RUSİYA BRÜSSEL PROSESİNƏ QARŞI ÇIXDI – Kreml Avropa İttifaqının vasitəçiliyini pozmaq üçün nələr edə bilər?





44 günlük müharibədən sonra Azərbaycanla Ermənistan arasında problemin tam və hərtərəfli həllli mümkün olmayıb. Rusiyanın moderatorluq etdiyi danışıqlar prosesi 10 noyabr atəşkəs bəyanatından sonra daha iki (11 yanvar, 26 noyabr) üçtərəfli bəyanatla yekunlaşsa da, real addımlar atılmayıb. 
Kommunikasiyaların açılması ilə bağlı razılaşdırılan komissiyanın işi Moskvada keçirilmiş birinci iclasdan sonra yarımçıq qalıb, sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı da ancaq niyyət ifadə olunub və sonrakı gedişatını mübahisələr əvəzləyib. Ötən müddət ərzində Azərbaycan rəhbərliyi sülh müqaviləsinin imzalanmasını və qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasını təklif edib. Nə Rusiya, nə də Ermənistan belə mövqedən çıxış etməyib. Tərəflərin əsas istinad nöqtəsi olan 10 noyabr bəyanatı da prosesi nizamlamaq iqtidarında olan sənəd deyil. Kifayət qədər mübahisəli müddəalar daxil edilmiş bu bəyanatın əsas maddələri yerinə yetirilməmiş qalıb.
Rusiya rəhbərliyi bəyan edib ki, əsas gündəlik kommunikasiyaların açılması və sərhədlərin dəqiqləşdirilməsidir, sülh müqaviləsi gələcək liderlərin işidir. Rəsmi İrəvan bu mövqeni dəstəkləyib, Azərbaycan isə irəli addım atmaq üçün cəhdlər edib, amma prosesi yerindən tərpətmək mümkün olmayıb.
Diplomatik cəhdlərin uğursuzluğa düçar olması təmas xəttində gərginliyi artırdı və ötən dövrdə xeyli sayda hərbi itkilərlə müşayiət olunan toqquşmalar baş verdi. Hətta fevralda baş verən qarşıdurmada artilleriyadan, iriçaplı silahlardan istifadə edildi ki, bu da bölgədə yeni irimiqyaslı müharibənin hər an baş verə biləcəyini əyani şəkildə göstərdi.
Avropa İttifaqının ötən ilin dekabrından etibarən münaqişənin həllinə istiqamətlənən cəhdləri Rusiyanın bölgədə nail olduğu "nə hərb, nə sülh, daimi gərginlik" reallığını bir qədər dəyişdi. Daha doğrusu, müharibədən ötən 18 ayın nəticəsizliyindən təngə gələn Azərbaycan rəhbərliyi Brüsselin fəallığına müsbət reaksiya göstərdi. Ermənistan da prosesə cəlb edildi və 15 dekabrda baş tutan ilk təmas müsbət mesajlarla bitdi. Amma yenə irəli getmək mümkün olmadı, Moskvanın açıq təzyiqləri ilə üzləşən Paşinyan iqtidarı bir neçə aylıq taym-aut götürdü. Daha sonra Brüsseldə 6 aprel görüşü baş tutdu və liderlər sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı komissiya yaratmağa qərar verdilər. Bu və bu tarixdən ötən 1 ay ərzində Ermənistanın Baş naziri və xarici işlər naziri də iki dəfə rusiyalı həmkarları ilə təmasda oldular. Ölkədə kütləvi etirazlar başladı və bu günə qədər itaətsizlik nümayişləri davam etdirilir.

Mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin üçüncü təşəbbüsü ilə keçirilən danışıqlar isə konkret nəticə verdi. Tərəflər sərhədlərin delimitasiyası ilə bağlı komissiya yaratdılar. Hazırda bu qurumun rəhbərləri sərhəddə görüşüblər. İkinci görüş Moskvada, üçüncüsü isə Brüsseldə keçiriləcək.
Qeyd edək ki, ABŞ Brüsselin vasitəçiliyi ilə aparılan danışıqlar prosesini dəstəkləyir və Dövlət katibi Entoni Blinkenin liderlərlə telefon danışıqlarında Vaşinqtonun onlara güclü dəstəyi ifadə olunub. Mayın 25-də ABŞ xarici siyasətinin rəhbəri "Twitter" səhifəsində yazıb: "ABŞ Ermənistan-Azərbaycan ikitərəfli sərhəd komissiyalarının ilk görüşünü alqışlayır. ABŞ Azərbaycan və Ermənistan arasında Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləyir və regionda sülhün bərqərar olması üçün davamlı müsbət impuls və ikitərəfli dialoqa çağırır".
Rusiya isə Avropanın vasitəçiliyindən məmnun deyil. Bu zamana qədər bağlı qapılar arxasında tərəflərə verilən mesajlar artıq açıq mətnlə ifadə olunmağa başlayıb.

