Hansı rayonların icra başçıları hələ də yoxdur?
Milli Məclisin mayın 31-i keçirilən sonuncu plenar iclasında deputat Fazil Mustafa icra başçıları ilə bağlı tənqidi çıxış edib. Deputat deyib ki, hansı rayonlarda icra başçısı yoxdursa, həmin rayonlardan şikayət daxil olmur. Fazil Mustafanın fikrincə, həmin rayonların icra hakimiyyətinin binaları rayonu icra başçılarından daha yaxşı idarə edir.
Maraqlıdır, deputat çıxışında hansı rayonları nəzərdə tutub?
Söhbət icra başçısı olmayan rayonlardan getdiyindən, Modern.az mövzunun aktuallığını nəzərə alaraq, həmin rayonların siyahısını təqdim edir:
Gədəbəy
2018-ci ildən Gədəbəy rayonunu idarə edən İbrahim Mustafayev 2021-ci il oktyabrın 5-də vəzifəsindən azad edilərək, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb. Ötən ildən bəri Gədəbəyə başçı təyinatı həyata keçirilməyib.
Göygöl
Sabiq icra başçısı Arif Seyidovun 14 illik rəhbərliyindən sonra Göygöl başsız qalan rayonlar sırasındadır. Belə ki, 2006-ci ilin fevralın 23-də başçı təyin olunan Arif Seyidov Prezidentin sərəncamı ilə 22 may 2020-ci ildə vəzifəsindən azad edilib. Hələlik bu rayona təyinat gerçəkləşdirilməyib.
Lerik
Başçısız qalan rayonlardan biri də Lerikdir. Ölkə başçısının 2 aprel 2007-ci il tarixli sərəncamı ilə bu rayona icra başçısı gətirilən Rövşən Bağırov ötən il aprelin 29-da vəzifədən çıxarılıb və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. R. Bağırovun əvəzinə təyinat aparılmayıb.
Göyçay
Göyçay rayonu fevralın 28-dən bu günə də qədər icra başçısının birinci müavininin idarəçiliyindədir. Belə ki, Mehdi Səlimzadə Prezidentin sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bundan bir müddət sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qanun pozuntuları ilə bağlı Göyçay Rayon İcra
Hakimiyyətində yoxlama apardığı haqqında məlumatlar yayılıb. Araşdırmalar nəticəsində başçının köməkçisi Vahid İsayev həbs edilib və məhkəmə qarşısına çıxarılaraq 4 aylıq azadlıqdan məhrum olunub.
Tarix: 2-06-2022, 08:27