Azərbaycan Prezidenti İlham Əliyev Xocalıda çıxışı zamanı yenidən Ermənistana xəbərdarlıq xarakterli bəyanat verib. Prezident Xocalı sakinləri ilə söhbətində “Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”, - deyə bildirib.
Prezidentin bu bəyanatı Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Berlində keçiriləcək görüşündən iki gün əvvələ təsadüf edir.Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları – Ceyhun bayramovla Ararat Mirzoyan arasında görüşün 28-29 fevral tarixlərində Berlində keçirilməsi planlaşdırılır. Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Ayxan Hacızadə məlumat verib.
Ekspertlər ölkə başçısının bu xəbərdarlığını nazirlərin görüşü öncəsi sərt xəbərdarlıq kimi qiymətləndirirlər. Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy AYNA-nın suallarını cavablandırarkən deyib ki, əslində rəsmi Bakı tərəfindən verilən mesajlarda kifayət qədər sərt ritorikanı müşahidə edirik:
- Azərbaycan liderinin “Ermənistan bütün şərtləri qəbul etməli və Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır” cümləsi son dövrlərdə verilən ən sərt mesaj sayıla bilər. Prezidentin dedikləri həm Ermənistana, həm də onun havadarlarına mesajdır. Bununla Azərbaycan həm də son proseslərdən narazı olduğunu nümayiş etdirir. Bundan Ermənistan nəticə çıxaracaqmı, dəqiq söyləmək çətindir. Məncə nəticə çıxarmalıdır.
- Bu sərt ritorikanın fonunda XİN başçılarının görüşünü necə qiymətləndirmək olar?
- Yeni müzakirə masasının açılması, Berlin formatının gündəmə gəlmiş olması əslində özündə iki məsələni ehtiva edir. Birincisi, Azərbaycan tərəfi Ermənistanla münasibətlər məsələsində “ağıllı güc” siyasətini həyata keçirir. Bu, “kökə və kötək” siyasətidir. Bir tərəfdən sərt ritorikadan və ordunun imkanlarından istifadə edərək həmlələr hayəta keçirilir. Məsələn, fevralın 12-də Ermənistanın sərhəddəki təxribatına sərt cavab verildi, atəş açılan məkan darmadağın edildi. Bu, sərt ritorikanın əməldə göstərişi idi. Digər tərəfdən, növbəti erməni təxribatına Azərbaycan tərəfi yumşaq reaksiya verdi, Ermənistana şans verdi ki, məsələ araşdırılsın. Sərt ritorika ilə yanaşı, sülh müzakirələrinin Berlin formatında davam etdirilməsi həm də onun göstəricisidir ki, Bakı müzakirələrə hazırdır, amma bu müzakirələr zaman qazanmağa hesablanmamalıdır. Rəsmi Bakının mesajı budur ki, zaman udmaq cəhdi İrəvanın əleyhinədir. Proseslər də onu göstərir ki, Ermənistanın sülhdən yayınma siyasəti onun özünə zərbələr vurur.
Hesab edirəm ki, yeni format – Berlin formatı danışıqların Qərb platformasında bərpa olunmasıdır. Qərb proseslərin xaricində qalmışdı. Brüssel formatının gələcəyi ilə bağlı ciddi suallar meydana çıxdı. Avropa qurumlarının anti-Azərbaycan siyasəti Bakının Brüssel formatına inamını sarsıtdı. Azərbaycan tərəfi Qranadada, Brüsseldə görüşlərə qatılmadı. Avropa Birliyinin sülh prosesdə masada qalması üçün fərqli qüvvə ilə məsələyə qarışması ilə mümkün idi. Bu halda ilk ağıla gələn Avropanın əsas güclərindən biri olan Almaniya idi ki, indi görüş Berlin platformasında keçiriləcək. Almaniyanın davranışları müzakirələr üçün impuls yaratmış oldu.
- Görüşdən yüksək nəticə gözlənilirmi?
- Danışıqlar Avropa platformasında bu şəkildə davam edəcək. Almaniya görüşündən böyük nəticə gözləmirəm. Berlində sülhlə bağlı hansısa çərçivə sazişinin imzalanması, fundamental sülh müqaviləsinin bağlanmasını gözləmək olmaz. Bunlar üçün hələ tezdir. Sazişin imzalanmaması səbəbi Azərbaycan və ya Ermənistan istəmədiyi üçün deyil, geosiyasi proseslər buna imkan vermir. İndiki geosiyasi reallıqlarda sülh sazişinin Vaşinqtonda, Brüsseldə, yaxud Moskvada imzalanması mümkün görünmür. Çünki sazişin Vaşinqtonda imzalanması Rusiyanın, Moskvada imzalanması Qərbin marağında deyil.
- Sazişin harada imzalanması Azərbaycan və Ermənistanın maraqlarına cavab verir?
- Ya tərəfsiz bir ölkədə, ya da Azərbaycan-Ermənistan sərhədində imzalanması bizim maraqlarımıza uyğundur. Yeri gəlmişkər, sülh müqaviləsinin sərhəddə imzalanması son vaxtlar tez-tez gündəmə gətirilir. Bu, eyni zamanda, geosiyasi hədəfə çevrilməmək mahiyyəti də daşıyır. Məsələn, Tiflisdə saziş imzalanması haqqında danışılır, amma mən bunu da indiki geosiyasi şərtlər daxilində uğurlu variant saymıram. Saziş imzalanan məkan elə bir yer olmalıdır ki, oraya bütün maraqlı geosiyasi fiqurların hamısı gəlməlidir, ya heç biri gəlməməlidir. Bu gün Rusiya Tiflisə getməyəcək. Yaxud İsveçrədə olsa, yenə Rusiya getməyəcək. Mən məkan olaraq iki variantı düşünürəm: ya sərhəddə, ya da Astanada. Qazaxıstan ən ideal məkan olardı.