Azərbaycan ABŞ, Avropadan gələn turistdən niyə VİZA tələb edir ki?! - EKSPERT


“Bu ilin yanvar-aprel aylarında ölkəmizə 206 min 50 nəfər xarici turist gəlib, turistlərin ölkələr üzrə adambaşına xərclərinə baxanda ən çox Kanada vətəndaşları pul xərcləyiblər. Cəmi 279 kanadalı turist gəlib, onların adambaşına xərclədiyi vəsait 2806 manat olub, ikinci yerdə ABŞ vətəndaşlarıdır – cəmi 1438 turist gəlib, adambaşına 2684 manat pul xərcləyiblər. Sonrakı yerlər: Qətər – adambaşına 2615 manat, Yaponiya – adambaşına 2374 manat, Avstraliya – adambaşına 2146 manat, AB ölkələri – 1944 manatla 1600 manat arası. Ən az pul xərcləyənlər isə Gürcüstan, Türkmənistan və Qırğızıstandır”.
Siam.az xəbər verir ki,bunu Bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, çox pul xərcləyən turistlərin gəldiyi ölkələrə Azərbaycan hələ də VİZA tətbiq edir: “Doğrudur, prosedur xeyli asanlaşıb, elektron VİZA da var, amma ABŞ, Kanada, Yaponiya, AB ölkələrinə niyə VİZA tətbiq olunmalıdır ki? Bunun səbəbi, məqsədi nədir? VİZA-nı o ölkələr tədbiq edir ki, gələnlərə nəzarət etsin, heç kim pasportunu cırıb, məsələn, ABŞ-də, AB ölkələrində qalmasın. Yaxşı, biz niyə tədbiq edirik ki? Axı bir tək elə VİZA-ya görə, məsələn, Gürcüstana gələn avropalı və amerikalılar Bakıya gələ bilmirlər, halbuki VİZA olmasa, həm də AZAL normal işləsə, quru sərhədlər açılsa, regiona gələn turistlər həm Tiflisi, həm də Bakını görmək istəyərdilər”.

Natiq Cəfərli VİZA tələbinin təhlükəsizlik məsələsi ilə bağlı heç bir əlaqəsi olmadığını düşünür: “VİZA ilə də, VİZA-sız da ölkəyə gələnlər nəzarətdən keçib sonra məmləkətə buraxılırlar, kimdənsə şübhələnsələr, ölkəyə buraxmasınlar, olsun-bitsin bu iş, daha VİZA nəyə lazımdır ki? Gürcüstan 16 ildir bir çox ölkələrlə VİZA-nı ləğv edib, məgər təhlükəsizliklə bağlı problemlər yaşayır?”.
Tarix: 11-06-2022, 22:35
Xəbəri paylaş





Xəbər lenti