Mayın 26-dan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Moskva Avropa İttifaqının Azərbaycan, Ermənistan və Rusiyanın üçtərəfli sazişlər prosesinə ən yüksək səviyyədə müdaxilə etmək üçün davamlı cəhdlərini müşahidə edir. 
“Bəli, biz Aİ-nin üçtərəfli sazişlər prosesinə ən yüksək səviyyədə müdaxilə etmək üçün davamlı cəhdlərini görürük, Brüsselin, istəsə, onların həyata keçirilməsinə kömək edəcəyini, geosiyasi oyunlara getməyəcəyini gözləyirik. Lakin biz bunu istəmirik”, - o vurğulayıb.
Azərbaycan isə Brüssel danışıqlarından məmnundur. Xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan dövləti postmünaqişə dövründə Ermənistanla münasibətlərin normallaşması istiqamətində davamlı addımlar atır: “Bu, bir addım deyil, prosesdir və Brüssel görüşü bu prosesə töhfə verir. Biz bu görüşü faydalı hesab edirik”.
Ermənistan da Avropa İttifaqının vasitəçiliyi ilə aparılan prosesi faydalı hesab edir. 
Əvvəla, Nikol Paşinyan sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın tərkibini təsdiqləyib və qurum artıq işə başlayıb. 
İkincisi, Baş nazir mayın 25-də parlamentin iclasında Azərbaycan lideri İlham Əliyevlə apardığı danışıqlar barədə ətraflı məlumat verib.
Qeyd edək ki, Azərbaycanın sülh sazişi üçün irəli sürdüyü 5 elementdən biri ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanınmasını nəzərdə tutur. Paşinyan bu elementlərin İrəvan üçün qəbuledilən olduğunu deyib. Bununla belə Ermənistan sülh danışıqlarına başlaması ilə bağlı təkliflərinə Qarabağ ermənilərinin təhlükəsizliyini, hüquq və azadlıqlarını, onların yekun statusunun müəyyən edilməsini də daxil edib.
Göründüyü kimi, Brüssel prosesinin əsas iştirakçıları - Azərbaycan, Ermənistan, Avropa İttifaqı və onların təşəbbüslərini fəal şəkildə dəstəkləyən ABŞ gedişatdan məmnundur. Artıq gündəlik müəyyən edilib və ilk addımlar da atılıb. Rusiya isə, Zaxarovanın bəyanatından görünür ki, Qərbin fəallığını öz maraqlarına zidd hesab edir. 
Bu narahatlığı Rusiya Prezidenti Vladimir Putinin azərbaycanlı həmkarına göndərdiyi təbrik məktubunda da hiss etmək mümkündür. Kreml rəhbərinin yazdığı mətnin bu hissəsi diqqət çəkir: "Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnunluqla qeyd edirik. Fevral ayında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə, heç şübhəsiz, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətcə yüksəlməsinə şərait yaradacaq. Bu, dost xalqlarımızın mənafelərinə tam cavab verir".
Diplomatik dildən tərcümədə bu cümlələr Azərbaycanı 22 fevral razılaşmasına sadiq olmağa dəvət etməkdir. Yəni Bakı öz müttəfiqlik öhdəliklərinə riayət etməli, Rusiyaya düşmən Qərblə məsafəli davranmalı, münaqişənin həllinə müdaxiləsinə imkan verməməlidir.
Əlbəttə, regionda hərbi-siyasi imkanlarını hələlik saxlayan Rusiyanın maraqlarını mümkün qədər balanslaşdırmaq Azərbaycan üçün vacibdir. Amma müharibədən sonra heç bir irəliləyişin olmadığı status-kvo da Bakının maraqlarına cavab vermir, ölkə rəhbərliyi tezliklə münaqişənin tam həllinə nail olmaqla, Azərbaycanın suverenliyini təmin etmək istəyir.
Bu, hazırkı mürəkkəb geosiyasi durumda Azərbaycan üçün çox vacib məsələdir. Rusiyanın problemi konservləşdirib, Qarabağın dağlıq hissəsində erməni azlığı ilə birgə separatçı fəaliyyəti qəbuledilməzdir. Moskvanın 20 aydan artıqdır apardığı siyasət bölgənin Azərbaycanın suverenliyindən çıxarılmasına və Rusiyaya şaquli tabeçiliyinə yönəlib. Rusiya rəhbərliyi bu kartdan həm Paşinyan iqtidarına, həm də Azərbaycana qarşı istifadə etməyə çalışır. Brüssel prosesində separatçıların tutduğu əks mövqe, habelə rusiyapərəst müxalifətin İrəvanda etdikləri hər şeyi açıq-aydın göstərir.
Beləliklə, əsas sual budur ki, Rusiya Avropa İttifaqının vasitəçiliyini pozmaq üçün nələr edə bilər?
İlk növbədə Xankəndindəki rejimin fəallaşdırılması və "müstəqillik", "Rusiyaya birləşmə" tələbləri intensivləşə bilər. Nəticədə, Paşinyan komandası ilə Arayik Arutyunyan arasında gedən müzakirələr dayandırılacaq. Daha sonra təmas boyunca atəşkəsin pozulması və silsilə təxribatlar da gözləniləndir. Nəhayət, Rusiya kommunikasiyaların açılmasına və sərhədlərin dəqiqləşdirilməsinə texniki dəstəkdən imtina edə bilər.
Burada artıq Qərbin Rusiyanın təzyiqlərinə qarşı tərəfləri daha güclü mesajlarla və konkret addımlarla dəstəklənməsi vacibdir. Çünki təxribatlar Azərbaycanı güc tətbiqinə vadar edə bilər ki, bu da Rusiyanın istədiyi kimi danışıqlar prosesində yenidən sıfır nöqtəyə qayıtmaq demək olar..."AzPolitika.info"

Tarix: 27-05-2022, 09:22
Xəbəri paylaş





Xəbər lenti