin say tərkibini o qədər də vacib saymıram. Vaxtaşırı bununla bağlı fikirlər səslənir və bu da başadüşüləndir. Çünki əhalinin sayı artsa da, əvvəlki təmsilçilik norması saxlanılır. Ona görə də təmsilçilik sayının əhali sayına uyğunlaşdırılması üçün deputatların da sayını artırmaq olar. Lakin daha vacib məsələ proposional seçki sisteminin bərpasıdır. Yarıbayarı olmaq şərtilə, proposional sistemin bərpası zəruridir. Bu, həm seçkilərin daha normal keçirilməsinə, həm də siyasi partiyaların rolunun artmasına səbəb olar”.