“Qərbçi” Paşinyan hökumətinin son davranışları yalnız Rusiyanın işinə yarayır, onun dəyirmanına su tökür; erməni mediası: “Erməni-azərbaycanlı barışığı Moskvanın Qafqaz siyasətinin iflası demək olacaq...”
Azərbaycanla sərhəddə iki gün öncə erməni əsgərinin öldürülməsi olayı Bakı və İrəvan arasında ənənəvi ritorikanı təzədən bərpa elədi. Məlum oldu ki, erməni hərbçiləri arasındakı qanlı insidenti rəsmi İrəvan haradansa sifariş almış kimi, həyasızcasına Azərbaycanın üstünə atıb vəziyyəti qəsdən qəlizləşdirmək istəyir.
Rəsmi Bakı (XİN, Müdafiə Nazirliyi, DSX) isə faş elədiyi bu anormal davranışı haqlı olaraq, hazırkı həssas mərhələdə, yəni tərəflər arasında sərhədlərin dəqiqləşməsi və sülh anlaşması yönündə pozitiv və unikal gəlişmələrin olduğu vaxtda Ermənistanın Brüssel razılaşmalarını topa tutmaq cəhdi kimi, bütövlükdə Avropa Birliyinin təşəbbüsünü sıfırlamaq çabası kimi qiymətləndirdi.
*****
Sözsüz ki, iki qonşu ölkə arasında ədavətin qalması ən çox Rusiyaya sərf edir. Bu dövlətin rəsmiləri (Mariya Zaxarova və s.), əksər ekspertləri “Brüssel prosesi”nə nəinki qıcıqla yanaşır, hətta Avropa Birliyini hansısa “geosiyasi oyunlar” oynamaqda suçlayırlar. Gerçəkdə isə Moskva, sadəcə, kollektiv Qərbin onun “bostanına”, yaxud hələ də “arxa bağça” saydığı Cənubu Qafqaza girmək istəyinə, səmimi şəkildə sülh moderatorluğunu öz üzərinə götürməsinə qəzəblidir. Ukrayna böhtanı fonunda bu, özünü daha qabarıq büruzə verməkdədir.
Bu yerdə sual ortaya çıxır: bunca zaman ərzində bölgəyə real təsir rıçaqları olan Rusiyaya iki ölkə arasında barışıq və uzunmüddətli sülhü yaratmağa, görəsən, kim və nə mane olub - Avropa Birliyimi, ABŞ-mı? Niyə Kreml 30 ildir, obrazlı desək, “nə yardan doyur, nə də əldən qoyur”? Yoxsa Moskva hesab edir ki, o vasitəçilik missiyasını əbədi özəlləşdirib?
Bir yandan da İrəvan, guya Rusiyanın orbitindən uzaqlaşmağa çalışan “qərbçi” Paşinyan hökuməti bilərəkdən ya da bilməyərəkdən Moskvanın dəyirmanına su tökür. Ancaq yaxşı ki, Rusiyanın Güney Qafqazla bağlı əsl niyyətini anlayan erməni təhlilçilər də var.
*****
“Həm biz, həm də azərilərə aydındır ki, iki xalq arasında sülh heç bir halda Rusiyanın maraqlarına uyğun deyil. Əksinə, Ermənistanla Azərbaycan arasında sülh Rusiyanın bölgədəki hegemonluğuna bıçaq zərbəsidir”.
“Yeni Müsavat” xəbər verir ki, bu barədə siyasi icmalçı Tevoş Arşakyan Armenianreport.com-dakı məqaləsində bildirir.
Arşakyan ardınca yazır: “Əgər sülh olacaqsa, ”Artsax"da rus sülhməramlılarına ehtiyac qalmayacaq. İrəvan Bakı və Ankara ilə razılığa gəlsə, rusların Ermənistanda hərbi mövcudluğu da lüzumsuz olacaq. Gürcüstanın NATO və Avropa İttifaqına üzv olmaq istəyini, Tiflisin praktik surətdə Kremlin təsir zonasından çıxmasını nəzərə alsaq, ermənilərlə azərbaycanlıların barışığı Moskvanın Qafqaz siyasətinin iflası anlamına gələcək".Müəllifə görə, məhz bu səbəbə Putinin Kremldə Əliyev və Paşinyanla görüşləri və həmin o görüşlərdə əldə olunan razılaşmaların heç biri praktiki müstəviyə keçmədi: “Ümumiyyətlə, Rusiya imperiyasının siyasəti çoxdan bəllidir: parçala və hökm sür. Əsrlər boyu o cümlədən Ukraynada, Moldovada, Gürcüstanda, Azərbaycanda və Ermənistanda o, bununla məşğuldur. Və birdən Qərb, xüsusən də Avropa İttifaqı Azərbaycan və Ermənistanın barışığı ilə ciddi şəkildə məşğul olmaq qərarına gəlir (bizim üçün bu yaxşıdır ya pis, o ayrı söhbətin mövzusudur). Paşinyan, Mişel və Əliyev üç dəfə görüşüblər. Mayın 24-də Brüsseldə, Ermənistan-Azərbaycan sərhədində əldə olunmuş razılaşmaların icrası çərçivəsində isə Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan baş müavini Mqer Qriqoryan arasında ilk görüş olub. Onlar delimitasiya və digər məsələlər üzrə komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiqləyiblər. Bu, açıq-aşkar onu göstərir ki, birincisi, Brüsselin iki qatı düşməni - Azərbaycanla Ermənistanı barışdırmaqda işləri Moskvadan qat-qat yaxşı alınır. İkincisi isə bu, Ermənistan və Azərbaycanın Qərbə ruslardan daha çox güvəndiyinin əyani göstəricisidir. Bu isə Moskvada qısqanclıq yaradır”.
Erməni şərhçi əmindir: “Moskva bundan sonra da bütün Cənubi Qafqazda yeganə güc mərkəzi olaraq qalmaq istəyir. Bu, onun strateji məqsədidir. Amma o, nəzərə almır ki, həm İrəvan və Bakı, həm də ələlxüsus Tiflis artıq Rusiyanı regionda yeganə güc kimi görmək istəmir. Bizim hamımızda Moskvanın ikili rəftarına görə ona qarşı həddən ziyadə irad var. Elə Qərb də bölgəni artıq Rusiyaya güzəştə getmək istəmir...”*****
İnsafən, obyektiv təhlildir. Əfsus ki, kapitulyant ölkədə, xüsusən də onun siyasi elitasında belə yanaşma hələ ki dominant deyil. Hərçənd müşahidə olunan həm də budur ki, erməni toplumunun mütləq əksəriyyəti müharibələrdən, blokadadan və Rusiyanın ənənəvi oyunlarından bezib. Bunu son rəy sorğuları da, radikal müxalifətə geniş ictimai dəstəyin olmaması da, ötənilki parlament seçkilərində Nikol Paşinyan partiyasının qələbəsi də təsdiqləyir. Qalır rəsmi İrəvanın bu imperativi düzgün, adekvat və vaxtında qiymətləndirməsi, nəinki təzədən Bakı və Brüsselə qarşı məlum kənar qüvvənin diktəsi ilə təhlükəli sülh oyununa qayıtması...
Siyasət şöbəsi,“Yeni Müsavat”
Tarix: 1-06-2022, 10:43