Ukraynanın “düşmənləri” Kiyevə toplandı: Özəl maraqları var


 

Almaniya, Fransa və İtaliya ABŞ-Böyük Britaniya cütlüyünü dünyanı yenidən “soyuq müharibə”yə sürükləmək ittihamı ilə şantaj edir... Bu uydurma ittihamların gündəmə gətirilməsində əsas məqsəd isə Qərbi Avropa ölkələrinin Rusiyanın “bataqlıq”dan çıxarılmasından asılı olan özəl maraqlarını ört-basdır etməkdir...

Ukrayna savaşı ətrafında beynəlxalq rəqabət dərinləşir. Bu rəqabət Rusiyaya qarşı beynəlxalq koalisiyanı da parçalanma təhlükəsi qarşısında qoyub. Hətta bəzi dövlətlərin mövqelərinə diqqət etdikdə Rusiya əleyhinə koalisiyanın artıq parçalandığını da iddia etmək mümkündür.
Məsələ ondadır ki, bəzi Qərbi Avropa ölkələri Ukrayna savaşının mümkün qədər tez bir zamanda dayandırılmasının mümkün yollarını axtarmağa başlayıblar. Həmin dövlətlərə Avropa Birliyinin aparıcı ölkələri olan Almaniya, Fransa və İtaliya liderlik edir. Və bu, istər-istəməz qarşı tərəfi – ABŞ-Böyük Britaniyanı qıcıqlandırır.
Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşının dayandırılmasına cəhd göztərən ölkələrin liderləri – Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və İtaliya baş naziri Mario Draqi paytaxt Kiyevə səfər ediblər. Onlar Ukrayna və Rusiya arasında sülh danışıqlarına vasitəçilik missiyasını öz üzərlərinə götürməyə çalışırlar.
makdraqi.JPG (37 KB)
Ancaq bunun o qədər də asan məsələ olmadığı qətiyyən şübhə doğurmur. Çünki rəsmi Kiyev Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və İtaliya baş naziri Mario Draqiyə güvənmədiyini gizlətmir. Ukrayna rəsmi dairələri hesab edirlər ki, bu üç ölkənin Rusiyaya qarşı beynəlxalq koalisiyanın fəaliyyət prinsipləri ilə ziddiyyət təşkil edən özəl maraqları var və onların liderləri də savaşın iştirakçılarına münasibətdə tərəfsiz deyillər.
Maraqlıdır ki, Almaniya, Fransa və İtaliya liderləri öz açıqlamaları və davranışları ilə rəsmi Kiyevin bu mövqeyini dəfələrlə haqlı çıxarıblar. Almaniya kansleri O.Şolts bir neçə dəfə rəsmi Kiyevi Rusiya ilə güzəştli şərtlər daxilində anlaşmağa çağırıb. Üstəlik, Almaniya Ukraynaya vəd etdiyi hərbi texnikanın göndərilməsi prosesini də müxtəlif bəhanələrlə uzatmaqda davam edir.
İtaliya baş naziri M.Draqi isə Ukraynanın bəzi ərazilərinin Rusiyanın nəzarətində qalmasını nəzərdə tutan sülh planının müəllifidir. O, hesab edir ki, rəsmi Kiyev Ukrayna ərazilərinin bir hissəsini Rusiyaya güzəştə getməlidir. Bundan sonra sülh sazişi imzalanmalı, Avropa qıtəsinin enerji resursları ilə təminatı bərpa olunmalı və Rusiyaya qarşı sanksiyalar da tədricən ləğv edilməlidir.
Fransa prezidenti E.Makron da Almaniya və İtaliya liderlərinin mövqeyini açıq şəkildə dəstəkləyir. Onun fikrincə, Ukrayna savaşa son qoymaq üçün ilə "yeni dərin müzakirələr" aparmağa hazır olmalıdır. Fransa prezidenti hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin “qürur”unu sındırmaq olmaz və Ukrayna mütləq müəyyən güzəştlərə getməlidir: “Ukrayna müharibəni bitirmək istəyirsə, nə vaxtsa, Rusiya ilə danışıqlar aparmalı olacaq”.
7bf658b8-29e6-3f5e-8c1a-f7f806872909_850.jpg (61 KB)
Maraqlıdır ki, rəsmi Kiyevin Rusiyaya lobbiçilik etməkdə suçladığı Almaniya, Fransa və İtaliyanın mövqeyi Kremldən verilən açıqlamalarla tamamilə uzlaşır. Buna əmin olmaq üçün Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin açıqlamasına diqqət yetirmək kifayətdir: “Rusiya hərbi əməliyyatları dayandırmaq üçün tez bir zamanda Ukrayna ilə siyasi-diplomatik anlaşmanın əldə olunmasında maraqlıdır. Ancaq Moskva və Kiyev arasında danışıqlar hələlik Ukrayna tərəfindən dondurulub”.
