Dünyanı gözləyən rus təhlükəsi: Azərbaycan bu təhlükədən necə sığortalana bilər?

 
Sabah Rusiyanın Ukraynaya növbəti hücumunun iki ili tamam olur. Xatırlayırsınızsa, 24 fevral 2022-ci ildə Rusiya Ukraynaya hücum edəndə hər kəs bu müharibənin 3-4 gün sürəcəyini düşünürdü. Həm Qərb, həm də Rusiya analitikləri işğal ordusunun bir neçə gün ərzində Kiyev daxil olmaqla bütün Ukraynanı ələ keçirəcəyinə inanırdı. Həqiqətən də ruslar qısa zaman ərzində Kiyevin astanasına qədər gəlib çıxmışdılar. Amma Ukrayna xalqının qəhrəmancasına dirənişi müharibənin 3-cü ayında rus qoşunlarını geri oturtdu. Ukraynanı işğal edə bilməyəcəklərini anlayan ruslar qoşunlarını ölkənin şərqinə çəkdi və burada möhkəmləndilər. 
 
Nə yazıq ki, müharibənin ikinci ilində Ukraynanın əks-hücumları gözlənilən nəticəni vermədi. Bunun başlıca səbəbi Qərb dövlətlərinin, xüsusilə də ABŞ-ın Ukraynaya zamanında yetərli silah dəstəyi verməməsi ilə əlaqədardır. Ukraynaya hücum silahlarının, o cümlədən F-16 təyyarələrinin verilməməsi rusların Şərqi Ukraynada müdafiə istehkamlarını möhkəmlətməsi ilə nəticələndi. Rəsmi Kiyevin ötən ilin yaz aylarında başlatdığı əks-hücum məhz bu səbəbdən arzulanan nəticənin əldə edilməməsinə yol açdı.
 
Ukraynanın əks-hücumlarının istənilən nəticəyə çatmaması ABŞ-ın yeni bəhanələrini də bərabərində gətirdi. Xüsusilə bu il noyabr ayında keçiriləcək prezident seçkiləri ərəfəsində namizəd kimi çıxış edən Donald Trampın və Respublikaçılar Partiyasının açıq şəkildə Rusiyayönümlü mövqe tutması, hətta Trampın hakimiyyətə gələcəyi təqdirdə Rusiya ilə anlaşıb hərbi büdcəsini ÜDM-nin 2%-nə yüksəltmək istəməyən NATO ölkələrinin üstünə “qısqırdacağı” kimi açıqlamaları təkcə Kiyevdə deyil, bütün Avropa ölkələrində ciddi xəyal qırıqlığına səbəb oldu. Avropa ölkələri ciddi şəkildə silahlanmaya başlasalar da, müdafiə sənayelərinin istehsalının nəinki Ukraynanı, hətta özlərini belə qorumağa yetməyəcəyi anlaşıldı. ABŞ-da Ukraynaya hərbi yardım paketinin Konqresdə Demokratlar əngəlinə ilişib qalması onu göstərir ki, bu ölkə özünün və Avropanın ümidinə buraxılıb. Qərbi Avropa ölkələri isə müharibənin əvvəlində belə, Ukraynaya dəstək verməmək üçün ayağını yerlə sürüyür, bu istiqamətdə ciddi dəstək verməmək üçün dirənirdi.
 
İndi artıq Qərb ölkələrində Ukraynanın Rusiya üzərində qələbəsi müzakirə belə edilmir. NATO-nun Avropa müttəfiqləri Ukraynanın öz torpaqlarınl güzəştə getməsi müqabilində Rusiya ilə anlaşması təkliflərini dilə gətirirlər. Üstəlik, bu təkliflər yeni ortaya çıxan “çozüm yolu” da deyil. Ötən il Ukraynanın əks-hücum əməliyyatlarının uğur qazanmayacağı anlaşılanda NATO-nun bir sıra rəsmiləri bu barədə təkliflərini açıq şəkildə rəsmi Kiyevin qarşısına qoyurdular.
 
