Azərbaycanda açılmayan sərhəd müəmması: - “Dövlət sirridir”



Uzun müddətdir ki, quru sərhədləri bağlıdır və bu istiqamətdə mövcud problemin aradan qaldırılmasının vacibliyinə dəfələrlə toxunulub.

Belə ki, bu məsələ istər Milli Məclis səviyyəsində dəfələrlə qaldırılmasına, istərsə də ictimaiyyətin ciddi narazılğına baxmayaraq, hələ də quru sərhədləri açılmır. Vətəndaşlara isə bu problemin həlli Operativ Qərargahdan asılı olduğu deyilsə də hələ ki, hökumətin bu barədə qərarı düyünə düşüb. Əhali isə bu barədə Milli Məclisin, yaxud da Operativ Qərargahın qərar verməsini gözləsə də hələ ki, yeganə nəqliyyat olan təyyarənin ümidinə qalıb. Göründüyü kimi baha qiymətə olan təyyarə biletləri alan bəzi vətəndaşlar sərhədləri keçə bilsə də quru yolunun ümidinə qalanlar gözləmə mövqeyindədirlər. Beləliklə, aylardır ki, bu proses davam edir. Halbuki bir çox ölkələr artıq xeyli müddətdir ki, quru sərhədlərini açıb.

Qeyd edək ki, Gürcüstan ötən ilin iyunun 1-dən quru sərhədlərini açıb. Azərbaycanın qonşu ölkə ilə quru sərhədləri 2020-ci ilin mart ayının 14-dən bağlıdır. Ümumiyyətlə, may ayının 1-də quru sərhədlərinin açılacağı barədə məlumat yayılsa da, bu da nəticəsiz qaldı. Sonra isə iyunun1-dən açılacağı ilə bağlı xəbərlər yayılsa da yenə də bu baş vermədi. Artıq yay turizm mövsümü başlayıb və turizmi prioitet elan edən Azəbaycan quru sərədlərlə turizmi necə inkişaf etdirəcəyi də sual altındadır. Beləliklə, naməlum səbəblərdən quru sərhədlərinin bağlı qalmasından isə qazanan xalq deyil, yalnız hər zamankı kimi “AZAL”dır.

Maraqlıdır, insanların əziyyətlə üzləşməsinə səbəb olan, uzun müddətdir ki, səbirsizliklə gözlədiyi quru sərədlərinin açılmaması ilə bağlı gizli saxlanılan səbəb nədir və doğrudanmı bu problem sərhədləri açıq olan heç bir dünya ölkəsinə deyil, məhz Azərbaycana aiddir? Dia.az-ın məlumatına görə, millət vəkili Tahir Rzayev Cebhe.info-ya bildirdi ki, quru sərhədlərinin bağlı olması müəyyən təhlükəsizlik məsələləri ilə əlaqədardır:

“Hər bir turistin təhlükəsizliyi təmin olunmalıdır. Hansısa bir hadisə baş verərsə, dövlət məsuliyyət daşıyır. Ancaq mən də tərəfdarıyam ki, yay mövsümü başlayıbsa, bir çox xarici ölkələrin quru sərhədləri açılıbsa, tənzimləmələr olsun, müəyyən ərazilərdə turistlərin gəliş-gedişi üçün şərait yaradılsın. Biz bu yaxınlarda Şuşaya getdik və bu zaman bir neçə postdan keçdik. Gördük ki, təhlükəli ərazilər var. Həmin ərazilərdə daş-daş üstündə qalmayıb, hər yer dağıdılıb. Dağıdılan hər bir binanın, bulağın, daşın altında ermənilərin basdırdığı təhlükəli maddə, mina ola bilər. Bu gün də onlar müəyyən təxribatlara əl atırlar. Ona görə də mütləq təhlükəsizlik təmin olunmalıdır. Təbii ki, hər bir ölkə daha çox turistin gəlməsini istəyər. Onlar ölkəyə gəldikdə müəyyən vəsait xərcləyirlər. Digər tərəfdən, turistlərin gəlməsi Azərbaycanın tanıdılması, həqiqətlərin yayılması, ölkələrarası münasibətlərin qorunması deməkdir. Ancaq müəyyən səbəblərdən sərhədlərin qorunması təmin olunmur”.

Millət vəkili onu da bildirdi ki, vətəndaş kimi “AZAL”ın təyyarə biletlərinin qiymətini artırmasının tərəfdarı deyil:

“Çünki Azərbycan vətəndaşları müntəzəm olaraq bu reyslərdən istifadə edirsə, qiymətlər mütləq tənzimlənməlidir. Əgər Azərbaycanda təyyarə biletləri Gürcüstan, Türkiyə və digər ölkələrlə müqayisədə xeyli bahadırsa, bu, bizim xeyrimizə deyil. Çünki bu həm gediş-gəlişi çətinləşdirir, həm də vətəndaşların ciddi narazılığına səbəb olur. Təhlükəsizlik məsələsinə gəldikdə isə Azərbaycanda bu gün təhlükəsizlik təmin olunur. İstər quru yol, istərsə də hava nəqliyyatında təhlükəsizlik təmin olunur. Əgər hansısa bir cinayətkar məqsədinə nail olmaq istəyirsə, istər quru, istərsə də hava yolu ilə keçə bilər. Ancaq bunun qarşısı alınır. Müəyyən xəstəliklərin yayılma ehtimalı var. Bəzi məsələlər var ki, dövlət sirridir. Bu, tam aydın deyil. Ölkədə müharibə qurtarıb, təhlükəsizlik məsələləri var ki, məsələn, elə mina axtaranların özü minaya düşür, həlak olur. Ona görə də bu məsələlərə daha ciddi yanaşmaq, təmkinli, səbirli olmaq lazımdır”.

Görünən odur ki, ÜST pandemiyanın artıq minimuma endiyini təsdiqləsə də, aylar bir-birini əvəz etsə də. vətəndaşların istəklərinə yenə də məhəl qoyulmur. Quru sərhədləri açıq olan heç bir ölkə üçün önəmli olmayan bu “səbəb” isə Azərbaycan üçün “ciddi sirr” olaraq qalır.

Tarix: 21-06-2022, 23:06
Xəbəri paylaş





Xəbər lenti