Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında Antalyada görüş keçirilib. Lakin görüş formal, daha çox rəsmi mərasim xarakteri daşıyıb və heç bir məsələni həll etməyib. Bu barədə News.am-a erməni türkoloq Andranik İspiryan bildirib.Onun sözlərinə görə, iki dövlət indiyədək sərhədin yalnız üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması ilə bağlı razılığa gəliblər.
“
Bu 1,5 il ərzində niyə heç nə baş verməyib? Rusiya-Ukrayna müharibəsi oyun kartlarını qarışdırdığından, bölgədə Rusiyanın, Ermənistanın ziyanına, eyni zamanda Türkiyə-Azərbaycan cütlüyünün xeyrinə yeni reallıqlar yaranıb. Türkiyə Azərbaycanın bu vəziyyətdən istifadə edə biləcəyini, Rusiyanın regionda təsirinin zəiflədiyini, Ermənistan hakimiyyətinin davranışlarını, Qərbə yönəlik diplomatik addımlarını və Rusiya Federasiyasına mənfi münasibətini nəzərə alaraq, hətta münasibətlərin normallaşması ilə bağlı formal prosesi də dondurub. Bu müddət ərzində Azərbaycan tərəfindən, təbii ki, Türkiyə, bəzi hallarda isə Rusiya ilə razılaşdırılmış addımlar atıldı”, – İspiryan bildirib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan Qarabağ məsələsini, nəhayət, öz xeyrinə həll etmək üçün Rusiyanın zəifliyindən istifadə ediblər. Məsələ onların xeyrinə həll edildikdən sonra bölgədə vəziyyət dəyişib. “
Türkiyənin hazırda Ermənistanla münasibətlərin normallaşdırılması məsələsində aktivləşməsi və Aİ-nin Qafqazdakı nümayəndəsinin bəyanatı sübut edir ki, Türkiyə Rusiyanı tez bir zamanda bölgədən çıxarmaq imkanı əldə etmək üçün Ermənistana təsir və təzyiqi artırmaq prosesinin bərpası ilə bağlı Qərblə razılaşıb, ən azından özü üçün formal olaraq qərar verib. Türkiyənin son aktivliyi də buna yönəlib”, – türkoloq hesab edir.
Antalyada keçirilən forumda Aİ-nin xüsusi nümayəndəsi Türkiyənin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində həlledici rol oynaya biləcəyini, həmçinin Türkiyənin Cənubi Qafqazda aparıcı dövlət statusuna malik olduğunu bildirib. İspiryan bununla bağlı deyib: “
Bu onu göstərir ki, Qərb Cənubi Qafqaza gələcəkdə Türkiyənin təsir dairəsi kimi baxır. Onlar Türkiyəyə bu bölgədə hökmranlıq etmək mandatı verirlər”.
Bəs vəziyyət erməni türkoloqun gördüyü kimidirmi? Hələlik Ankaraya bu cür səlahiyyətlərin verilməsi ilə bağlı Qərbdən başqa siqnallar gəlməyib. Türkiyə özü də son aylarda Cənubi Qafqazda o qədər də fəal olduğunu göstərməyib. Bundan başqa, bölgədəki Rusiya faktoru ilə nə etmək lazımdır? Axı, söhbət bölgə ölkələrinə təsir imkanlarından gedirsə, Moskvanın ən azı Türkiyənin bərabərhüquqlu tərəfdaşından da aşağı statusda olmasını sakitcə qəbul etməsi az inandırıcıdır.
Politoloq, Bakı Dövlət Universitetinin müəllimi Sultan Zahidov Pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.
O xatırladıb ki, Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç Antalyada keçirilən diplomatik forumda erməni həmkarına növbəti görüşü gələn həftə İrəvanda keçirməyi təklif edib.
“
Öz növbəsində Rubinyan Ermənistanın hər zaman Türkiyə ilə sərhədləri açmağa və münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib. Amma əslində biz bilirik ki, münasibətlərin normallaşdırılması ilə bağlı iki dövlətin nümayəndələrinin sonuncu görüşü 2022-ci ilin iyulunda baş tutub. Həmin görüşdə Ermənistan və Türkiyə quru sərhədin əcnəbilər üçün açılması və yüklərin birbaşa hava nəqliyyatı ilə daşınması barədə razılığa gəliblər. Qeyd etmək istərdim ki, ümumi sərhədlərin olmasına baxmayaraq, Türkiyə ilə Ermənistan arasında 30 ilə yaxındır heç bir diplomatik münasibət yoxdur.Türkiyə 1993-cü ildə Ermənistanla sərhədlərini bağlayıb. Buna Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi səbəb olub. Amma 2020-ci ildə baş verən İkinci Qarabağ Müharibəsindən və 2023-cü ildə Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərindən sonra Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib və bu o deməkdir ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması yolunda əsas maneə aradan qaldırılıb. Bununla belə, Türkiyə dəfələrlə bəyan edib ki, iki dövlət arasında münasibətlərin normallaşması Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə əlaqəli şəkildə baş tutacaq. Deməli, Ermənistan Türkiyə ilə diplomatik münasibətlər qurmaq məqsədlərinə çatmaq üçün ilk növbədə Azərbaycanla danışıqlarda irəli addım atmalıdır”, – politoloq bildirir.
