Trampın Rusiya fobiyası, yoxsa Bayden İRONİYASI? – ŞƏRH



ABŞ-ın sabiq prezidenti Donald Tramp növbəti dəfə avropalıları qorxuya salan açıqlama ilə çıxış edib. Belə ki, o mətbuata açıqlamasında "Unutmayın: siz rus hərbi maşınına qarşısınız. Hitlerə qalib gəldilər, Napoleonu məğlub etdilər. Bu, müharibə maşınıdır, nəhəng bir ölkədir", - deyə o, qeyd edib.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Trampın bu cür açıqlaması daha çox ABŞ-ın Ukraynaya dəstəyindən narazı qalan elektoratı öz tərəfinə çəkmək məqsədi daşıyan düşünülmüş taktikadır:

“Donald Tramp daim Rusiyadan çəkinib. O, Rusiya ilə bağlı mövqe ortaya qoyarkən Baydendən fərqli olaraq hər zaman müəyyən qədər ehtiyatlı davranmağa çalışıb. Prezident seçkiləri ərəfəsində Tramp Rusiya və bu ölkəyə bağlı proksilərin hansısa bir formada ABŞ-dakı seçki prosesini sabotaj etməsini istəmir. 

Eyni zamanda, o, başa düşür ki, Rusiya Ukrayna müharibəsinə görə, Amerika cəmiyyətində Kiyevə dəstək məsələsində ikitirəlik mövcuddur. Amerikalıların bəziləri hesab edir ki, Vaşinqtonun Kiyevə milyardlarla dollar yardım etməsi ABŞ daxilində ciddi problemlər yaradır. Sosial və aqrar sahədə Baydendən islahatlar gözləyən insanlar Ukrayna müharibəsinə bu qədər yardımın göndərilməsini həzm edə bilmirlər. 
Tramp da bu müstəvidə həmin narazı kontingenti öz tərəfinə çəkmək istəyir. Ona görə də açıqlamalarında Rusiya yönümlü fikirlər səsləndirir. Nəzərə alaq ki, Trampın hakimiyyəti dövrü Rusiya-ABŞ münasibətlərinin tarixində ən yaxşı dövrlərindən biri kimi xarakterizə edilir. O, çox sərt xarici siyasət kursunun tərəfdarı deyil. Ona görə də dedikləri seçki qabağı düşünülmüş taktikadır”.
Tarix: 22-02-2024, 18:28
Xəbəri paylaş





Xəbər lenti