Co Bayden və Rəcəb Tayyib Ərdoğan
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilk yarandığı gündən əslində ABŞ-ın öz maraqlarını qorumaq və xüsusən də silah sənayesi üçün bazar tapmaq üçün qurulmuş bir ittifaq müqaviləsidir. Hətta 2022-ci ildə də bu vəziyyət böyük ölçüdə davam edir. 30 ölkənin üzv olduğu bu təşkilatda ABŞ baş aktyor rolunu oynayır.
İsveç və Finlandiya Rusiyanın Ukraynaya hücumu və baş verən böyük dağıntılar səbəbindən NATO-nun çətiri altına girmək istəyirlər. Lakin Türkiyə haqlı səbəblərlə buna qarşı çıxır və veto hüququndan istifadə edir. Türkiyənin bu davranışı ölkə mənfəətlərini ön planda tutsa da, bu gözlənilməz qərar NATO daxilində balansları dərindən sarsıdıb.
Maraqlıdır ki, Norveç və Danimarka kimi Skandinaviya ölkələri müxtəlif səbəblərdən 1952-ci ildə Türkiyənin NATO-ya üzvlüyünə qarşı çıxırdılar. Türkiyənin İsveç və Finlandiyaya qarşı mənfi münasibətinə görə embarqolar və PKK-ya dəstəkdən əlavə, keçmişdən gələn dini, sosial və mədəni səbəbləri də saymaq lazımdır.
Veto qərarı isə Türkiyənin müstəqil siyasət qurmasının göstəricisidir. Təbii ki, bu münasibət bir çox Qərb dövlətlərini, xüsusən də ABŞ-ı narahat edir. Prezident Ərdoğanın ölkənin siyasətini istiqamətləndirən ən yüksək məmur kimi bu iki dövlətin alyansa daxil olmasına açıq şəkildə qarşı çıxması, NATO ölkələrində qısa və orta perspektivdə silsilə siyasət dəyişikliklərinə səbəb olacaq.
Rəcəb Tayyib Ərdoğan və İsveç baş naziri Maqdalena Andersson
Qərb dövlətləri və ABŞ-ın Türkiyənin veto qərarına ilkin reaksiyaları kifayət qədər yumşaq olub. Amma onların səmimi olduğuna şübhə yoxdur. Çünki əvvəllər özlərini həyasız və təhqiredici apara bilirdilər. Məsələn, 1964-cü ildə Kiprdə keçiriləcək hərbi əməliyyat ABŞ Prezidenti Consonun məktubu ilə ləğv edilmişdi. Digər tərəfdən, yunanlar “Gözlədim, amma gəlmədin” mahnısını oxuyaraq Türkiyəni ələ salırdılar. ABŞ Prezidentinin məktubu isə çox sərt və vulqar üslubda yazılmışdı və aşağılayıcı ifadələrə yer verilmişdi. Bir müddət ictimaiyyətdən gizlədilən həmin məktub həm rəhbərlikdə, həm də türk xalqında ABŞ-a qarşı böyük məyusluq yaratmışdı.
Aradan keçən 58 il ərzində Türkiyə-ABŞ münasibətləri çox vaxt mənfi istiqamətdə inkişaf edib. ABŞ-ın Türkiyəyə qarşı düşmən münasibəti heç vaxt unudulmadı, hətta Türkiyə tərəfindən ABŞ hərbi bazalarının NATO-dan çıxmadan bağlanmasına qədər təsirli müqavimət göstərildi. Lakin ABŞ-ın yetişdirdiyi bəzi yüksək rütbəli generallar gizli şəkildə xunta qurub, 8-10 ildən bir dövlət çevrilişi edərək, Türkiyəni ABŞ-ın iradəsi altına verdilər.
Türkiyə əsgərinin başına torba keçirməkdən tutmuş, PKK terrorçularına açıq-aşkar yardımına qədər saysız-hesabsız hadisələrdə Türkiyəyə qarşı düşmənçilik edən ABŞ-a qarşı nəhayət, xalqın seçdiyi hökumətlər sayəsində indi Türkiyə layiqli və düzgün mövqe sərgiləyə bilir. Ticarət razılaşmalarını belə ayaqlar altına atan ABŞ-ın qanuntanımaz siyasəti son mərhələdə Türkiyəyə qarşı sanksiya qərarı verilənə qədər davam etdi. Məsələn, Birinci Dünya Müharibəsindən öncə Türkiyənin dövlət vəsaiti ayırıb, aldığı bir çox döyüş gəmilərinə İngiltərə əl qoyurdusa, bu gün eyni davranışı ABŞ sərgiləyir. Türkiyənin pul verib aldığı silah-sursata, texnikaya ABŞ müdaxilə edir, əl qoyur. Buna da bir misal göstərək: Türkiyə ilə birgə istehsal olunan 6 ədəd F-35 qırıcı təyyarəsini ABŞ indi müsadirə etməklə, öz düşmən münasibətini qoruyub saxlayır. Halbuki, o qırıcılarda Türkiyənin də əməyi, ayırdığı vəsait var, İngiltərə ilə yaşadığı gəmi qalmaqalındakı kimi…
Hazırda ABŞ-ın maliyyələşdirdiyi müəyyən media qurumları Türkiyənin NATO-dan çıxarılmasının lazım olduğunu iddia edəcək qədər arsızlaşıblar. Ancaq bunun F-35 layihəsindəki kimi asan olmayacağını rahatlıqla deyə bilərik. Çünki NATO-Türkiyə münasibətləri o qədər qarışıb ki, bunun baş verməsi üçün ən azı 5 il vaxt lazımdır. Ancaq belə bir ehtimal da var ki, NATO-da qərarlar yekdilliklə deyil, səs çoxluğu ilə qəbul edilsə, Türkiyənin veto qoymasına rəğmən, İsveç və Finlandiya NATO-ya alına bilər.
Ancaq real vəziyyət tamam başqadır. Məsələn, hal-hazırda NATO-nun cənub-şərq qanadı hələ də Türkiyənin nəzarəti altındadır. Bu bölgədən məsuliyyəti Türkiyə daşıyır. Bundan əlavə, NATO qüvvələri üçün təchizat bazalarının çox önəmli bir hissəsi də Türkiyədə yerləşir. Yəni Türkiyəni NATO-dan çıxarmaq bir anda olacaq bir proses deyil, bununçün NATO-nun qurulmasına xərclənən vəsait qədər vəsait xərclənməli olacaq.
Siyasi müstəvidə isə NATO-nun ən qüdrətli ikinci supergücü olan Türkiyə bu gün NATO dövlətləri içərisində Rusiya, İran və Çinlə ən yaxşı yola gedən, dil tapan dövlət rolunu davam etdirir. Bütün bu faktları bir yerə topladıqda, ABŞ və Qərb üçün Türkiyənin nə demək olduğunu anlamaq elə də çətin deyil.
Tarix: 30-05-2022, 16:21