İspiryanın açıqlamalarına gəlincə, Sultan Zahidov deyib ki, Ukrayna ilə müharibə həqiqətən də Rusiyanın Cənubi Qafqaz regionunda təsirini azaldıb. Lakin bu, Rusiyanın regionu tamamilə tərk etdiyi anlamına gəlmir.
“
Faktiki olaraq, bu gün biz enerji ehtiyatlarına və strateji mövqeyinə görə bu region uğrunda Qərblə Rusiya arasında şiddətli geosiyasi rəqabətin şahidi oluruq. Rusiya Ermənistan vasitəsilə Qərbin regiona müdaxiləsinin qarşısını alan əsas qüvvədir.İkincisi, Azərbaycan, İspiryanın dediyi kimi, Qarabağ problemini Rusiyanın zəiflədiyinə görə həll etməyib. Azərbaycan öz ərazilərini 2020-ci ildə təkbaşına azad edib. O zaman hələ Rusiya-Ukrayna müharibəsi başlamamışdı.Üçüncüsü, Ermənistanla danışıqlar prosesini dayandıran Türkiyə deyil. Paşinyan nədənsə Parisdən gələn göstərişlə hərəkətə keçmək və bununla da Azərbaycanla sülh prosesini ləngitmək qərarına gəlib. Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun Antalyada dediyi kimi, Ermənistan Azərbaycanla sülh prosesində irəliləyiş əldə etmək üçün ilk növbədə Fransanın təsirindən çıxmalıdır. İkincisi, o, ərazi iddialarından əl çəkməli, sərhəddə təxribatlara son qoymalıdır”, – Zahidov deyir.
İspiryanın Qərbin Cənubi Qafqaza Türkiyənin təsir dairəsi kimi baxması və Türkiyəyə bu regionda dominantlıq üçün mandatı verməsi barədə bəyanatına gəlincə, ekspertin fikrincə, Qərb həqiqətən də regionda Rusiyanın təsirini azaltmaqda maraqlıdır. “
Tramp hakimiyyətdə olanda masanın üstündə “Bolton planı” var idi. Plan Türkiyənin artan nüfuzunun köməyi ilə Rusiya və İranı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağı nəzərdə tuturdu. Lakin bu plan baş tutmadı. Çünki Ermənistan Türkiyə ilə əməkdaşlıqdan imtina etmişdi və ikincisi, o zaman Qarabağ məsələsi hələ həll olunmamışdı.Amma indi geosiyasi vəziyyət tamam dəyişib. Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışıb, Qarabağ münaqişəsi bitib, Qərb regionda mövcudluğunu genişləndirməyə meyllidir, Türkiyə daha fəal olmaq istəyir. Və Aİ-nin xüsusi nümayəndəsi həqiqətən də Antalyada keçirilən forumda Türkiyənin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində həlledici rol oynaya biləcəyini, həmçinin Türkiyənin Cənubi Qafqazda aparıcı dövlət statusuna malik olduğunu bəyan edib.Lakin bu o demək deyil ki, Türkiyə Qərbin ondan istədiyi hər şeyi edir. Türkiyənin regionda öz maraqları var və bunlar ilk növbədə geosiyasi, iqtisadi, enerji, mədəni, tarixi və etnik məsələlərdir. Ermənistanla münasibətlərin normallaşdırılması Türkiyəni alternativ kommunikasiya kanalları, o cümlədən Orta Dəhliz vasitəsilə Qafqaza və Mərkəzi Asiyaya daha da yaxınlaşdıra bilər. Bu proses həm də türk dünyası daxilində inteqrasiya proseslərini sürətləndirəcək və bu da əslində Rusiya üçün “Damokl qılıncı” mənasını daşıyır. Niyə? Çünki Rusiya və yeri gəlmişkən, İran heç vaxt türk dünyasının güclənməsində maraqlı olmayıblar. Çünki bu, potensial olaraq onların ərazilərinin parçalanmasına gətirib çıxara bilər.İkincisi, Rusiya Cənubi Qafqazı və Mərkəzi Asiyanı hələ də özünün təsir dairəsi hesab edir və onları başqa güclərə vermək istəmir. Amma dəqiqləşdirmək istəyirəm ki, Türkiyə regionda sabitləşdirici rol oynayır və Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması regional inkişafa və çiçəklənməyə töhfə verə bilər”, – deyə politoloq yekunlaşdırıb.
Rauf Orucov