“Polşa vətəndaşlarına xüsusi status verilməsi Ukrayna üçün heç bir təhlükə daşımır...

“Polşa vətəndaşlarına xüsusi status verilməsi Ukrayna üçün heç bir təhlükə daşımır...”
“Onu da unutmaq olmaz ki, hazırda Rusiyanın təcavüzü nəticəsində Ukraynanın qaçqın düşmüş vətəndaşları digər Avropa ölkələrindən fərqli olaraq Polşada tamamilə başqa bir statusa malikdirlər...”
“Mən hesab etmirəm ki, Polşa vətəndaşlarına xüsusi status verilməsi məsələsi özündə Ukraynanın gələcəyi üçün hər hansı təhlükə daşıyır. Ona görə ki, əgər Ukrayna Avropaya inteqrasiya olunursa və həmin Avropa Birliyinə üzvlük üçün müraciət edibsə, belə bir praktika məhz həmin  Birlil ölkələri arasında mövcuddur”. 

Bu fikirləri  siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az əməkdaşının  “Doğrudanmı, bir sıra şərhçilərin vurğuladığı kimi, Polşa vətəndaşlarına xüsusi status verilməsi Ukraynanın gələcəyi üçün təhlükəlidir?” sualını cavablandırarkən ifadə edib.
 
“Məsələ ondadır ki, istənilən Avropa Birliyinin üzvü olan ölkə vətəndaşı digər üzv ölkənin ərazisində tamamilə sərbəstdir. Bəziləri, daimi yaşayanlar hətta seçki hüququna da malikdir. Məsələn, ən azı yerli seçkilərdə, bələdiyyə seçkilərində iştirak edə bilirlər. Bu baxımdan da mən burada bir təhlükəli məqam görmürəm. Əksinə, belə bir qərar  faktiki olaraq Ukraynanın Avropaya daha bir addım yaxınlaşması deməkdir. Təbii ki, bu cür inkişaf Rusiyada narahatlıq doğuracaq, ona görə də müxtəlif dəyərləndirmələr anlaşılandır. Amma bilmək lazımdır ki, məsələn, ABŞ ordusunda da, polisində də başqa ölkələrin vətəndaşları iştirak edə bilərlər. Yəni belə hallar müasir dövlət üçün heç bir təhlükə doğurmur”- açıqlamasının davamında bunları söyləyən siyasi analitik Ukrayna xalqının bəhs edilən məsələyə münasibəti haqda da danışıb.
 
“Qaldı Ukrayna əhalisinin bu cür məsələlərə münasibətinə, onu qeyd etmək gərəkdir ki, Ukrayna-Polşa əlaqələri tarixi dərinliyə malikdir. Və onu da unutmaq olmaz ki, hazırda Rusiyanın təcavüzü nəticəsində Ukraynanın qaçqın düşmüş vətəndaşları digər Avropa ölkələrindən fərqli olaraq Polşada tamamilə başqa bir statusa malikdirlər. Yəni bu, iki ölkə və xalqlar arasında uzun dövrlər ərzində formalaşmış qarşılıqlı münasibətlərdən və etimad doğuran əlaqələrdən irəli gəlir. Odur ki, mən bir daha təkrar edirəm ki, Polşa vətəndaşlarına xüsusi status verilməsi Ukraynanın Avropaya inteqrasiyası istiqamətində atılmış bir addımdır. Və bu, heç bir halda Ukraynanın milli təhlükəsizliyinə və ümumiyyətlə, təhlükəsizliyinə xələl gətirə bilməz. Əslində bu, normal bir haldır və çağdaş dünyada qeyri-adi bir şey deyil”- deyə Ərəstun Oruclu vurğulayıb.
 
Sultan Laçın
Tarix: 26-05-2022, 22:36
Xəbəri paylaş





Xəbər lenti