“Qlobal güclər ya Rusiya neftinə təcili alternativlər tapıb problemi həll edəcək, ya da...”
“Avropa Birliyinin Rusiya neftinə embarqosu birjalarda qiymətləri yenidən artırdı - Bent markalı neftin qiyməti 125 dollara yaxınlaşır. Dünya iqtisadiyyatının neftin hazırkı yüksək qiymətinə hətta bundan sonra 6 ay belə davam gətirəcəyi real görünmür. Postpandemiya dövründə toparlanmağı hədəflədiyi halda müharibənin daha bir ciddi böhran riski yaratdığı qlobal iqtisadiyyat kəskin bahalanan enerji sayəsində çox yüksək təklif inflyasiyası ilə qarşılaşdı. Təklif inflyasiyasının yaratdığı yüksək xərclər tələb məhduluğu yaratmaqla və real sektorda daralmanı qaçılmaz etməklə yanaşı, ev təsərrüfatlarının alıcılıq qabiliyyətini, yüksək borcla çalışan biznesin ödəmə qabiliyyətliliyin ciddi şəkildə sarsıdacaq. Əgər yüksək qiymətlər qalarsa, yaxın 3-4 ayda qeyd elədiyim təsirlər aydın hiss olunacaq”. Pravda.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev bildirib.
R.Ağayev qeyd edib ki, inflyasiyanın yüksək səviyyəsi təkcə ev təsərrüfatlarının alıcılıq qabiliyyətini azaltmır, həmçinin onların da ipoteka və istehlak məqsədli borclarını qaytarmasını çətinləşdirir: “Öz öhdəliklərini yerinə yetirə bilməyən biznes və ev təsərüfatlarına görə maliyyə sektoru üçün də ağır vəziyyət yaranır. Qlobal güclər ya Rusiya neftinə təcili alternativlər tapıb problem həll edəcək, ya da qlobal iqtisadiyyat özü çarə tapacaq - böhranla bu qiymətə reaksiya verərək həmin qiyməti aşağı çəkəcək”.
Tarix: 31-05-2022, 22:15