Sülhə üçlü təhdid - İrəvan masadan qaldırılır

Ermənistan Fransanın təhriki ilə yeni eskalasiyaya zəmin hazırlayır; “dirijor çubuğu” Makronun əlindədir; Kreml və İranın ikibaşlı oyunu; ekspert: “Rusiyaya qarşı demarşlar etməklə özlərini auksiona çıxarıblar”
Ermənistanın təxribatlarına, havadarlarının gərginliyi yenidən tətikləmək istiqamətində cəhdlərinə rəğmən, rəsmi Bakı elan etdiyi kimi, sülh prosesinə sadiqlik nümayiş etdirir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş olacaq. 
“Danışıqlarda bəlli bir fasilə baş versə də, sülh sazişinin mətni üzərində işlər davam etdirilirdi. Lakin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşdən sonra prosesə yenidən start verilməsi barədə qərar verilmişdi. Yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır”, - XİN başçısı bildirib. (Report) Bundan əvvəl Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərini İrəvana göndərdiyini açıqlamışdı. Bütün bu proseslər Azərbaycan tərəfin bölgədə sülhün təmin olunması istiqamətində prinsipial mövqedən çıxış etdiyini təsdiqləyir. Ancaq görək eyni fikirləri qarşı tərəf haqqında da söyləmək olarmı? Təbii ki, yox. 
Ötən həftəsonu Fransanın müdafiə naziri ilk dəfə Ermənistana səfər etdi. İki gün davam edən səfər sözsüz ki, “iki bacı”nın Azərbaycana qarşı növbəti təxribatı idi. Çünki İrəvan-Paris hərbi əməkdaşlığı barədə rəsmi Bakı dəfələrlə ən yüksək səviyyədə xəbərdarlığını edib. Belə olan təqdirdə sual yaranır: əgər Azərbaycan Ermənistana hücum etməyə hazırlaşmırsa, Fransa kapitulyant ölkəni kimi qarşı belə sürətlə silahlandırır? Maraqlıdır ki, bu arada SEPAH-ın rus dilində fəaliyyət göstərən Telegram kanalı İran və Ermənistan arasında hərtərəfli müdafiə və təhlükəsizlik paktı imzalanacağı haqda məlumat yayıb. “Cənubi Qafqazda mövcud geosiyasi böhranın aradan qaldırılması və ümumi təhdidlərin neytrallaşdırılması üçün Ermənistan və İran arasında birgə müdafiə və təhlükəsizlik haqqında sazişin imzalanması gündəlikdədir. Bu razılaşma İrana Ermənistanda öz hərbi mövcudluğunu təmin etməyə imkan verir”, - xəbərdə deyilir. 
Qeyd edək ki, İranın Ermənistanla yüksək səviyyəli hərbi müttəfiqlik sazişi imzalamağa uzun müddətdir cəhd etdiyi haqda məlumat yayılırdı. Az öncə isə Rusiya İrəvana əvvəlki müqavilələr əsasında müəyyən partiya silah çatdırmışdı. Bundan əlavə, ayın əvvəlində sərhəddə baş verən təxribatda daha çox Rusiyanın əli olduğu deyilirdi. Yada salaq ki, ötən həftə Parisdə olan Nikol Paşinyan “Franse 24" telekanalına müsahibəsinin Azərbaycanla Ermənistan arasında sülh sənədini ”ağlagəlməz", yəni qeyri-mümkün