“Brüssel Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində öz addımlarını Moskva ilə razılaşdırmır və razılaşdırmaq niyyətində deyil”."AzPolitika.info" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) adının çəkilməsini istəməyən yüksək vəzifəli diplomatı "Azadlıq" radiosuna bildirib.
Həmin diplomatın sözlərinə görə, hazırda həm Bakı, həm də İrəvan son geosiyasi hadisələri gözlərinə alaraq Kremldən ehtiyat edir:
“Ermənistan-Azərbaycan münasibətləri məsələsində Avropa İttifaqı ilə Rusiya arasında heç bir hərəkət mövcud deyil və Aİ-nin ruslarla hər hansı təmas niyyəti də yoxdur. Hər iki tərəf, xüsusilə də Ukraynada hazırda baş verənlərlə bağlı, bunu açıq göstərməsə də, Moskvadan qorxur. Hər iki tərəf dərk edir ki, növbədə onlar ola bilərlər”.Avropa İttifaqının həmin diplomatı daha sonra deyib:
“Rusiya bəlkə də müharibəni (44 günlük müharibə-red) dayandırıb, amma aşkardır ki, bu prosesin davamı Moskvada yox, Brüsseldə gedir. Tərəflərin belə tez-tez Brüsselə gəlmələri buna sübutdur”.Xatırladaq ki, ötən yarım ildə Azərbaycan və Ermənistan liderləri Brüsseldə
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə 3 dəfə görüşüb. Bu görüşün nəticəsi olaraq tərəflər sərhədlərin delimitasiyası ilə bağlı komissiyanı razılaşdıraraq işə başlayıblar.
Moskva isə Brüsselin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı vasitəçilik səylərinə kəskin reaksiya verib. Ötən həftə Rusiya XİN-nin yaydığı bəyanatda Qərbi
“yüksək səviyyədə Rusiya-Azərbaycan-Ermənistan razılaşmalarının predmetinə utanmadan sahib çıxmaq cəhdində" ittiham etmişdi.
Moskvanın bəyantında deyilirdi ki, Vaşinqton və Brüssel Rusiya ilə ATƏT-in Minsk Qrupunda əməkdaşlıqdan imtina edərək müstəqil diplomatik fəallıqlarını artırıblar.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri
Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyana demişdi:
“Mən Minsk Qrupunun gələcək taleyinin necə olacağını bilmirəm, çünki bizim bu qrupdakı, belə demək mümkündürsə, fransalı və amerikalı həmkarlarımız, rusofob tozanağında, Rusiya Federasiyasına aid nə varsa hər şeyi ləğv etmək canatımında ATƏT-in Minsk Qrupu həmsədrlərinin üçlüyünü də ləğv ediblər və bildiriblər ki, bu formatda təmaslarda olmayacaqlar. Əgər onlar Qarabağ tənzimləməsindəki və ümumilikdə Cənubi Qafqazdakı maraqlarını, bu halda isə erməni tərəfinin maraqlarını qurban verməyə hazırdırlarsa, bu onların öz işidir”.Rusiya XİN-in sözçüsü
Mariya Zaxarova da brifinq zamanı Avropa İttifaqı Şurasının Azərbaycan və Ermənistan arasında vasitəçiliyi ilə bağlı suala kifayət qədər əsəbi reaksiya vermişdi:
“Bəli, biz Avropa İttifaqının yüksək səviyyədə qəbul edilmiş üçtərəfli bəyanatların (Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bəyanatları-red) həyata keçirilməsi prosesinə inadla girişmək səylərini görürük. Ümid edirik ki, Brüssel bu bəyanatların icrasına kömək edəcək, daha geosiyasi oyunlar oynamağa çalışmayacaq”.Sözügedən Avropa diplomatı Minsk Qrupu ilə bağlı suala cavab olaraq bildirib ki, bu format de-yure qalsa da, de-fakto artıq mövcud deyil:
“Minsk Qrupunun ölümü barədə rəsmi məlumat olmayacaq, amma bu qrup artıq yaşarlığını itirib”. Diplomat əlavə edib ki, Ukrayna müharibəsindən sonra Qərb ümumiyyətlə nəyinsə “Minsk” və ya “Belarus” adı ilə bağlı olmasını istəmir.
Rəsmi, “Brüssel Qarabağın təhlükəsizliyi və gələcək statusu məsələsini də nəzərdə tuturmu” sualına belə cavab verib:
“Aydındır ki, bu məsələ hansısa məqamda masa üstündə olacaq. Amma indi yox. Bu növbəti mərhələnin məsələsidir. Çünki bu, ən ağır məsələdir. Danışıqları bu məsələ ilə vaxtından əvvəl ağırlaşdırmaq olmaz”.Avropa İttifaqının vəzifəli diplomatı daha sonra deyib ki, fikir ayrılıqlarına baxmayaraq tərəflər hələ ki, təmasdadırlar. Onun sözlərinə görə, İlham Əliyev və Nikol Paşinyan arasında son görüş hərarətli olmasa da, irəliləyiş var.
Tarix: 4-06-2022, 14:37