"Zəngəzur yoluna Rusiya FTX qüvvələrinin nəzarət etməsinin o qədər də fərqi yoxdur...” - Partiya sədri

"Zəngəzur yoluna Rusiya FTX qüvvələrinin nəzarət etməsinin o qədər də fərqi yoxdur...”
Son aylar həm Azərbaycan, həm də Rusiya rəhbərliyi tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin 9-cu bəndinə əsasən Ermənistanın Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək Zəngəzur yolunu açmalı olduğu vurğulanır. Amma bir məqam var ki, “Turan dəhlizi” də adlandırdığımız həmin yol sözügedən bəyanata əsasən Rusiya “FSB”-sinin sərhəd qoşunlarının nəzarəti altında olmalıdır. Bəs bu, Azərbaycan və Türkiyənin dövlət və milli maraqları baxımından nə dərəcədə məqsədəuyğundur?

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azad Vətən partiyasının sədri Akif Nağı bu fikirləri dilə gətirib:

“Turan Yolunun yalnız türk dövlətlərinin ərazisindən keçməsi mümkün, həm də gərəkli deyil. Əsas odur ki, bu yolun hakim iştirakçıları biz olaq. Bu yolun Rusiyadan keçib-keçməməsi də önəmli deyil. Yeri gəlmişkən, Rusiyanın özünün əhalisinin 35-40 faizi türk-müsəlmanlardan ibarətdir. Bu amil də nəzərə allnmalıdır. Zəngəzur yoluna Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi qüvvələrinin nəzarət etməsinin o qədər də fərqi yoxdur. Çünki yol işə düşdükdən, böyük yükdaşıma qabiliyyətinə çatdıqdan sonra həmin yola kimin nəzarət etməsinin mənası olmayacaq”.

“O da var ki, Ermənistan da o “arqumenti” ortalığa qoyur ki, bəhs edilən 10 noyabr bəyanatına əsasən ermənilərin Qarabağa gedib-gəlməsini təmin etməli olan Laçın “dəhlizi” də onlar üçün əhəmiyyətini itirdiyindən sənədin Zəngəzura aid sözügedən bəndi də qüvvədən düşmüş hesab olunur?” sualını isə siyasətçi belə cavablandırıb:

“Ermənilərin Laçın “dəhlizi" ilə bağlı paralel gətirməyə haqqı yoxdur, çünki bunlar tamam fərqli məsələlərdir. Biz ermənilərin Qarabağa gedib-gəlməsi üçün o dəhlizi vermişdik. Ancaq o var ki, həmin yolun beynəlxalq əhəmiyyəti yox idi. Zəngəzur dəhlizinin açılmasında isə bütün dünya maraqlıdır. Ermənistan bu vəziyyətlə hesablaşmalıdır və başqa yolu da yoxdur. Qalib Azərbaycanın da şərtləri göz önündədir. Hər bir azərbaycanlı ölkəsinin bir yerindən digərinə maneəsiz, yoxlanışsız gedib-gəlməlidir. Biz erməniləri Laçın dəhlizi ilə gedib-gəlmələri üçün bu şəraitlə təmin etmişdik. Bunu dəyərləndirə bilmədilərsə, özləri günahkardırlar. İndi, zəhmət çəkib eyni şəraiti Naxçıvanla ələqələrimiz üçün yaratsınlar. Bu, onların borcudur. Həm də ona görə ki, 9-cu bəndində həmin şərtin ehtiva olunduğu 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına imza atıblar”.
Tarix: 9-03-2024, 13:18
Xəbəri paylaş





Xəbər lenti