Qərb Rusiyanı neft gəlirlərindən addım-addım məhrum edir - planın detalları


 

Dünya iqtisadiyyatı bahalı neftə davam gətirəcək gücdə deyil

Avropa İttifaqının 2022-ci ilin sonunadək Rusiyadan neft idxalını 90 faizdən çox azaltmaq barədə qəbul etdiyi qərar dünya neft bazarında qiymətlərin 120 dollardan yuxarı qalxmasına səbəb oldu. Lakin bu, cəmi bir neçə saat davam etdi. “The Wall Street Journal”ın OPEK-dəki mənbələrə istinadən Rusiyanın neft hasilatının azaldılmasına dair OPEK+ razılaşmasından kənarlaşdırılması məsələsinin müzakirə olunmasına dair yaydığı xəbər bazarda sürətli ucuzlaşmaya gətirib çıxardı. Qısa müddətdə qiymətlər 114 dolların altına düşdü.
Beynəlxalq analitik mərkəzlərdə hesab edirlər ki, Rusiyanın çıxması ilə OPEK+ razılaşması faktiki olaraq dağılmış olacaq. Bu isə onun iştirakçıları olan ölkələrin neft hasilatını artırmasına imkan verəcək.
Qeyd edək ki, Avropa İttifaqı Rusiyadan boru xətti ilə neft alan və dənizə çıxışları olmayan Macarıstan, Çexiya və Slovakiyaya güzəştə gedərək, onların Rusiya neftindən imtinaları üçün daha uzun müddət - 2023-cü ilin sonunu müəyyənləşdiriblər. "Bloomberg"in yazdığına görə, Avropa İttifaqı hər üçn ölkədən Rusiyadan neft alışının dayandırılması üçün dəqiq tarix müəyyənləşdirmələrini tələb edir. Əgər belə tarix müəyyənləşməsə, Avropa İttifaqı Rusiya neftinin  idxalına əlavə və yüksək rüsumlar müəyyənləşdirəcək. Belə rüsum barədə qərarın qəbulu üçün konsensus deyil, üzvlərin yarıdan çoxunun səs verməsi tələb olunur. Bu isə Macarıstanın qərara mane ola bilməyəcəyi deməkdir. Avropa İttifaqında hesab edirlər ki, yüksək rüsum müəyyənləşdikdən sonra Rusiyadan boru xətti ilə 3 ölkəyə idxal edilən neft başqa mənbələrdən alınan qiymətə başa gələcək. Bu zaman ya Rusiya məcbur olub kəskin qiymət endiriminə gedəcək, ya da üç ölkə başqa nefti mənbələrdən almalı olacaqlar. Hər iki halda Rusiya Avropaya satdığı neftdən gəlir əldə edə bilməyəcək. Ümumiyyətlə, "Bloomberg"in hesablamalarına əsasən, Aİ-nin sanksiyası Rusiyanın birbaşa olaraq 12 milyard dollar, digər bazarlarda satacağı neftə tətbiq olunacaq endirimlər üzrə isə 10 milyard dollar itirməsinə səbəb olacaq.
 
