Kreml ABŞ və Avropanın sanksiyasını belə “sındırır”... – FRANSANIN ERMƏNİSTANA GÖNDƏRDİYİ SİLAHLAR RUSİYAYA ÖTÜRÜLÜR
Ukraynaya qarşı müharibədə istifadə üçün inkişaf etmiş silah texnologiyalarının Moskvanın əlinə keçməsinin qarşısını almaq məqsədilə Avropa İttifaqının Rusiyaya silah idxalına qarşı sanksiyaları işə salındı. Amma nəticə qənaətbəxş olmadı, çünki silah idxalı üçün alternativ yollar tapıldı. Bu məsələyə işıq salan “Bloomberg” yazır ki, sanksiyalara baxmayaraq, 2023-cü ilin ilk doqquz ayında Rusiya Aİ-dən 100 milyon avrodan çox dəyərində hərbi məhsul və texnologiya idxal edib. Nəşrin məlumatına görə, 450 milyon avro təşkil edən yüksək prioritetli malların tədarükü içində silah və silah texnologiyaları bu miqdarın dörddə birini təşkil edib. “Bloomberg” qeyd edir ki, Rusiya sanksiya tətbiq edilən malları vasitəçi ölkələrin, o cümlədən BƏƏ, Serbiya, Ermənistan, Çin və digərlərinin köməyi ilə alır. 2022-ci ilin fevralında genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Aİ Rusiya Federasiyası ilə ticarəti, xüsusən də həssas mallar və texnologiyalar sahəsində mal ixracını azaldıb. Bununla belə, bu növ ikili təyinatlı malların üçüncü ölkələrə ixracı kəskin şəkildə artıb. Görünür, silah ixracında maraqlı olan və pul itirmək istəməyən bəzi dövlətlər ticarəti dayandırmaq istəmirlər. Bu baxımdan, sanksiyaların bir qismi kağız üzərində qalır. Yanvar ayında “Kiyev İqtisadiyyat Məktəbi” açıqladı ki, Rusiya 2023-cü ilin yanvar-oktyabr aylarında 8,7 milyard dollar dəyərində hərbi məhsul idxal edib. Bu ticarətin böyük hissəsi Aİ hüdudlarından kənarda yerləşən minlərlə kiçik şirkət şəbəkələri vasitəsilə həyata keçirilir. “Bloomberg”in məlumatına görə, bu firmaların əksəriyyəti Çində yerləşir. “Lakin Aİ-nin daxili qiymətləndirmələri göstərir ki, ticarətin bir hissəsi Aİ blokunun birbaşa iştirakı ilə baş verir. Sanksiyaların tətbiqinə cavabdeh olan Avropa İttifaqına üzv ölkələr və şirkətlər bilərəkdən və ya bilməyərəkdən bu ticarəti dayandırmaq üçün kifayət qədər səy göstərmirlər”, deyə agentliyin həmsöhbətləri bildirib. “Məlumatlar həmçinin onu göstərir ki, xaricdə fəaliyyət göstərən bəzi Avropa firmalarının törəmə və subpodratçı şirkətləri sanksiyaya məruz qalan mallar istehsal edir və vasitəçilərin köməyilə Rusiyaya ixrac edirlər”, deyə səlahiyyətli şəxslər bildirib. Aİ fevralın 21-də isə, Rusiya Federasiyasına qarşı 200-ə yaxın şirkət və fiziki şəxsin daxil olduğu 13-cü sanksiyalar paketi ilə bağlı razılığa gəlib, lakin mövcud qadağaları genişləndirməyib. Bəs nə baş verir? Bu suala cavab axtarmazdan öncə qeyd edək ki, son həftələrin ən aktual xəbərlərindən biri də Fransanın Ermənistana silah göndərməsidir. Daha doğrusu, Parisin İrəvanı silah trafiki marşrutuna döndərməsidir. Ermənistanın ölkə kimi tutumunu göz önünə alsaq Fransanın göndərdiyi silahların yalnız İrəvan üçün nəzərdə tutulduğunu düşünmək sadəlövhlük olar. Başqa sözlə, ABŞ və Aİ-nin “rəsmi