adlandıraraq, bunu “Bakının Ermənistanı Qərbi Azərbaycan hesab etməsi” ilə izah edib və ardınca köhnə bayatını təkrarlayaraq, iddia edib ki, guya Bakı “yeni ərazilər tutmağa” hazırlaşır. Beləcə, Ermənistan de-fakto sülh prosesindən uzaqlaşır, Azərbaycana qarşı faktiki bir-birinə qənim kəsilmiş ölkələrlə hərbi ittifaqlara can atır. Necə deyərlər, “üçü birində”. Təbii olaraq suallar ortaya çıxır: bu, mümkün olacaqmı? Həm Qərb ölkələri (Fransa), həm də Rusiya və İranla eyni zamanda hərbi əməkdaşlıq alınacaqmı? Bakının bu planlara cavabı nə olacaq? Yeni müharibə qapıda deyə bilərikmi? Müşahidələrdən ortaya çıxan budur ki, rəsmi İrəvan Fransanın təhriki ilə yeni eskalasiyaya zəmin hazırlayır. Hərçənd Ermənistanda bunu istisna edirlər. Amma son həftə ərzində atəşkəsin müxtəlif istiqamətlərdən pozulması başqa nəticəyə gəlməyə əsas yaratmır. Bu arada, Fransanın müdafiə naziri Sebastyan Lekarnyu bildirib ki, ölkəsinin Ermənistana verdiyi silahlar müdafiə silahıdır. “Heç kim Ermənistana hücum etməsə, ondan heç vaxt istifadə olunmayacaq”, - iddia edib. İnanaqmı? Axı sülh prosesi davam edərkən davamlı şəkildə silah-sursat müqavilələrinin imzalanması, qonşusunun torpaqlarını 30 il işğalda saxlayan ölkənin ordusuna dəstək heç də xoş məramdan xəbər vermir. Aydın məsələdir ki, Fransa növbəti toqquşmalara rəvac verərək, Ermənistanda hərbi mövcudluğunu təmin etmək niyyətindədir. Təsadüfi deyil ki, KTMT-də faktiki olaraq fəaliyyətin dondurulması bəyanatı da məhz Paşinyanın Fransa səfəri, Parisdəki müsahibəsində ifadə olundu. “Dirijor çubuğu” Fransanın əlindədir, buna şübhə yoxdur.
“Biz əvvəlki şərhlərimizdə də dəfələrlə qeyd etmişdik ki, hətta Bakı ilə İrəvan sülhə lap yaxın olsalar belə, mütləq kənar qüvvələr ortaya çıxıb prosesin axıra çatmasına mane olacaq”. 

Bunu “Yeni Müsavat”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov söylədi. Ekspert əlavə etdi ki, kənar qüvvələrin maneələri öz yerində, Ermənistanın özü də sülh müqaviləsinin bağlanmasına hazır olmaları barədə açıqlamalarında səmimi deyildi: “Qeyri-səmimiliyin də əsas göstəricisi o idi ki, Ermənistanın rəsmi şəxsləri bir tərəfdən sülhdən danışıb, digər tərəfdən hücum silahları tədarük etməkdədir. Həmçinin Azərbaycana qarşı informasiya və beynəlxalq hüquq müstəvisində apardığı müharibənin dairəsini getdikcə genişləndirir. Digər tərəfdən, Ermənistan Rusiyaya sürəkli demarşlar etməklə sanki özünü auksiona çıxarıb, "kim daha çox kömək edəcəksə, ona satılacağam", mesajı verir. Bu baxımdan Ermənistanın qeyri-stabil davranışları davam etdikcə “müştərilərin” də sayı çoxalır". 