Lakin "The Wall Street Journal"ın Avropa İttifaqının rəsmi şəxslərinə istinadən yazdığına görə, Avropa İttifaqı Rusiyadan neft alışını dayandırmaqla kifayətlənməyərək, onun öz məhsulunu digər bazarlara çıxartmasını da əngəlləmək qərarındadır. Belə ki, Avropa şirkətlərinə Rusiya neftini daşıyan tankerləri sığortalamaq qadağan olunacaq. Bu barədə qərar Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiya paketinə daxil edilib. Qadağa 6 aydan sonra qüvvəyə minəcək. Treyderlər bu qadağanın ciddi təsirləri olacağını gözləyirlər. Belə ki, gəmi sahibləri və treyderlər neft daşıyan tankerləri iki növ sığorta edirlər. Birinci növ sığorta tankerlərin gövdəsini və avadanlıqlarını fiziki təsirlərdən sığortalayır. Bu sığortanı adətən Londonun Lloyd bazarında (ən böyük beynəlxalq sığorta şirkətlərini birləşdirən bazar) almaq olur.
İkinci növ sığorta neft daşımalarında üçüncü şəxslərin məsuliyyətinin sığortasıdır. Dünya tanker donanmasının 95 faizinə bu sığortanı Böyük Britaniya, Norveç, Avropa İttifaqında fəaliyyət göstərən P&I beynəlxalq şirkətlər qrupu təqdim edir. Şirkətlər qrupunun rəhbərliyi bəyan edib ki, Aİ qadağa qərarı verərsə, ona əməl edəcəklər.
Aİ-nin bu qadağası Rusiyanın öz neftini Asiya bazarlarına yönəltməsini əngəlləyəcək. Bu isə neft bazarındakı yüksək qiymətlərin uzun müddət davam etməsinə səbəb ola bilər. Belə ki, Rusiya neftinin yönələ biləcəyi Asiyada neftə tələbatın artımı gözlənilir. Artıq Çin kimi nəhəng istehlakçıda pandemiya məhdudiyyətlərindən sonra iqtisadi bərpa sürətlənib. Rəsmi məlumatlar may ayında ölkədə iqtisadi aktivliyin yüksəldiyini göstərir. Bu isə enerjidaşıyıcılarına olan tələbatın yaxın aylarda artacağı deməkdir. Rusiya neftinin mühüm bir hissəsinin bazardan çıxması fonunda tələbatın artması qiymətlərin 140-150 dollara qədər yüksəlməsini şərtləndirə bilər.
Artıq Rusiyada hasilatın bir neçə milyon  barel azaldılması çağırışları səslənməkdədir. “LUKoyl” şirkətinin vitse-prezidenti Leonid Fedun bildirib ki, Rusiya neft hasilatını 20-30 faiz, başqa sözlə, gündə 7-8 milyon barrelə qədər azaltmalıdır: “Əgər biz 7-8 milyon bareli səmərəli şəkildə istehlak edib dövlət büdcəsinə, daxili istehlaka və idxala zərər vermədən ixrac edə biliriksə, Rusiya nəyə görə gündə 10 milyon barel neft hasil etməlidir?”
L.Fedun əmindir ki, xam neftin 10 barelini 50 dollara yox, 7 barelini 80 dollara satmaq daha sərfəlidir: “30  faiz, hətta bəzən 40 faiz endirimlərə razılaşaraq, böhrandan əvvəlki ixracatı saxlamağa çalışmalıyıqmı?” Onun fikrincə, Rusiya neftinə qoyulan embarqo məsələsi altında alıcılar tariflərin tənzimlənməsi alətlərindən istifadə edərək bu endirimləri “institutsionallaşdırmağa” çalışacaqlar.
Qeyd edək ki, L.Fedunun dedikləri artıq reallıqdır. Belə ki, Çin və Hindistan Rusiyadan neftin qiymətində 40-45 faizə qədər güzəşt tələb edirlər. Hətta Pakistan hökuməti Rusiyaya müraciət edərək 30 faizlik endirimlə neft və maye qaz almaq niyyətini bəyan edib. Avropa İttifaqının tankerlərin sığortalanmasını qadağan etməsindən sonra Rusiya neftinin dəniz yolu ilə Asiyaya çatdırılması çox çətin olacaq. Sığortasız daşınma üçün yükdaşıma şirkətləri Rusiyadan daha yüksək daşıma haqqı tələb edəcəklər. Alıcılara edilən qiymət endirimi ilə birlikdə bu xərclərin qarşılanması Rusiyanın neft satışını qeyri-rentabelli hala gətirə bilər. Nəticədə Rusiya hasilatı azaltmağa məcbur qalacaq ki, bu da dünya bazarında təklifin ciddi azalmasına, qiymətlərin yüksəlməsinə səbəb olacaq.
Onu da qeyd edək ki, bir neçə gün əvvəl xarici mətbuatda iki yüksək vəzifəli ABŞ rəsmisinin Səudiyyə Ərəbistanına qeyri-rəsmi səfər etdiyinə dair məlumat yayılıb. Məlumatda səfərin iyunun sonuncu ongünlüyündə prezident Cozef Baydenin Yaxın Şərq səfəri zamanı Ər-Riyada  getməsi üçün hazırlıqların təmin olunması məqsədi daşıdığı bildirilir. Qeyd olunur ki, Bayden Ər-Riyadla neft hasilatının artırılması barədə razılığa gəlməyi planlaşdırır. ABŞ rəsmiləri bu razılaşma ilə bağlı danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gediblər. Analitiklər hesab edirlər ki, ərəb ölkələri hasilatı artırmağa başlasalar, dünya bazarında neftin qiyməti 100 dolların altına düşəcək.

İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, dünya iqtisadiyyatının neftin hazırkı yüksək qiymətinə hətta bundan sonra 6 ay belə davam gətirəcəyi real görünmür: “Postpandemiya dövründə toparlanmağı hədəflədiyi halda müharibənin daha bir ciddi böhran riski yaratdığı qlobal iqtisadiyyat kəskin bahalanan enerji sayəsində çox yüksək təklif inflyasiyası ilə qarşılaşdı.
Təklif inflyasiyasının yaratdığı yüksək xərclər tələb məhdudluğu yaratmaqla və real sektorda daralmanı qaçılmaz etməklə yanaşı ev təsərrüfatlarının alıcılıq qabiliyyətini, yüksək borcla çalışan biznesin ödəmə qabiliyyətliliyini ciddi şəkildə sarsıdacaq. Əgər yüksək qiymətlər qalarsa, yaxın 3-4 ayda qeyd elədiyim təsirlər aydın hiss olunacaq.
İnflyasiyanın yüksək səviyyəsi təkcə ev təsərrüfatlarının alıcılıq qabiliyyətini azaltmır, həmçinin onların da ipoteka və istehlak məqsədli borclarını qaytarmasını çətinləşdirir.
Öz öhdəliklərini yerinə yetirə bilməyən biznes və ev təsərüfatlarına görə maliyyə sektoru üçün də ağır vəziyyət yaranır".
Ekspert hesab edir ki, qlobal güclər ya Rusiya neftinə təcili alternativlər tapıb problemi həll edəcək, ya da qlobal iqtisadiyyat öz çarə tapacaq - böhranla bu qiymətə reaksiya verərək həmin qiyməti aşağı çəkəcək.

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Rusiyanı dayandırmağın əsas yolu onun gəlir mənbəyi olan neftin ucuzlaşdırılmasıdır: “Neftin qiyməti ucuzlaşmalıdır, bir neçə gün öncə Tramp çıxışında dedi ki, Ukraynada müharibənin bitməsini istəyirsinizsə, nefti 30-40 dollar edin - tam doğru təsbitdir! Neftin bahalaşması ilə Putinin (Rusiyanın) aqressivləşməsi arasında birbaşa asılılıq, korelyasiya var - bu, 2008 Gürcüstan, 2014 Krım hadisələri zamanı da aydın göründü. Amma yeni enerji keçidinin lobbistləri baha neftdə maraqlıdırlar - baha neft alternativ enerjiyə yatırımları stimullaşdırır. Neft ucuz olsa, heç bir biznes məntiqi maya dəyəri baha olan alternativ enerjiyə yatırım etməz, məhz buna görə neft hələ bir neçə il baha olmalıdır ki, bu sahəyə yatırımlar artsın”.
Dünya neft bazarındakı mövcud qiymətlər hasilatçı ölkə olan Azərbaycan üçün əlverişlidir. İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramovun sözlərinə görə, 2022-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 50 dollar müəyyənləşdirildiyini nəzərə alsaq, neftin illik orta qiyməti yüksək olarsa, Dövlət Neft Fonduna daxil olmalar artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq: “Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir. Bununla yanaşı, neftin qiymətinin kəskin artımları neft bazarı üçün potensial risklər formalaşdırır. Qiymət artımları bir tərəfdən gündəlik 12 milyon barel xam neft hasil edən Birləşmiş Ştatlarda şişt neft hasilatını artıracaq, digər tərəfdən bazarda ”köpüklər" yaradacaq. Bu baxımdan, artan qiymətlərin yenidən aşağı enməsi istisna edilmir.
Enerji məhsulları ixrac edən əksər ölkələr və eləcə də Azərbaycan üçün neft bazarındakı stabillik valyuta daxilolmalarının optimallığı baxımdan vacibdir. Əksər neft ölkələri üçün 1 barel neftin qiymətinin 80 dollar intervalında stabilləşməsi iqtisadi baxımdan məqbul hesab olunur. Amma neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asılılığı minimumlaşdırmaqdır".“Yeni Müsavat”

Tarix: 2-06-2022, 08:30
Xəbəri paylaş





Xəbər lenti