Bir müddət əvvəl Münxendə keçirilən Təhlükəsizlik Forumda da Ukrayna öz istədiyini ala bilmədi. Baxmayaraq ki, Böyük Britaniya, Almaniya və Fransa kimi güclü Avropa dövlətləri Ukraynanı silahlandırmağa söz versələr də, göstərilən hərbi yardımlar arasında güclü hücum silahları hələ də yoxdur. Məlumata görə, Almaniya bu ölkəyə hərbi yardımını artırsa da, mühüm əhəmiyyət kəsb edən “Taurus” raketlərini verməkdən çəkinir. Böyük Britaniyanın davamlı dəstəyi də qarşıdan gələn seçkilərlə bağlı qeyri-müəyyənliklərlə doludur. Fransa isə anqlosakson ittifaqı özünə rəqib olaraq gördüyündən Ukraynanın uğur qazanmasında o qədər də maraqlı görünmür.
 
Bəzi Qərb analitikləri məhz bu səbəbdən Ukraynanın bugünkü vəziyyətini 1938-ci ildə bir neçə Avropa liderinin alman faşizmi ilə anlaşması ilə müqayisə edirlər. Onların fikrincə, 1938-ci ildə alman faşistlərinə verilən güzəştlər də bu gün Rusiyaya edilmiş güzəştlərlə eyni mahiyyətdə idi. “Məhz o zaman Böyük Britaniyanın Baş naziri Nevil Çemberlen nasist lideri Adolf Hitler və fransalı respublikaçı və italyan faşist həmkarları ilə görüşərək, Üçüncü Reyxin Çexoslovakiyanın qərb hissəsini (almanlar bunu Sudetenland adlandırırdılar) ilhaqı barədə saziş imzaladı və sadəlövhcəsinə ümid edirdi ki, bu güzəşt onlara daha böyük Avropa müharibəsindən qaçmağa imkan verəcək”, - NATO-ya bağlı “Atlantic Consil” düşüncə mərkəzinin prezidenti və baş icraçı direktoru Frederik Kempe öz analitik yazısında bildirir.
 
Frederik Kempenin xatırladır ki, Hitler Fransa, İtaliya və Böyük Britaniyanın liderləri ilə əldə etdiyi bu razılaşmaya əsasən, 1938-ci ilin martında almandilli Avstriyanı ilhaq etdi və ardınca da Çexoslovakiyanın almandilli Sudeten bölgəsini ələ keçirməyə qərar verdi: “Bu gün Putin də artıq Ukraynanın xeyli sayda rusdilli əhalisi olan hissələrini - onun mülkiyyəti hesab etdiyi əraziləri - Krımı, Luqanskı, Zaporojeni, Xersonu və Donetskini işğal və ilhaq edib”.
 
Maraqlıdır ki, II Dünya müharibəsində Şərqi Avropanı ələ keçirməyə çalışan Hitlerlə bugünkü rus lideri Vladimir Putinin söykəndiyi arqumentlər də eyni idi. Hitler də bu bölgələrdə almandilli əhalisi yaşadığını bəyan edib həmin əraziləri ilhaq etməyə çalışırdı, Putin də eyni məntiqlə rusdilli əhalinin mədəni-siyasi hüquqlarını əsas gətirib Şərqi Ukraynanı özünə birləşdirib və bunun uğrunda müharibə aparır. 
 
Dərd burasındadır ki, rusdilli əhali təkcə Ukraynanın sözügedən ərazilərində yaşamır. Baltikyanı ölkələrin əhalisinin 25-30%-i də rusdillidir. Eynilə Qazaxıstanda 18-20%  rusdilli əhali mövcuddur və onların böyük əksəriyyəti Rusiya ilə sərhəddə məskunlaşıb. Yaxud Moldovanın Dnestryanı ərazilərində hər an müstəqilliyini elan etməyə hazır olan rus topluluğu var və onlar faktiki olaraq öz “dövlətlərini” qurublar. Eyni sözləri şagirdlərinin 30%-dən çoxu rusdilli məktəblərdə oxuyan Azərbaycan üçün də demək olar. Baxmayaraq ki, onların böyük əksəriyyəti etnik azərbaycanlıdır. Amma Rusiya üçün onların etnik kimiyi yox, danışdıqları dil önəmli ola bilər. Göründüyü kimi, Azərbaycanda göbələk kimi artan rusdilli məktəblər faktiki olaraq rus işğalına zəmin yaradır.
 
