Ukraynaya niyə qələbə qazanmağa imkan verilmir?- Vüqar Dadaşov
Rusiyanın Ukraynaya təcavüzünün müəyyənləşdirdiyi tərəflərin öz milli və dövlət maraqları Kiyev hakimiyyətini çox narahat etməyə başlayıb və artıq bu narahatçılığı, daha doğrusu Qərbin etibarsızlığını Zelenski hakimiyyəti göstərməyə və dilə gətirmək məcburiyyətində qalıb.Müharibənin daha çox uzadılması təbii ki, Ukraynanın marağında deyil, Kiyev ərazilərini mümkün qədər tez azad edib, müharibəni bitirmək istəyir, ancaq NATO daha doğrusu ABŞ bu müharibənin uzanmasında maraqlıdır. Bu isə o deməkdir ABŞ Ukraynanın qısa zaman daxilində qələbə qazanmasını istəmir. Ona görə də, Rusiya təcavüzünə qarşı Ukraynanın ədalətli müharibəsində əsaslı dönüş etmək üçün lazım olan hərbi texnika və silahların Ukraynaya verilməsi müxtəlif əngəllərlə gecikdirilir, baxmayaraq ki, ABŞ-ın "lend-liza" qanunu ilə hərbi yardımlar heç bir hüquqi və prosedur məhdudiyyətlər olmadan qısa müddətdə həyata keçirilə bilər. Yəni ki, ABŞ əslində Ukraynaya deyil, öz maraqlarını süründürməçi köməyi ilə həyata keçirir. Qısa desək, Ukrayna Rusiya qarşı bir vasitə və meydanıdır. Ukrayna həqiqətən çıxılmaz vəziyyətə salınıb, müharibə etməlidir, ancaq tez də qələbə qazanmamalıdır. Sorosun və Bzejinskinin Rusiya-Ukrayna müharibəsinə dair bir-birinə tam əks ziddiyətli mövqeyi onu göstərir ki, nəinki Ukrayna, hər bir dövlət böyük maraqlar naminə hazır qurbanlıq vəziyyətindədir. Sözsüz ki, Kiyev hakimiyyəti vəziyyəti çox yaxşı qiymətləndirir və məlumdur ki, Ukrayna texniki və elmi baxımdan böyük potensiala malikdir, müasir hərbi texnika və silahları özü öz gücünə istehsal edə bilər. Bəli, bu məsələ müəyyən zaman məsələsi olsa da, artıq Ukraynada bu sahədə işlərə böyük həcmdə start verilib. NATO-nun Ukrayna tərəfdən müharibəyə fiziki olaraq qoşulmamasının müxtəlif səbəbləri var. Zənnimcə, nüvə müharibəsi təhlükəsi bu səbəblərdən olsa da həll edici çəkiyə malik deyil. Düşünürəm ki, ABŞ başda olmaqla NATO-nun müharibəyə qoşulmamasının əsas səbəbi Rusiya xalqının xarici aqressiyası qarşı konsolidasiya ehtimalıdır. Rusiya xalqı Putin hakimiyyətinin 22 illik dövründə ABŞ-ın, NATO-nun təcavüz edəcəyinə mənəvi və psixoloji cəhətdən çox yaxşı hazırlanmışdı və ruslar bu təhlükəni gözləyirdilər. Əgər NATO Rusiyaya qarşı müharibəyə qoşulsaydı, Putin hakimiyyətinin möhkəmlənməsinə, rusların sıx birləşməsinə və müqavimətin son dərəcə güclənməsinə səbəb olardı və bu halda Rusiyanı məğlub etmək çox çətin olardı. Ancaq Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı müharibəsini rus xalqı ən azı müəmma ilə qarşıladı. Belə bir vəziyyətdə Rusiyaya qarşı Ukrayna bataqlığı ən ehtimal variantdır. 1994-cü ildə Qərbin yalançı vədləri ilə aldadılıb köməksiz hala salınan Ukrayna xalqı, dövləti Rusiya kimi təcavüzkar dövlətin qarşısına təbii maneə kimi atılıb və fevralın 24-dən başlanan Rusiya aqressiyası ancaq xalqın öz iradəsi, müqaviməti ilə qarşısı alınmaqdadır. Təkcə Ukrayna nümunəsi onu göstərir ki, hər bir dövlətin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, təhlükəsizliyi digər heç bir dövlət üçün əsas şərt deyil. Hər bir dövlət, xalq müstəqilliyini, təhlükəsizliyini heç kəsə etibar etmədən özü təmin etməlidir. Necə ki, Azərbaycan dövləti və xalqı az qala 30 illik erməni-rus təcavüzünə özü öz iradəsi və gücünə arxalanaraq son verdi. Yeri düşmüşkən qeyd edim ki, əslində təbii müttəfiq və ya müttəfiq anlayışları da müvəqqəti xarakterli olsa da dürüst müttəfiq seçimi əsas məsələ olaraq həlledici amillərdəndir. Ukrayna isə hələ də konkret olaraq həm hüquqi və həm də mənəvi-idealoji müttəfiqini müəyyən edə bilməyib. Ukraynanın bədbəxliyinin əsas səbəblərindın də biri budur.
Vüqar Dadaşov MCP SŞ-nın üzvü, politoloq
Siam.az
Tarix: 5-06-2022, 09:28