Hansı rayonlarda icra başçısı yoxdur, ya vəfat edib, ya həbs olunub, həmin rayonlardan şikayət yoxdur-DEPUTAT
"Mən diqqət yetirmişəm ki, hansı rayonlarda icra başçısı yoxdur, ya vəfat edib, ya həbs olunub, həmin rayonlardan şikayət daxil olmur".
Siam.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.
O qeyd edib ki, deməli, həmin rayonların icra hakimiyyətinin binaları rayonu təyin edilən icra başçılarından daha yaxşı idarə edir: “Azərbaycanda xeyli sayda lazımsız qurum və quruluşlar var. Bunları aşkara çıxarıb, ixtisara salınması məsələsini həll etmək üçün xüsusi komissiya yaratmaq lazımdır. Lazımsız ştatların sayı müəyyən edilməlidir. Bir sıra qurumlar yaradılır, sonra ləğv edilir və ya başqa tabeçiliyə verilir. BNA, TƏBİB, ABAD, DOST və başqa qurumların vəziyyəti ilə bağlı nəticələrin araşdırılmasına ehtiyac var".
Fazil Mustafa eyni zamanda vurğulayıb ki, Sumqayıtda, Gəncədə Bakıda yüzlərlə Sovet dövründən qalma müəssisələr özəlləşdirilib: "İndi onların əksəriyyəti xaraba qalıb. Ya sahibkarın pulu yoxdur, ya da kredit faizləri çox yüksəkdir. Ona görə də bu məsələ öz həllini tapmalıdır".