S.Məmmədov xatırlatdı ki, Ermənistanın baş naziri Paşinyan Münxen Təhlükəsizlik Konfransından dönən kimi Parisə səfər edib ziddiyyətli bəyanatlar verdi: “Daha sonra Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətlərini faktiki dondurduqları barədə açıqlamalarla çıxış etdi və bunu təşkilatın Ermənistana münasibətdə öz öhdəliyini yerinə yetirməməsi ilə əsaslandırmağa çalışdı. Əslində isə təşkilatın nizamnaməsində üzv təşkilatın başqa dövlət ərazisində apardığı müharibəyə dəstək vermək öhdəliyi yoxdur. Daha sonra Fransanın müdafiə naziri bir qrup senatorla birgə Ermənistana səfər edərək, həm Ermənistanda, həm də geri qayıtdıqdan sonra təhdid xarakterli açıqlamalar verdi. Əlbəttə, Ermənistanın Rusiyaya qarşı yönələn hərəkətləri Rusiyanı getdikcə daha çox qıcıqlandırır. Ermənistan sanki Rusiyadan uzaqlaşmaq və onun təsiri altından çıxmaq üçün "kiçik addımlar" siyasəti yeridir. Rusiyanın jestlərinə etinasız yanaşır, nümayişkaranə şəkildə Fransa və Avropa İttifaqı ilə daha sıx yaxınlaşmaq istiqamətində hüquqi və praktiki hərəkətlər edir. Paşinyan sözün birbaşa və dolayı mənasında Makronun çətiri altına girməklə Rusiyanı nəyəsə təhrik edir". Bu təhrik nədən ibarət ola bilər? 
S.Məmmədovun fikrincə, ehtimal olunan variantlardan biri budur ki, Ermənistan Rusiyaya mesajlar verir ki, hələ də gec deyil: “Digər variant odur ki, Ermənistan doğrudan da Rusiya ilə müttəfiqlik münasibətlərini, o cümlədən hərbi əməkdaşlığı dayandırmaq istəyir. Amma necə? Bu, hələ aydın deyil. Ermənistan hələlik qeyd etdiyimiz "kiçik addımlar"la Avropaya doğru irəliləməkdədir. Fransa və Avropa İttifaqı isə fürsətdən istifadə edib, Ermənistanı Rusiyanın təsirindən çıxarıb, onun ərazisini Rusiyaya qarşı platsdarma çevirmək istəyir. Bu arada Ermənistanın Ukraynaya tərəf etdiyi jestlər də Fransanın təhriki ilə edilir. Dəfələrlə BMT Baş Assambleyasında Ukrayna ilə bağlı Rusiyaya qarşı qətnamələrin əleyhinə səs verən Ermənistan birdən-birə Ukrayna məsələsində Kremllə müttəfiq olmadığı barədə açıqlama verir. Ermənistanın bu hərəkətləri ermənilərin Birinci Dünya müharibəsi zamanı etdiyi hərəkətləri xatırladır. Doğrudur, o zaman ermənilərin dövləti yox idi, amma xəyanət və müttəfiqinə arxadan zərbə vurmaq baxımından oxşarlıq çoxdur. Rusiya Ermənistanı əldən vermək fikrində deyil və hələlik “bir əlində pryanik, o biri əlində qılınc tutub” və proses Rusiya üçün təhlükəli hal alacağı halda, daha sərt hərəkət edəcəyi istisna deyil". STM-in icraçı direktoru vurğuladı ki, digər tərəfdən, Ermənistanın digər müttəfiqi İran da fürsətdən istifadə edərək Ermənistanla hərbi xarakterli əməkdaşlığı genişlədirmək istəyir: “Bütün hallarda Ermənistanda və Ermənistanla bağlı baş verən proseslər ürəkaçan deyil”. Ekspertin sözlərinə görə, Ermənistan Azərbaycanla müharibəyə başlamağa cürət etməyəcək, amma şərti sərhəddə silahlı provokasiyalarını davam etdirəcəyi gözlənilir: “Məqsəd də əvvəllərdə qeyd etdiyimiz kimi, Azərbaycanın siyasi və hərbi rəhbərliyinə, eləcə də hərbiçilərinə qarşı müharibə cinayətləri maddələri ilə saxta cinayət işləri açıb, Beynəlxalq Cinayət Məhkəməsinə göndərməkdir. Ermənistan hərbi revanşa hazır deyil, amma informasiya müharibəsini və beynəlxalq hüquq müstəvisində müharibəni genişləndirəcəyinə heç bir şübhə qalmayıb”.
E.PAŞASOY
Tarix: 27-02-2024, 11:02
Xəbəri paylaş





Xəbər lenti