Növbədənkənar Prezident seçkiləri arxada qaldı. Prezident İlham Əliyev and içdi. Nazirlər Kabineti təsdiq edildi.Bəs bizi növbədə hansı seçkilər gözləyir?
Qanunvericiliyə görə, bu ilin dekabr ayında növbəti bələdiyyə seçkiləri keçirilməlidir. Hələlik tək dəqiq olan budur.
Amma Konstitusiyaya görə, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir. Yəni, Konstitusiyaya görə bu il noyabr ayında parlament seçkiləri də olmalıdır. Amma ağlabatan görünmür. Çünki bu ilin noyabr ayında ölkə dünya miqyaslı böyük tədbirə hazırlaşır. COP29-a. Yəni belə böyük tədbirlə parlament seçkilərinin üst-üstə düşməsi parlament seçkilərinin ya erkən keçiriləcəyi, ya da ertələnəciyini zəruri edir. Ertələmək üçün isə Kostitusiyada dəyişiklik etmək lazım gələcək. Yəni referendum.
Referendum keçiriləcəyini son vaxtlar bir çox ekspertlər və medialar da səsləndirirlər. Demək ki, “havada seçki qoxusu” var. Amma bu, dediyimiz erkən parlament seçkisi də ola bilər.
“Demokratiyanı öyrənmə” İctimai Birliyinin sədri Mirəli Hüseynov mövzu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.
* * *
Sual: Mirəli bəy, bizi növbədə hansı seçkilər gözləyir?Cavab: Məsələyə qanunvericilik aspektindən yanaşsaq, cari ildə bələdiyyə seçkiləri keçirilməlidir. Bələdiyyə qanunvericiliyinə əsasən bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyələrə sonuncu seçkilərin 23 dekabr 2019-cu ildə keçirildiyini nəzərə alsaq, növbəti bələdiyyə seçkilərinin cari ilin dekabr ayına təsadüf edəcəyini demək mümkündür. Bununla yanaşı parlament seçkilərinin də keçirilməsi istisna deyil. Belə ki, 2020-ci ilin fevral ayında növbədənkənar parlament seçkilərinin keçirilməsi bu seçkilərin də cari ilin noyabr ayında keçirilməsini zəruri edir. Konstitusiyanın 84-cü maddəsinin tələblərinə görə, Milli Məclisə seçkilər hər 5 ildən bir noyabr ayının birinci bazar günü keçirilməlidir. Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir. İndiki Milli Məclisin səlahiyyət müddəti 2025-ci ilin fevral ayında bitdiyindən seçkilər bu ilin noyabrında keçirilməlidir. Bununla yanaşı referendumun keçirilməsi də istisna deyil. İstər son illərin praktikası, istərsə də hakimiyyət kluarlarından sızan məlumatlar hər an referendum və ya parlament seçkilərinin keçirilə biləcəyini ehtimal etməyə əsas verir.
Sual: Belə fikirlər var ki, ilk olaraq referendum keçiriləcək. Referendumun olacağını ekspertlər bir çox məsələlərin vacibliyi ilə əsaslandırırlar. Sizcə, referendum əsas hansı məsələlərə görə keçirilə bilər?Cavab: İlk olaraq referendum keçirilməsi ehtimalını daha ağlabatan hesab edirəm. Xeyli vaxtdır ölkənin siyasi sistemində müəyyən dəyişikliklərin edilməsinin zəruriliyi ilə bağlı hakimiyyətə yaxınlığı ilə seçilən şəxslər tərəfindən verilən mesajlar təsadüfi deyil. Referenduma çıxarılacaq məsələlərə gəldikdə isə digər məsələlərlə yanaşı vacib 3 məsələnin ola biləcəyi gözləniləndir. Əsas dəyişikliklərdən biri Nazirlər Kabinetinin ləğv edilməsi və səlahiyyətlərinin Prezident Administrasiyasına ötürülməsi ilə bağlı ola bilər. Proporsional seçki sisteminin bərpası da gözlənilən əsas dəyişiklərlər sırasında yer alır. Digər əsas dəyişiklik isə yerli idarəetmə ilə bağlı olması ehtimal edilir. Yerli icra hakimiyyətlərinin Prezidentin xüsusi nümayəndəlikləri ilə əvəz edilməsinin və bələdiyyələrin səlahiyyətlərinin müəyyən qədər artırılması da gözləniləndir.
Sual: Ancaq bəzi ekspertlər isə deyirlər ki, yaxın vaxtlarda növbədənkənar parlament seçkiləri olacaq...Cavab: Əlbəttə, bu ehtimalı gözardı etmək olmaz. Sonuncu növbədənkənar Prezident seçkilərinin təyin edilməsindən sonra bütün ehtimallar mümkün görsənir. Düşünmürəm ki, kimsə Prezident seçkilərinin təxminən ilyarım irəli çəkiləcəyini gözləyirdi. Amma oldu və hamı fakt qarşısında qaldı. Siyasi hesabatlılığın və şəffaflığın olmadığı bir mühitdə bu cür praktikanın təkrarlanmayacağına heç bir zəmanət yoxdur. Siyasi proseslərin təbii qaydada və qanunauyğun şəkildə getməməsi ağlabatan proqnoz verməyi çətinləşdirir. Ona görə də hər cür sürprizlərin ola bilməsi mümkündür və buna hazır olmaq lazımdır.
Sual: Konstitusiyaya görə, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir. Noyabr ayında isə Azərbaycan COP29 kimi böyük bir tədbirə ev sahibliyi etməyə hazırlaşır. İndi iki versiya var. Ya parlament seçkilərini irəli çəkmək. Ya da referendum edib, Konstitusiyanın müddəasını dəyişərək, seçkinin daimi vaxtını dəyişmək. Məsələn, noyabr ayında deyil, fevralın ilk bazar günü. Sizcə, hansını edəcəklər?Cavab: Parlament seçkilərinin daimi vaxtının fevral ayına keçiriləcəyi daha ağlabatan görünür. Bunu həm də hakimiyyətin fevral ayına olan “sevgisi” ilə də izah etmək olar. Təsadüfi deyil ki, sonuncu parlamant və Prezident seçkiləri məhz fevral ayında keçirilib. Qış mövsümünün seçki praktikasına təsirlərini nəzərə alan hakimiyyət güman ki, bunu rəsmiləşdirməkdə maraqlı olacaq.
Sual: İlin sonuna bələdiyyə seçkiləri gözlənilir. Hələlik dəqiq olan budur. Ola bilərmi bu dəfəki bələdiyyə seçkilərində və ya bələdiyyələrin səlahiyyətində fərqli nəsə olsun?Cavab: Bələdiyyə seçkilərində hər hansı dəyişikliklərin olması ilə bağlı fikirlərə düşmək üçün heç bir səbəb yoxdur. İndiyə qədər seçkilər necə olubsa, o cür də keçiriləcək. Bələdiyyələrin səlahiyyətinə gəldikdə isə, bu yerli idarəetmədə gözlənilən islahatlar kontekstində mümkün ola bilər. Yerli icra hakimiyyətlərinin ləğv edilməsi ehtimalı bələdiyyələrin səlahiyyətinin də artırılması ehtimalına əsas verir. Çox geniş səlahiyyətlərin verilməsinə inanmasam da, müəyyən qədər səlahiyyətlərin verilməsi belə müsbət hadisə olardı.
Kamran MahmudovMüxbir
Tarix: 25-02-2024, 12:35