Araşdırmaçı-jurnalist Əli Zülfüqaroğlu Demokrat.az-a açıqlamasında qeyd edib ki, 44 günlük Vətən müharibəsi başlamazdan öncə Tovuz hadisələri zamanı ölkə xaricində erməni lobbisi tərəfindən azərbaycanlılara qarşı təxribat xarakterli addımlar atılırdı. Amma o zaman təxribatlara uymamaq üçün yaxşı təşkilatlanma nəticəsində erməni lobbisinin planları bumeranq effekti verdi:
“Qeyd edim ki, müharibə dönəmində Azərbaycan diasporu müxtəlif tədbirlər, aksiyalar təşkil etdi. Eyni zamanda, media olaraq biz də müxtəlif ölkələrin mətbuat orqanlarında bacardığımız qədər yazılarla çıxış etdik. İtaliya ilə bağlı bir faktı sizin nəzərinizə çatdırım. İtaliya mediası ilə bağlı ciddi çətinliklə üzləşdik. Ona görə ki, erməni lobbisi Vətən müharibəsi dönəmində nüfuzundan asılı olmayaraq demək olar ki, bütün mətbuat orqanlarına maliyyə ayırırdı. Bununla da, mümkün qədər Azərbaycanla bağlı həqiqətlərin yayılmasının qarşısını alır və özlərinə sərf edən yalan məlumatlar yayırdılar. Biz, bir çox ölkələrdə bu cür faktlara rast gəldik”.
“Biz dövlət və xalq olaraq tarixi qələbə qazanmışıq və torpaqlarımızı işğaldan azad etmişik. Amma bu bizim eyforiyaya qapılmağımıza və arxayınlaşmağımıza səbəb olmamalıdır. Çünki erməni təxribatı davam edir və xüsusilə informasiya savaşında xarici mediada erməni lobbisinin təşkilatçılığı ilə Azərbaycana qarşı yalan məlumatların yayıldığını müşahidə edirik. Təbii ki, müharibə dönəmində gənclərimiz, eyni zamanda xarici ölkələrdə yaşayan soydaşlarımız, xüsusilə sosial şəbəkə platformasında aktiv oldular. Amma müharibədən sonrakı dövr ərzində biz bu aktivliyi müşahidə etmirik. Azərbaycanda fəaliyyət göstərən bir neçə jurnalist və azsaylı diaspor təmsilçilərimizdən fərqli olaraq əksər diaspor təşkilatlarının bu istiqamətdəki fəaliyyətini görmədiyimizi təəssüflə vurğulamaq zorundayıq”.
Ə.Zülfüqaroğlunun sözlərinə görə, Prezident İlham Əliyev bu ilin fevralında gənclərlə görüşündə vacib bir məsələyə toxundu. Dövlət başçısı bildirdi ki, informasiya savaşı davam edir:
“Azərbaycan dünyada bəlkə nadir ölkələrdəndir ki, müntəzəm olaraq hücuma, informasiya hücumuna, şər-böhtan hücumuna məruz qalır. Çünki təkcə şəbəkələrdə yox, Avropanın, Amerikanın bir çox mətbu orqanlarında Azərbaycan haqqında yayılan yalanların arxasında erməni lobbisinin, necə deyərlər, erməni uzunqulaqlarını görürük. Yəni, yazıların 90 faizi ermənilər tərəfindən təşkil edilir”.
Müsahibimiz hesab edir ki, bu gün daha ciddi və intensiv işlərin aparılmasına ehtiyac var:
“Şuşa Qurultayına 65 ölkədən 400 nümayəndə qatılmışdı ki, bu çox ciddi rəqəmdir. Dövlət başçısının bu sahədə konket tapşırıqları var. Amma təəssüf ki, biz yetərincə effektiv fəaliyyət müşahidə etmirik. Şuşa Qurultayından ayyarım zaman keçib. Sadəcə olaraq, bir neçə diaspor təmsilçimiz tərəfindən qurultaydakı çağırışların tələblərinə cavab verən addım atılıb. Bunlara misal olaraq Misir –Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov”, “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov və bir neçə digər diaspor nümayəndəsini misal göstərə bilərik. Müəyyən tədbirlər təşkil olunub və xarici mediada Azərbacan həqiqətləri ilə bağlı materiallar yayımlanıb. Artıq yeni dönəm başlayıb. Bütün sahələrdəki fəaliyyət yeni dönəmin tələblərinə adekvat olmalıdır. Biz ümid edirik ki, heç olmasa yaxın aylarda Şuşa Qurultayındakı çağırışlara və post-münaqişə dövrünün reallıqlarına uyğun fəaliyyət müşahidə edəcəyik”
Diaspor məsələləri üzrə mütəxəssis Elnur Eltürk isə Demokrat.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan diasporu fəaliyyətini hadisələrə görə hesablamamalı və görməməlidir.
“Vətən müharibəsində sonra Azərbaycan diasporu üzərinə düşün vəzifəni layiqincə və şərəflə yerinə yetirdi. Həmin vaxt hər kəs bir məqsəd, amal ətrafında birləşmişdi. Vətən müharibəsindən sonra da Azərbaycan diasporu fəaliyyətini davam etdirir” - deyə o, əlavə edir.
E.Eltürk bu yaxınlarda Azərbaycan diasporunun Kanadada qazandığı tarixi nailiyyətdən danışıb:
“Bu yaxınlarda Kanada da fəaliyyət göstərən Azərbaycan diasporu, xüsusilə, Kanada Azərbaycanlıları Şəbəkəsi uğurlu fəaliyyəti ilə yadda qaldı. Onların uğurlu təbliğatı, düzgün fəaliyyəti nəticəsində Kanada rəsmən Xocalı qətliamını tanıdı. Mən deyərdim ki, bu, Azərbaycanın lobbiçilk tarixində yeni mərhələnin başlanğıcına işarədir. Xüsusilə, burada sistemli, praqramik, düzgün fəaliyyət əsas prioritetdir”.
“İstərdim ki, belə bir uğurlu fəaliyyət digər ölkələrdə də fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyətində görünməlidir. Bu, düzgün xətdir. Ondan öncə Kanada parlamentində də qondarma Dağlıq Qarabağ rejiminin tanınması ilə bağlı qətnamənin qəbul olunmasının qarşısı alındı. Bu, Kanada Azərbaycanlıları Şəbəkəsinin ayıq-sayıqlığı nəticəsində baş verdi. Bundan sonra Azərbaycan diasporu yeni dövrün reallıqlarına uyğun fəaliyyətini qurmalı və fəaliyyət göstərməlidir”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu - “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi”
Aynurə Pənahqızı
Demokrat.az