Almaniya, Fransa və İtaliya hazırda Rusiyanı xilas etməkdə birbaşa maraqlıdır. Bu üç dövlətin enerji resurslarına görə Rusiyaya ehtiyacı var. Eyni zamanda, bu ölkələr Kremlin güclənməsini istəməsələr də, Rusiyanın beynəlxalq siyasət məkanından tamamilə təcrid olunmasını da özləri üçün real təhlükə hesab edirlər. Çünki, bu halda, dünya hegemoniyası anqlosaksonların əlinə keçə bilər. Yəni, Ruisyanın yaratdığı beynəlxalq qüvvələr nisbətinin pozulması Avropa Birliyinin iflasının sürətlənməsi, “qoca qitə” dövlətlərinin ABŞ və Böyük Britaniyadan asılı vəziyyətə düşməsi anlamı daşıyardı.
Ona görə də, anqlosaksonların hegemoniyası altına düşmək istəməyən Almaniya, Fransa və İtaliyanın liderlik etdiyi Qərbi Avropa dövlətləri daha az itkilər vəd edən variantı seçmiş kimi görünürlər. Belə ki, hazırda Qərbi Avropa ölkələrinə Ukrayna savaşının dayandırılması, münaqişənin həllinin onilliklər boyu davam edəcək danışıqlar prosesi ilə uzadılması daha sərfəlidir. Ona görə də, Fransa prezidenti ən xırda imkanda ABŞ və Böyük Britaniyanı savaş tərəfdarı olmaqda suçlayaraq, şantaj etməyə çalışır.
Rəsmi Parisin Almaniya, Fransa və İtaliyanın mövqeyini ABŞ və Böyük Britaniyanın davranışları ilə müqayisə etməsi də məhz şantaj məqsədi daşıyır. Fransa iddia edir ki, ABŞ və Böyük Britaniyanın davranışları dünyanı yenidən məhz “soyuq müharibə” dövrünə qaytara bilər: “ABŞ prezidenti Co Bayden və Böyük Britaniya baş naziri Boris Consonun hədəfləri ilə bizim mövqeyimiz arasındakı əsas fərq də məhz bundan ibarətdir”.
589a5d6b-1529-49b3-a780-2aafa6e86dde.jpg (110 KB)
Təbii ki, bu, həm də anqlosaksonlarla Avropanın yollarının ayrıldığına da dolayısı eyhamdır. Halbuki, rəsmi Parisin “soyuq müharibə” barədə dedikləri reallıqdan olduqca uzaq iddiadır. Dünyanı yeni “soyuq müharibə” təhlükəsinin gözləmədiyi artıq qətiyyən şübhə doğurmur. Çünki, “soyuq müharibə” situasiyasının yaranması üçün qarşıduran tərəflər arasında qüvvələr nisbətinin balanslaşması vacib şərtdir.
Ancaq Rusiya vaxtilə “soyuq müharibə”nin əsas iştirakçısı olan keçmiş SSRİ ilə müqayisədə olduqca zəifdir. Eyni zamanda, hazırda Rusiyanın patronajlığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), vaxtilə keçmiş SSRİ-nin liderlik etdiyi Varşava Müqaviləsi Təşkilatından (VMT) çox-çox geri qalır. VMT-nın üzvlərinin əksəriyyəti artıq NATO-nun tərkibindədir. KTMT-nın tərkibindəsə, hətta keçmiş SSRİ respublikalarının belə, heç də hamısı yer almır. Bu baxımdan, daha da zəifləməkdə olan Rusiyanın KTMT-ya güvənərək, ABŞ və onun patronajlığı altındakı NATO ilə rəqabət aparması qətiyyən mümkün deyil.
Bütün bunlar onu göstərir ki, rəsmi Parisin “soyuq müharibə” təhlükəsi barədə iddiaları uydurmadır və daha çox Fransanın Rusiyaya bağlı maraqlarını ört-basdır etmək üçün düşünülüb. Artıq heç bir şübhə yoxdur ki, Almaniya, Fransa və İtaliya çökməkdə olan Rusiyanı “bataqlıq”dan çıxartmağa çalışır. Əsas məqsəd Avropanı aqlosaksonların hegemoniyasından xilas etmək üçün Rusiyanın tamamilə “batmasının” qarşısını almaqdır.
Son vaxtlar Ukraynanın “düşmənləri” kimi davranan Almaniya, Fransa və İtaliya liderlərinin Kiyevə səfəri də yəqin ki, prezident Volodimir Zelenskini ərazi güzəştlərinə razı salmaq məqsədi daşıyır. Ona görə də, Rusiya prezidenti Vladimir Putinin Ukrayna lideri V.Zelenkinin təslim olmağa razılaşması barədə xəbəri böyük səbrsizliklə gözlədiyi də istisna deyil. Halbuki indiki situasiyada ABŞ və Böyük Britaniyanın Qərbi Avropa dövlətlərinə belə “hiyləgər oyun” imkanı tanıyacağı qətiyyən inandırıcı görünmür.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”
Tarix: 16-06-2022, 23:23
Xəbəri paylaş





Xəbər lenti