müstəvidə” Rusiyaya qarşı tətbiq etdiyi bütün sanksiyalara baxmayaraq, mümkündür ki, Ermənistan Kremlə xidmət edən logistika mərkəzi fəaliyyətini davam etdirir. Amma Nikol Paşinyan bunu “nə şiş yansın, nə kabab” prinsipi ilə həyata keçirir. Moskvaya “silah logistikası” xidməti göstərən İrəvan bu siyasi jesti sayəsində Putinin qəzəbinə düçar olmaqdan xilas ola bilir. Fevralın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan Münhendə erməni diasporu ilə görüşü zamanı bəyan etmişdi ki, İrəvan Ukrayna məsələsində Moskvanın müttəfiqi deyil. O, Rusiya ilə Ukrayna arasındakı münaqişəyə təsir göstərməyin mümkünsüzlüyündən təəssüfləndiyini də vurğulamışdı. Amma 2022-ci ildən bəri Rusiya Federasiyasının müharibə ehtiyacları üçün yarımkeçiricilər və digər ikili təyinatlı malların dördüncü ən böyük ixracatçısına çevrilən Ermənistan hökumətinin başçısı çıxışında Ukrayna xalqını “dost” adlandırdı. Baxmayaraq ki, hazırda İrəvan, Kremlin əsas logistik mərkəzlərindən biridir. Kiyevin “Təhlil və Strategiyalar Mərkəzi”nin direktoru, politoloq İqor Çalenko hesab edir ki, rəsmi olaraq Qərbə istiqamətlənmiş kimi görünmək üçün israrlı səylər göstərən İrəvan iki ildir ki, Rusiya və Ukrayna arasında müharibə müddətində sanksiyalardan yayınmaq üçün Kremlin əsas logistik mərkəzlərindən biri kimi fəaliyyət göstərir. Bu məqamda maraqlı nüanslar üzə çıxır. Məsələn, 2022-ci ildə 3 milyon əhaliyə malik kiçik bir ölkə olan Ermənistanın Ümumi Daxili Məhsulu üzrə misli görünməmiş - 14,2% artım qeydə alındı. Böyük Britaniyanın “The Telegraph” qəzeti bu barədə yazıb: “Ən absurd Ermənistanın iqtisadi artımıdır ki, bu da onu dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatları sırasında 3-cü yerə çıxarıb”. Bundan başqa, Ermənistandan Rusiya Federasiyasına artan ixrac da şübhəli məqam kimi ortaya çıxır. Belə ki, 27 noyabr 2023-cü ildə Ermənistanın maliyyə nazirinin müavini Vaan Sirunyan 2023-cü ilin ilk 9 ayında Ermənistandan Rusiya Federasiyasına mal ixracının 85% artdığını, bunun 80%-nin reeksport olduğunu etiraf etmişdi. Ukraynada müharibə başlayandan bəri Ermənistanın xarici ticarətinin eksponensial olaraq 69% artdığını vurğulayan ABŞ-ın “Jamestown Foundation” analitik mərkəzi Ermənistandan Rusiya Federasiyasına sanksiyalar altında olan malların təkrar ixracı ilə bağlı xəbərdarlıq edib. ABŞ Dövlət Departamentinin Sanksiyalar üzrə Koordinasiya Bürosunun direktoru Cim O'Brayen birbaşa bəyan edib ki, Vaşinqton Ermənistanı Rusiya Federasiyasına sanksiyalardan yan keçməyə kömək edən ölkə hesab edir. 2024-cü ildə də bu məsələ ilə bağlı müzakirələr davam edir, lakin bu, Ermənistanın sanksiyalar altında olan malları müharibə edən qonşusuna nəticəsiz tədarük etməsinə mane olmur. Beynəlxalq Maliyyə İnstitutunun direktoru, “Goldman Sachs”ın keçmiş strateqi Robin Bruks fevralın 17-də yenilənmiş məlumatları dərc edib. Məlumatda deyilir: “Ermənistanın Rusiya Federasiyasına ixracı Ukraynaya