Indiki Mehdiyev yoxdur, nə dəyişib?! Mətbuat beli bükülmüş, əlləri əsən qocaya oxşayır...






  Azərbaycan Milli Mətbuatı bir ay sonra növbəti yaşını qeyd edəcək.
Hər 22 iyulda olduğu kimi yenə hərdəmxəyal arzular dilə gətiriləcək, rəsmi KİV isə media azadlığının ölkəmizdə fontan vurmasından ağızdolusu danışacaq, nala-mıxa mətbuatına gəlincə, ələbaxımlı həyata vərdiş etdiklərindən bu sahədə islahatlardan söz açacaq, dünənə kimi mədh etdikləri Ramiz Mehdiyev-Əli Həsənov odioz cütlüyündən sonra sanki bir açılım olduğunu inandırmağa çalışacaq. Amma türklərin sözü olmasın, bunların hamısı palavra. Həmin özünə media kapitanı, media generalı rütbəsi verənlər də yaxşı bilir ki, mətbuatın inkişafı, azadlığı, plüralizm, reklam bazarı, ifadə azadlığı, jurnalistlərin peşə fəaliyyətinin sərbəst şəkildə yerinə yetirməsi istiqamətində Mehdiyev-Həsənovdan sonra da heç bir irəliləyiş olmayıb. Əslində, buna yerində saymaq demək lazımdır. Nə geri, nə irəli... Başqa tərəfdən, "boz kardinal" və onun "Fuşe" si hər nə qədər mətbuat azadlığına düşmən kəsilmiş olsalar da, həm də medianın işini və içini yaxşı tanıyırdılar. Təbii ki,  onlara heç bir bəraət qazandırmır. Mehdiyevin müstəqil və tənqidçi mətbuatı görən gözü yox idi və olan-qalanı məhv etmək üçün PA rəhbəri olduğu dövrdə əlimdən gələni də, gəlməyəni də etmişdi. Bəs, indiki Mehdiyev - Həsənov tandemi siyasi səhnədən silinib, nə üçün hakimiyyət mətbuatın azadlığı üçün imitasiyadan uzaq, real açılımlara getmir? Dəyişən nələr olub ki, onu biz görə və hiss edə bilmirik? Misal üçün reklam bazarında hansı liberal addımlar atılıb? Jurnalistlərin informasiya əldə etməsində, dövlət qurumlarının sorğulara operativ cavab verməsində nə kimi irəliləyişlər olub? Tənqidə görə sıxma-boğma, dindirilmə, qeyri-rəsmi xəbərdarlıqlar azalıbmı? Yaxud psevdomüstəqil KİV-lərə hansı azadlıqlar verilib? Niyə yemlənən media holdinqlərə imkan verilmir ki, iqtidarı tənqid etməklə ən azı kosmetik görüntü yaradılsın və xaricdəki blogerlər neytrallaşdırılsın? Axı bu ki hakimiyyətə lazımdır?! Hətta bu yanaşma və strategiya belə yoxdur. Ona görə xərclənən pulların qarşılığında dili qısa olan Azərbaycan mətbuatı xaricdə fəaliyyət göstərən mühacir bloggerlərin, sərt tənqidlə çıxış edən onlayn tv-lərin hələ də arxasınca sürünür. Çünki hakimiyyət özünün nəzarətində olan mediadan belə qorxur, onun tənqidlərinin ictimai rezonans doğurmasından çəkinir. Məsələn, dövlət qəzeti olan "Azərbaycan" vaxtaşırı hansısa məmurdan tənqid yazırdı, ölkə dərhal çalxalanırdı. Halbuki ən normal haldır - qəzet məmuru tənqid edər! Bu baxımdan 147-ci ilini qeyd edəcək Milli Mətbuat dişləri tökülmüş, beli bükülmüş, taqətdən düşmüş, əlləri əsən bir ahıla oxşayır. Hətta yeni yaranan saytlar, Media Agentliyindən aylıq 3-5 manat maliyyə qoparan portallar da ölü doğulmuş uşağa oxşayırlar. Nə tənqid var, nə araşdırma, sadəcə, bir-birini təkrarlayan elektron media palaza bürünüb ellə sürünməkdədir. Ona görə  hakimiyyətin media siyasəti dəyişməyib, bu sahədə islahatlar o qədər epizodik xarakter daşıyır ki, bunu dilə gətirmək belə ayıbdır. Misal üçün bəzi telekanallarda sosial verilişlərin yayımını böyük uğur, mediada açılım kimi sırımağa çalışırlar. Yazılı mətbuat isə özünü ölülüyə vurub, özünə başdaşı qoydurub yas edən son günlərin ən çox danışılan hadisəsi - MTK rəhbəri kimi davranır. Gəlin, bir gün KİV-in monitorinqin aparaq, orada neçə tənqidi və ya araşdırma materialı tapmaq olar ki, medianın azad olduğu qənaətinə gələk. Yenə jurnalisti sorğu-sual etmək, sıxışdırmaq, "bu nazirə toxunma" , "o məmura dəymə" əmri vermək, malalamaq davam edir. O halda nə dəyişib? Və ümumiyətlə, dəyişməsini istəyirlərmi?

Azər Talıbov

Anaxeber.info
Tarix: 6-06-2022, 15:28
Xəbəri paylaş





Xəbər lenti