Razi Nurullayevin müavinindən etiraz: “İş yoxdur, insanlar intihar edir, dövlət qurumları…”


“Birpartiyalı sistem heç vaxt uğur gətirməyib. Dünyada birpartiyalı sistemlər dəyişir və dəyişməkdə davam edir. Birpartiyalı sistemlər daha çox zor üzərində faliyyət göstərir. Belə sistemlərin aqibəti sonda xaosa gətirib çıxarır. Bu gün ölkəni idarə edən partiya ölkəni birpartiyalı olaraq idarə etmək qabiliyyətini itirib və günü-gündən xalqla hakimiyyət arasında uçurum yaradır. Hər gün yeni fəsadların üzə çıxmasına baxmayaraq, insanları aldadaraq, “bir az da səbr edək, yaxşı olaçaq” deyərək boş vədlər verir. Biznes mühiti bərbaddır, orta və kicik biznes sahələri tam çökdürülüb. Günü-gündən işsizlik artır. Yeni iş yerləri açılmaq əvəzinə, olanlar da bağlanır. Böyük şirkətlər və idarələrdə iş yerləri bağlanır, insanları kor-koranə, heç bir konpensasiya ödəmədən çölə atırlar. Millət iş axtarıb tapmağın boş xülya olduğunu bildiyindən, ailə dolanışığı üçün ölkədən baş alıb getməyi üstün tutur”. 
Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyası (MCP) sədrinin birinci müavini Rafiq Daşdəmirli deyib.
R.Daşdəmirli bildirib ki, iş tapa bilməyənlər, ailə-uşaq qarşısında başıaşağı olmaqdansa, intiharı daha üstün tuturlar: 
“Ölkənin taleyi tək neftdən asılı vəziyyətə salındığından, hər kəs gözünü neftin qiymətinin dünya bazarında bahalaşmasına kökləyib. Onsuz da neft qiymətinin xalqa heç bir xeyri olmadığını bildikləri halda, təki bahalaşsın, bəlkə qiymətlər düşər düşüncəsi ilə yaşayırlar. Manatın dəyəri qiymətlərlə ekvivalent deyil. Bazarlarda vəziyyət çox ağırdır. Qiymətlər on dəfədən çox qalxıb. Məmur özbaşnalığı hamını bezdirib. Bu ölkədə rüşvətsiz heç nə əldə etmək mümkün olmur. Ölkədə rüşvətxorluq o həddə çatıb ki, uşaq bağçalarından başlayaraq, qəbir evinə qədər hökm edir. Dövlət müəssisələri dövlətin deyil, oranın başında duran məmurun dədəsinin qurumu kimi idarə olunur”. 
R.Daşdəmirli əlavə edib ki, Milli Cəbhə Partiyası olaraq belə iş prinsipinə qarşıdırlar: 
“Birmənalı olaraq birpartiyalı sistemin əleyhinəyik. Ölkəni bu durumdan çıxarmağın yolu təkliflər paketimizdə hökumətə təqdim olundu. Siyasi və iqtisadi islahatlar olmalı, barış mühiti yaranmalı, ölkədəki dialoq mühiti genişlənməli, tam olaraq kreslo düşkünlərindən xilas olmalıyıq. Monopoliyaya son verilməli, banklar xalqa qaytarılmalı, kredit siyasətinə baxılmalıdır. Köhnə kreditlər ləğv edilməli, insanlara həqiqi azadlıq verilməlidir. Gənc ailələrin yaşam tərzi dünya ölkələrindən də yüksək səviyyəyə gətirilməlidir. Torpaq məmurlardan alınıb kəndliyə qaytarılmalıdır. Qanunlarda dəyişiklik edib, hər kəs üçün bərabər şərait yaradılmasına nail olmalıyıq. Qanunu pozanlar isə tam olaraq yağmaladığı varidatı dövlətə keçirib, özü isə qaranlıq zindana əbədi göndərilməlidir. Xalq sözü ilə desək, “day-dayılıq” birmənalı ləğv edilməlidir. Bunları həyata keçirməyin tək yolu xalqın birləşıb bizə dəstək olmasıdır. Hər kəsi Milli Cəbhə Partiyası (MCP) ətrafında birləşməyə səsləyirəm”. 
Tarix: 8-06-2022, 17:25
Xəbəri paylaş





Xəbər lenti