hərbi müdaxilədən əvvəlki dövrlə müqayisədə 430% artıb, bu isə Aİ və Çindən gələn malların Rusiyaya ixracın təkrar ixracı deməkdir”. İki il ərzində Ermənistanın Rusiyaya reeksportu, başqa sözlə təkrar ixrac məsələsi təkcə siyasətçilərin, analitik mərkəzlərin və tanınmış iqtisadçıların deyil, həm də beynəlxalq kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. Hələ 2022-ci ilin martında, Rusiyanın Ukraynaya təcavüzündən bir aydan çox vaxt keçəndən sonra Kanadanın “Geopolitical Monitor” analitik saytı “Ermənistan Rusiyanın sanksiyalardan yayınmasında kömək etmək üçün Avrasiya İqtisadi Birliyinin ən yaxşı üzvüdür” xəbərini vermişdi. Qərbin Kreml təcavüzkarlarına qarşı sanksiyalarının bir il sürməsindən sonra da vəziyyət yaxşılaşmayıb. 2023-cü ilin martında Ukraynanın böyük xəbər saytı “Unian” xəbər vermişdi ki, “Ermənistan ruslar üçün iqtisadi dayağa çevrilir, Moskvanın Rusiya bazarının sanksiyalara məruz qalmış mal və silahlarla təminatı problemlərini həll edir”. Sadalanan iki nüansdan başqa, bu məqama da nəzər salmaq zəruridir ki, Putin embarqo və maliyyə sanksiyalarından necə yan keçir... Bolqarıstanın “Факти” nəşrinin yazdığına görə, “Putinin avtoritar rejimi Aİ, ABŞ və Böyük Britaniyanın tətbiq etdiyi embarqo və ticarət sanksiyalarından qonşu ölkələr, xüsusilə də Ermənistan vasitəsilə yan keçir”. 2023-cü ilin mayında Amerikanın “The Washington Post” qəzeti “Qərbin Ermənistana təzyiqini artıra biləcəyini, bu isə bir sıra mühüm malların, o cümlədən elektronikanın Rusiyaya təkrar ixracının kəskin artmasına səbəb olduğunu” proqnozlaşdırmışdı. Bununla belə, ilin sonunda İsveçrənin “L'Agefi” qəzeti “Ermənistan sanksiyalar altında olan məhsulların Rusiyaya təkrar ixracında birbaşa iştirak edir” kimi izahat vermişdi. Moskvanın Qərbin sanksiyalarından yayınmaq üçün İrəvandan müttəfiq kimi istifadə etməsi Yaxın Şərqdə də müşahidə olunub. 2023-cü ilin dekabrında İsrailin “I24” televiziya kanalı “Ermənistanın Rusiyaya malların çatdırılması, Qərbin sanksiyalarından yayınması və Rusiya qoşunlarına hərbi malların tədarükü üçün qovşaq olması üçün mühüm mərkəz olduğunu” bəyn etmişdi. Ermənistan Rusiya üçün tranzit qovşağı kimi çox vacibdir, çünki Putin sanksiyalar altında malların təkrar ixracı üçün faktiki olaraq başqa heç kimə arxalana bilməz. 2023-cü ilin mayında “Forbes”in Fransa bölməsi “Türkiyə və Mərkəzi Asiya vasitəsilə Rusiyaya tədarükdə məhdudiyyətlər sərtləşdiyi üçün” Ermənistanı “sanksiyalardan yayınmağın əsas yolu” adlandırmışdı. Hələ 2022-ci ilin yayında Ankara bildirmişdi ki, Türkiyə ərazisində Rusiyaya qarşı sanksiyalardan yayınmağa imkan verməyəcək. Türkiyənin maliyyə qurumları kütləvi şəkildə Rusiya ilə əməkdaşlığı dayandırmağa başladı. 