Tural Abbaslı “avtobus müxalifəti” ifadəsinə münasibət bildirdi: “Sözü olanı meydanda gözləyirik”
““Avtobus müxalifəti” söhbətini edənlərə “mandat”, “mühacir alverçiləri”, “Putinə məktub yazanlar”, “ABŞ-ın agentləri”, yəni o qədər ad qoymaq olar ki... Bizi bəyənməyənlərə, qibtə, səcdə etdikləri Avropada, Almaniyada partiyalarına və özlərinə qarşı insan alverləri ilə bağlı cinayət işləri açılıb. Rusiyanı tənqid atəşinə tutanlar, Rusiyanı “xortdan” görənlər, (əslində bu, doğrudur, yəni Rusiya həqiqətən də“xortdan”dır) Putinə “cənab Putin, bizdə demokratiyanın bərpa olunması üçün öz töhvələrinizi verin” başlıqlı məktublar yazıblar. Onlar Rusiyadan bu və ya digər formada maliyyələşiblər. Bu gün həmin insanlar, həmçinin Qarabağ məsələsində Azərbaycanın əleyhinə olan mövqeləri dəstəkləyən Fransanın ordenlərini yaxalarında gəzdirməklə fəxr edirlər. Oradan gələn qrantlarla “No war” deyərək müharibə eleyhinə çıxış edirlər. Milli dəyərlərimizin əleyhinə çıxış edənlərin, nəsə deməsi bizim üçün maraqlı deyil. Onsuz da əksəriyyəti siyasi səhnədən silinib. Bəziləri üz qızardaraq hələ də siyasətdə qalırlar, amma onların abırları olsa, istefa verərdilər, çünki cəmiyyət onları çoxdan silib. Xalq artıq onları nə müxaliftətçi, nə siyasətçi kimi qəbul edir. Onlar düşünürsə ki, müxalifətçilik əlinə silah alıb, barikada qurub atışmaqdırsa, bu, belə deyil. Müxalifətçilik başqa şeydir. Bu baxımdan bu gün Ağ Partiya Azərbaycanın ən böyük, ən güclü partiyası olaraq tam doğru yoldadır. Biz bunu öz üzvlərimizin fəaliyyətində də görürük. Özlərinə mənəm-mənəm deyən dırnaqarası müxalifətçilər gəlsinlər çıxaq şəhərə, görək insanlar kimə salam verəcəklər, kimi müxalifət hesab edəcəklər, kimin üzünə nə deyəcəklər?!” Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
T.Abbaslı qeyd edib ki, siyasət düşmən olmaq deyil, rəqabətdir: “Buna görə də iqtidar-müxalifət münasibətlərinin normallaşmasında olan dialoq anlaşılandır. Rəqiblər düşmən olduqları zaman bir-birini məhv etməyi özlərinə hədəf kimi görürürlər. Yəni “siz bizi həbsxənaya basın”, biz də gələrik “sizi Azadlıq meydanında dar ağacından asarıq”... Belə təfəkkür heç Afrikada da qalmayıb. Həm XXI əsrdə normal sivil dövlət qurmaq istəyirik, həm də öz iqtidarımızla bir masa arxasında oturanları tənqid edirik. Bu gün bizi tənqid edənlərin çoxu vaxtilə kafelərdə, restoranlarda, zirzəmilərdə hakimiyyətin indi uzaqlaşdırılan kadrları ilə alver ediblər, sövdələşmələr həyata keçiriblər. Dialoq prosesimiz göz qabağındadır və burada gizli şəkildə heç nə olmur. Hamısının görüntüləri çəkilir. İndiki məqamda şadıq ki, bu proseslər hansısa nəticələri verir. Özüm mitinq təşkilatçısı kimi həbsdə olmuşam, özüm universitetdən, qohum-əqrəbam iş yerlərindən qovulub, dəfələrlə polis bölməsində, digər yerlərdə zorakılığa, təzyiqə məruz qalmışam, amma siyasət bu deyil. Biz siyasəti yeni mərhələyə qaldırmalıyıq. Onların hamısı kənardan guruldayır, heç birinin də bu mövzularla bağlı müzakirə, debat aparmağa cəsarəti çatmaz, çünki biz onların kim olduğunu onların özlərindən daha yaxşı bilirik”.
Partiya sədri bildirib ki, Ağ Partiya diqqətə layiq olan hər bir məsələyə fikrini bildirib və bundan sonra da bildirəcək: “Biz kimlərinsə diqtəsi ilə süni şəkildə gündəm olaraq yaradılmış və partiyamızın siyasi-ideoloji istiqamətinə uyğun olmayan məsələlərə heç vaxt reaksiya verməmişik və verməyəcəyik də. Feministlər, nə bilim, başqaları gedib nəsə edəcək, biz də onlara dəstək verəcəyik? Belə şey ola bilməz. Biz mühafizəkar, milli-mənəvi dəyərlər üzərində qurulan partiyayıq və bizim üçün dəyərlər daha önəmlidir. Bu baxımdan da nəyə məsləhət bilmişiksə, ona da dəstək vermişik və yanında olmuşuq. Kim bizi sevəcəksə, buyursun, sevməyəcəksə, sevməsin. Peyğəmbəri belə bəyənməyən insanlar hamımızı bəyənməyəcəklər ki. Ünvanımıza olan şayiələr, söz atmalar bizə maraqlı deyil. Sözü olanı meydanda gözləyirik.”
Tarix: 6-06-2022, 22:13