Britaniya hökuməti Azərbaycanda biznes çağırışlarına görə tənqidlərlə üzləşib: The Guardian yazır

Britaniya hökuməti Azərbaycanda biznes çağırışlarına görə tənqidlərlə üzləşib: The Guardian yazır

Britaniyanın The Guardian nəşrinin yazdığına görə, Azərbaycan ordusu ötən ilin sentyabrında "Dağlıq Qarabağda nəzarəti bərpa etdikdən bir neçə həftə sonra, Britaniya hökuməti ölkənin biznes sahələrinə müraciət ünvanlayaraq", onları Azərbaycanın geri aldığı ərazilərində yenidənqurma işlərinə kömək etməyə çağırıb.

“Lakin hökumətin bu addımı tənqid olunub”, - The Guardian yazıb.

Azərbaycan ordusu 19-20 sentyabr tarixlərində “antiterror tədbirləri” həyata keçirərək 30 ilə yaxın separatçıların nəzarətində olmuş əraziləri geri qaytarıb.

Bu əməliyyat nəticəsində Qarabağda yaşayan yüz mindən çox etnik erməni bölgəni tərk edib. Rəsmi Yerevan baş verənləri “etnik təmizləmə” adlandırıb. Lakin rəsmi Bakı bu ittihamı rədd edərək, Qarabağdakı mülki erməni əhalinin təhlükəsiz yaşamaları üçün şərait yaratdığını və bu məqsədlə onlayn qeydiyyat sistemi qurduğunu bəyan edib.
Britaniyanın xarici siyasət və biznes departamentindən olan rəsmilər ötən ilin noyabrında ölkədəki iş adamları ilə onlayn iclas keçiriblər.

The Guardianın yazdığına görə, həmin müzakirələrdə hökumət təmsilçiləri Britaniya şirkətlərini bu “böyük imkandan” yararlanmağa və Azərbaycan Prezidenti “İlham Əliyevin yenidənqurma gündəliyinə dəstək verməyə” təşviq ediblər.

Britaniyanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) nümayəndə heyətinin rəhbəri Neil Holland qurumdakı bəyanatında Azərbaycan hökumətinin Qarabağda gücdən istifadə etməsini “qəbuledilməz” adlandırmış və bu cür hərbi addımların bölgədə münaqişənin “dinc yolla davamlı həllinə dair edilən bütün cəhdləri risk altında qoyduğunu” bildirmişdi, Britaniya hökumətinin rəsmi saytında qeyd olunub.

The Guardian bildirib ki, hökumətlərin gücdən sui-istifadə, korrupsiya kimi məsələlərini araşdıran Global Witness Təşkilatı onunla paylaşdığı görüntülərin Britaniya hökumətinin iş adamları ilə apardığı onlayn iclasına aid olduğunu iddia edib.

“Azərbaycan hökuməti “Böyük qayıdış” adlandırdığı layihəni dəstəkləyir. Bu layihə 700 minə yaxın məcburi köçkünün Qarabağa qayıtmasını təmin etmək məqsədi daşıyır. Orada sizin üçün böyük imkan var”, - hökumət rəsmisinin həmin onlayn iclasda dediklərinə istinad edən The Guardian yazıb.

Lakin burada hökumət təmsilçisinin Qarabağ regionunun bir hissəsi olan Dağlıq Qarabağı da nəzərdə tutub-tutmadığı bəlli deyil.

Prezident Əliyev hələ 2020-ci ildə Qarabağın işğaldan azad edilmiş ərazilərində yenidənqurma işlərinin aparılması üçün planlarını açıqlamışdı və bütün azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağa və ətraf rayonlara qayıtmalı olduğunu bəyan etmişdi.

“Digər britaniyalı rəsmi isə sahibkarlara deyir ki, “əslində orada böyük imkan mövcuddur. Ora boş torpaq ərazilərdir və sıfırdan yenidənqurma işlərini aparmağa hazır bölgədir”, - The Guardian qeyd edib.

Bundan əlavə, nəşrin yazdığına görə, video müzakirələrdə Britaniya rəsmiləri Azərbaycanın geniş enerji mənbələrinə malik olduğunu, iqtisadi imkanlarla yanaşı, regionda “sülhün əldə edilməsi üçün siyasi mühitin də əlverişli olduğunu” qeyd ediblər.

Britaniya hökumətinin sözçüsü bu iddialara cavab olaraq bildirib ki, rəsmilərin dedikləri “təhrif olunub”.

“Britaniyalı rəsmilərin dedikləri, on illərdir davam edən müharibə nəticəsində məcburi köçkün düşmüş insanlar üçün salınan yaşayış məntəqələrinin gələcək inkişafına dair mümkün yardımları əhatə edir”, - hökumət sözçüsünə istinadla The Guardian yazıb.

Bundan əlavə, hökumət rəsmisi Britaniyanın "Dağlıq Qarabağ ərazisində hər hansı kommersiya fəaliyyətinə və ya yenidənqurma işlərinə cəlb olunmadığını” diqqətə çatdırıb.

Britaniyanın enerji nəhəngi BP hazırda Azərbaycanda ən böyük xarici investordur.
Azərbaycan Nazirlər Kabinetinin rəsmi saytının yazdığına görə, Baş nazir Əli Əsədov yanvar ayında BP-nin vitse-prezidenti Gordon Birrell ilə görüşüb və Qarabağın alternativ enerji imkanları ilə bağlı müzakirələr aparıb.

“İşğaldan azad olunmuş ərazilərdə günəş elektrik stansiyasının inşası ilə bağlı BP şirkəti ilə birgə aparılan işlər nəzərdən keçirilib”, - qurumun saytında qeyd olunub.

Global Witness BP-yə xəbərdarlıq edərək, şirkətin Azərbaycana qoyduğu investisiyaların etnik ermənilərə qarşı “hərbi aqressiya” formasında istifadə edildiyini bildirib.

BP-nin nümayəndəsi Nili Safavi sentyabrın 29-da şirkətin fəaliyyətinin “müharibədən zərər görmüş” ərazilərdən 400 kilometr uzaqlıqda olduğunu, bununla belə şirkətin Cəbrayıl rayonunda günəş elektrik stansiyasını inkişaf etdirməyi planlaşdırdığını açıqlamışdı.

BP daha əvvəl münaqişənin sülh yolu ilə həllini dəstəklədiyini və yekun həllin qısa müddətdə əldə olunacağına ümid etdiyini bildirmişdi.

The Guardian yazır ki, şirkətin sözçüsü Britaniya rəsmilərinin video iclası və BP-nin günəş enerjisi layihəsi ilə bağlı qəzetin suallarını şərh etməyib.
BBS Azərbaycan
Tarix: 26-02-2024, 10:15
Xəbəri paylaş





Xəbər lenti