ABŞ və Fransa ilə yanaşı, Böyük Britaniya da Emənistanda geosiyasi təsir imkanlarını artırmaq niyyətindədir.
Böyük ehtimalla, Vaşinqton və Parisin Ermənistanda anti-Rusiya təbliğatı kampaniyasına London da qoşulacaq. Qeyd edək ki, ABŞ, Fransa və bəzi Avropa ölkələrindən sonra Böyük Britaniya da Ermənistanın Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatında (KTMT) üzvlüyünü dondurmaq qərarını dəstəkləyib. Azadlıq Radiosunun erməni xidməti – “Azutyunyan” xəbər ki, Britaniya müdafiə nazirinin müavini Ceyms Hippi Ermənistanın bu addımını təqdirəlayiq hesab edib. Nazir müavini qeyd edib ki, Ermənistan KTMT-dəki fəaliyyətini Rusiyanın təhlükəsizlik öhdəliklərinə əməl etmədiyinə görə dondurub.
“Britaniya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatında üzvlüyünü dondurmaq qərarını ölkənin suveren hüququ kimi dəstəkləyir və London Rusiyanın Ermənistana qarşı təhlükə törədəcəyi halda Yerevanı dəstəkləmək məqsədilə Avroatlantika müttəfiqləri ilə birgə işləyəcək”, – deyə C.Hippi bildirib. Britaniya rəsmisi vurğulayıb ki, London Ermənistanla yaxın əməkdaşlıq imkanlarını müəyyənləşdirmək məqsədilə İrəvanla sıx işbirliyini davam etdirəcək.
Ceyms Hippi bu cür bəyanat səsləndirməklə ona eyham vurur ki, Britaniya da Ermənistanı Rusiyanın başçılıq etdiyi təşkilatları tərk etməyə sövq edəcək. Sözsüz ki, Paşinyan hakimiyyəti KTMT ilə bağlı addımlarını məhz Fransanın təlimatları əsasında atır, məhz arxasını Parisə söykəyib Rusiyaya qarşı sərt bəyanatlar səsləndirir. ABŞ də Ermənistanı bu məsələdə fəal şəkildə dəstəkləyir. Yunanıstan isə Ermənistanla hərbi-müdafiə və hərbi-texniki sahədə əməkdaşlığı gücləndirməyə başlayıb. Belə demək olar ki, ABŞ, Fransa və Yunanıstan Ermənistanın Rusiyanın təsir dairəsindən kənarlaşıb Qərbə inteqrasiya olunmasına dəstək göstərirlər. Üç ölkə Ermənistanın bu istiqamətdə addımlar atması üçün münasib imkanlar yaradır.
Fransanın Ermənistanı müasir silah-sursat və hərbi ləvazimatlarla təmin etməsi, o cümlədən Parisin İrəvanla hərtərəfli hərbi əməkdaşlığa dair saziş imzalaması Paşinyan hakimiyyətini anti-Rusiya xarakterli qərarlar qəbul etməyə cəsarətləndirir. Artıq Böyük Britaniya da meydanda görünür. Bildiyimiz kimi, dərin imperiya keçmişi olan Britaniya qlobal məkanda öz sözünü deyən və dünyanın bir çox regionlarında öz dayaqlarını qoruyub saxlaya bilən geosiyasi güc mərkəzidir. ABŞ, Fransa və Almaniya ilə yanaşı, Britaniya da Ukrayna cəbhəsində Rusiyaya qarşı fəal mübarizə aparır. London heç bir tərəddüd etmədən Ukraynaya maliyyə və hərbi yardım göstərməyə davam edir.
C.Hilsin bəyanatı onu deməyə əsas verir ki, Britaniya Cənubi Qafqaz siyasətində Azərbaycan və Gürcüstanla bərabər Ermənistana da önəm vermək istəyir. Belə hesab etmək olar ki, London da Ermənistanda təsir imkanlarını artırmaqda maraqlıdır. Hətta belə demək mümkündürsə, yaxın gələcəkdə Britaniya öz müttəfiqləri ilə bərabər Ukraynada olduğu kimi Ermənistanda da anti-Rusiya cəbhəsinin möhkəmlənməsində fəal iştirak etməyə çalışacaq.
Ermənistanda Rusiyaya qarşı ABŞ-Britaniya-Fransa tandemi hər an özünü biruzə verə bilər. Bu baxımdan yaxın zamanda Britaniyanın dövlət rəsmilərinin Ermənistana rəsmi səfərlərinə, habelə Londan və İrəvan arasında ikitərəfli diplomatik-siyasi və iqtisadi münasibətlərin inkişafı istiqamətində qarşılıqlı addımlara şahid ola bilərik.
Britaniya Ermənistanla hərbi əməkdaşlığı da nəzərdən keçirə bilər, amma Londonun İrəvana silah satması mümkün görünmür. İndiki dövrdə London buna cəhd göstərməyəcək. Ona görə ki, Fransadan fərqli olaraq Britaniya Cənubi Qafqazla bağlı xarici siyasətini region ölkələrinin maraqlarını nəzərə alaraq yürüdür. Həmçinin iyirmi ildən çoxdur ki, Britaniya Azərbaycanın siyasi, iqtisadi və enerji tərəfdaşıdır. İki ölkə arasında diplomatik-siyasi münasibətlər çox yüksək səviyyədədir. Bilirik ki, Britaniyanın enerji şirkətləri Azərbaycanın neft-qaz, eləcə də bərpaolunan enerji sektorunda mühüm layihələr həyata keçirir və bu layihələrə investisiyalar yatırır.
Xəzər dənizində neft - qaz yataqlarının kəşfində və istismarında, bu yataqların müasir infrastrukturla təminində Britaniya şirkəti – BP-nin əhəmiyyətli rolu danılmazdır. Bundan başqa, Britaniya beynəlxalq təşkilatlarda Qarabağ məsələsi gündəmə çıxarıldığı zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Digər Qərb ölkələri kimi Azərbaycana münasibətdə ikili standart siyasəti yürütməyib. Bütün bunların fonunda belə bir nəticəyə gəlmək olar ki, Britaniya Ermənistanla münasibətləri inkişaf etdirməklə yanaşı, İrəvanın rəsmi Bakı ilə tez bir zamanda sülh sazişi imzalamasına təkid edəcək. London Cənubi Qafqazda sülh, əmin-amanlıq və sabitliyin bərqərar olunmasını özünün maraqları üçün prioritet kimi görür.
O da mümkündür ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinin intensivləşməsi üçün Britaniya bu proses üzrə keçirilən danışıqlarda vasitəçilik və təşkilatçılıq missiyasını üzərinə götürsün. Britaniyanın Ermənistanda təsir imkanlarının artması, şübhəsiz ki, Azərbaycanın xeyrinə olacaq. O ki qaldı Britaniya və Fransanın Azərbaycan məsələsində maraqlarının toqquşmasına, rəsmi London, hətta Vaşinqton çox yaxşı anlayır ki, Fransa Ermənistanı məqsədyönlü şəkildə silahlandırmaqla, ona müəyyən zəmanətlər verməklə regionda sülh və sabitliyin bərqərar olunmasına əngəl yaradır. Fransanın Ermənistanda ambissiyaları regionda münaqişənin yenidən alovlanmasına hesablanıb. Bu isə ABŞ və Britaniya tərəfindən qətiyyən qəbuledilməzdir. Bu səbəbdən həm ABŞ, həm də Britaniya Fransanın Azərbaycan-Ermənistan məsələsində mövqeyini tarazlaşdırmağa çalaşacaq.