2024-cü ilin fevralında hətta Rusiyanın “Vedomosti” qəzeti türk banklarının hələ 2022-ci ildə Rusiya şirkətlərinin hesablarını bağladığını qeyd etmişdi, “amma indi bu proses həqiqətən də intensivləşib”. Ukraynada müharibə başlayandan sonra Mərkəzi Asiya ölkələri dəfələrlə ABŞ və Aİ-dən Rusiya Federasiyasına qarşı sanksiyalara əməl etməyin zəruriliyi ilə bağlı xəbərdarlıqlar alıblar. Məhdudiyyətlərə baxmayaraq, Moskva ilə əməkdaşlığa davam edən şirkətlər ABŞ-ın sanksiyalar siyahısına daxil edilib. Rusiya Federasiyasına qarşı sanksiyalara əməl olunub-olunmamasını yoxlamaq üçün Aİ-nin xüsusi elçisi David O'Sullivan 2023-cü il ərzində Mərkəzi Asiyaya üç səfər etdi. Noyabrda baş tutan son görüşdə o, Rusiyaya malların təkrar ixracının azaldılmasında əməkdaşlığa görə region ölkələrinə təşəkkür etdi. 2023-cü ilin oktyabrın 23-də Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici işlər nazirləri Lüksemburqda Aİ nümayəndələri ilə görüşdə Rusiyanın tətbiq etdiyi sanksiyalardan yayınmaq cəhdlərinə qarşı mübarizədə kömək edəcəklərini vəd etmişdilər. “Təhlil və Strategiyalar Mərkəzi”nin direktoru, politoloq İqor Çalenko hesab edir ki, mediada Ermənistandan Rusiyaya sanksiyalar altında olan malların təkrar ixracı məsələsinin beynəlxalq media tərəfindən işıqlandırılmasına baxmayaraq, beynəlxalq ictimaiyyət passivdir və Ermənistan cəzasız qalıb. 2023-cü ilin mayında Xorvatiyanın “Net” nəşri qeyd etmişdi ki, Rusiya Federasiyasına qarşı müharibə üçün Ukraynaya milyonlarla dollar dəyərində hərbi texnika verən ABŞ və Avropa İttifaqı İrəvanla Rusiya arasındakı sıx tərəfdaşlığa açıq-aşkar göz yumur. Fransanın “Forbes” nəşri isə belə bir iddia səsləndirmişdi ki, “əgər Qərb ictimaiyyəti həqiqətən Ukraynanın tez qələbəsini istəyirsə, Moskvanı tezliklə bu logistika mərkəzindən məhrum etməlidir”. Bu kontekstdə ABŞ-da yerləşən “Jamestown Foundation” analitik mərkəzi də bəyan edib ki, Putinin Ermənistandakı logistika mərkəzi ilə bağlı “indiyə qədər hərtərəfli araşdırma başlanmayıb”. 2023-cü ilin aprelində Britaniyanın “The Telegraph” qəzeti Qərbi artıq Kremlə “əlaltı” rolunu oynayan dövlətlərlə “münasibətləri sərtləşdirməyə” çağırırdı: “Ermənistanın (Rusiya Federasiyası üçün) tranzit məntəqəsi kimi çıxış etməyə icazə verməsi üçün heç bir bəhanə yoxdur”. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Ermənistanla Rusiya Federasiyası arasında Vaşinqton və Brüsselin maraqlarına zidd olan əməkdaşlığa məhdudiyyətlər qoymaq əvəzinə, fevralın 17-də İrəvana 15 milyon dollar ayırdığını bəyan etdi. Məsələnin ikrah doğuran ironik nüansı isə ondan ibarətdir ki, USAID-in bəyanatında bu pulların “Ermənistanın Rusiya Federasiyasından iqtisadi asılılığını azaltmaq” üçün nəzərdə tutulduğu qeyd olundu. Ermənistana silah trafikinin Parisdən başlayaraq uzanmasını diqqətə alaraq belə nəticəyə gələ bilərik ki, Rusiyaya silah ticarətində ən maraqlı Aİ ölkəsi Fransadır. Böyük ehtimalla Ermənistana göndərilən silahların hamısı bu ölkə üçün deyil, həm də Rusiyaya ötürülmək üçün nəzərdə tutulub. Şübhəsiz, rəsmi açıqlanan silahlar isə Ermənistana göndərilənlərin və “əl altından” Rusiyaya çatırılanların hamısı deyil.