1938-ci ildəki alman faşizmi ilə bugünkü Putin Rusiyası arasındakı bənzər bir təhlükə hər iksinin sonradan tərəfdaş toplaması və ittifaq qurması ehtimalı ilə bağlıdır. Frederik Kempe də bu təhlükəyə diqqət çəkərək yazır: “1938-ci illə bu gün arasında daha bir oxşarlıq avtoritar güclərin tədricən uyğunlaşmasıdır. Çemberlenin bədnam Münhen razılaşmasından qısa müddət sonra Alman-İtalyan-Yapon faşist-millətçi ittifaqı ortaya çıxdı. Bu gün həm Avropa, həm də ABŞ liderləri Rusiya, Çin, İran və Şimali Koreya avtoritar liderləri arasında getdikcə daha sıx uyğunlaşma müşahidə ediblər”. 
 
Üstəlik, Frederik Kempenin nədənsə nəzərindən yayınsa da, Şərqi Avropa ölkələrində NATO və Aİ-nın üzvü olmalarına baxmayaraq, Rusiyaya yaxınlığı ilə seçilən Macarıstan, polyaklar, çexlər və slovaklar kimi Qərbi slavyanlar xalqları da var. Bundan əlavə, Bosniya və Herseqovinada yaşayan serb azlıq, Xorvatiya, Serbiya, Balkan ölkələrinin bəzilərində yaşayan pomaklar, Monteneqro, Bolqarıstan, Sloveniya və Makedoniya əhalisinin böyük hissəsi Cənubi slavyanlar qrupuna daxildir. Sabah Rusiya Ukrayna qarşısında böyük uğurlar qazanarsa və NATO ölkələri onun qarşısından geri çəkilərsə, Şərqi Avropanın böyük ərazilərinə yayılan slavyanların hansı mövqeni tutacaqları bəlli olmaz. Rusiya o xalqların etnik kimliyindən faydalanaraq bu ərazilərdə böyük problemlər yarada bilər.
 
Frederik Kempe öz analizində bu il Münxendə keçirilən sammitdə Avropa liderlərini ən çox narahat edən 4 təhlükədən də bəhs edərək yazır:
 
“Birinci təhlükə Rusiyanın dayanıqlılığı və Putinin artan etibarı ilə bağlı idi ki, bu da Rusiyanın qarşıdakı bir neçə il ərzində Qərb üçün problem olaraq qalacağına inamın artmasına səbəb oldu.
 
İkinci narahatlıq Ukraynanın Rusiya hərbi kütləsi tərəfindən əzilməsi təhlükəsi ilə müharibəni uduzması ehtimalından və bu ssenarinin Polşadan tutmuş digər keçmiş Sovet blokuna daxil olan ölkələr, o cümlədən, Baltikyanı dövlətlər və qlobal miqyasda Yaxın Şərq və Asiyaya qədər ərazilər üçün nəticələrinin qiymətləndirilməsindən irəli gəlirdi. 
 
Bu həftə sonu konfransda demək olar ki, hər söhbəti əhatə edən üçüncü narahatlıq ABŞ-ın təkcə Ukraynaya deyil, həm də təxminən səksən illik transatlantik əlaqələrə, xüsusən də noyabrda Trampın seçiləcəyi təqdirdə öhdəliyinin azaldılması potensialı ilə bağlı idi.
 
Üçüncüsü ilə sıx bağlı olan dördüncü qorxu ondan ibarət idi ki, Avropada hələ də Ukrayna bir tərəfə, özünü müdafiə etmək üçün hərbi sənaye potensialı və siyasi iradə yoxdur. Baxmayaraq ki, Avropa müdafiə sənayesi istehsalını sürətləndirir və xərclərini artırır, amma Avropa ölkələrinin ABŞ-ın imkanlarını əvəz edə bilməsi üçün illər lazım olacaq”.
 
Analitik xatırladır ki, 2022-ci ildə də Putinin Ukraynanı işğal edəcəyi ilə bağlı artan narahatlıqlar var idi və bu, qorxular çin çıxdı.
 
NATO analitikinin irəli sürdüyü bu təhlükələr 2-ci ili tamamlanan Ukrayna işğalının Azərbaycan da daxil olmaqla region dövlətlərinin qarşısında dayanan böyük problemlərdir. Azərbaycan bu problemləri yalnız kürəyini Türkiyəyə söykəyərək atlada bilər. Ümid edirəm ki, rəsmi Bakı xüsusilə müdafiə və təhlükəsizlik sahəsində qardaş ölkə ilə münasibətlərini daha da artıracaq, bizi gözləyən qlobal təhlükədən birgə fəaliyyət və rasional işbirliyi ilə yayına biləcək.
 
Heydər Oğuz,
Ovqat.com



Tarix: 23-02-2024, 22:01
Xəbəri paylaş





Xəbər lenti