Fransaya gözlənilməz maneə: Britaniya Azərbaycan planını açıqladı - GƏLİŞMƏ


Fransaya gözlənilməz maneə: Britaniya Azərbaycan planını açıqladı
ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Böyük Britaniya Baş naziri Rişi Sunak bildirdi ki, noyabrda Bakıda keçiriləcək COP29-a qədər sülhün nail olunduğu Cənubi Qafqaz görmək önəmli hadisə olardı. Prezident İlham Əliyev də son açıqlamasında dedi ki, Ermənistanla sülhə həmişəkindən daha yaxınıq. Sülh müqaviləsinin belə tezliklə imzalanması mümkündürmü?

- Hamımızın arzusu budur. Beynəlxalq ictimaiyyətin əksəriyyəti də bunu istəyir. Əlbəttə, sülhə mane olmaq üçün çalışan ölkələr də var. Azərbaycan bu məsələdə ən səmimi tərəfdir. Azərbaycan 2020-ci ildən bəri sülh müqaviləsinin 5 prinsip üzrə imzalamağa hazır olduğunu bildirir və buna çalışır. Bu prinsiplər də tamamilə beynəlxalq hüquqa söykənir.

Britaniya kimi ciddi bir dövlətin də bu məsələdə maraqlı olması, sülhü yaxınlaşdıracaq amillərdən biridir. Azərbaycan bundan istifadə edə bilər. Məsələn, Britaniyanın başqa ölkələrə təsir mexanizmlərindən yararlanmaq mümkündür. Fransanın yaratdığı bəzi maneələr Britaniya vasitəsilə neytrallaşdırıla bilər. Çünki bir çox hallarda Fransanın mövqeyi sülhə mane olan faktora çevrilir. Əslində, Fransa ilə yanaşı, bəzi ölkələr də Cənubi Qafqazda dayanıqlı sülhdə maraqlı deyil. Məsələn, Rusiya. Çünki dayanıqlı sülh Rusiyanın Cənubi Qafqazda onsuz da zəifləmiş mövqelərini daha da daralda bilər. Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi, Qarabağ münaqişəsi kimi bir bəladan qurtulması, Rusiyanın bölgəyə təsir mexanizmlərini azaltdı. İndi böyük sülh olsa, digər təsir mexanizmlərindən də məhrum ola bilər.

Hesab edirəm ki, bəzi ölkələrin mane olmaq cəhdlərinə baxmayaraq, Azərbaycanla Ermənistan doğru istiqamətdə irəliləyərək, böyük sülh müqaviləsi olmasa belə, ən azı il ərzində sülh müqaviləsinin tərkibini təşkil edə biləcək ciddi protokollar və ya sənədləri imzalaya bilər. Bu mümkündür.

- Qazaxın dörd kəndinin qaytarılması məsələsi də gündəmdədir. Ermənistan Baş naziri Nikol Paşinyan dolayı yolla kəndlərin təhvil veriləcəyini söylədi. Sülhyaratma prosesi bu məsələnin tezliklə həll edilməsiylə gücləndirilə bilərmi?

- Sülh müqaviləsi və sərhədin delimitasiya-demarkasiyası elə bu kimi məsələlərin həlli üçündür. Azərbaycan bu prosesdə beynəlxalq hüquq baxımından tam haqlı olan tərəf kimi gec-tez qalan ərazilərini də qaytaracaq. De-yure ərazimiz olan o kəndlər də təhvil veriləcək. Amma bu kimi məsələləri maneəyə çevirmək də doğru deyil. Yəni belə məsələləri sülh müqaviləsini imzalayıb həll etmək də olar. Zatən, bu məsələ həllini tapacaq, Azərbaycan bu əraziləri öz gücü-qüdrəti hesabına da qaytara bilər. Ermənistan da bunu anlayır, gec-tez razılaşma olacaq. Hesab edirəm ki, bu, sülh müqaviləsinin tərkib hissəsi kimi olsa, daha yaxşı olar.

Delimitasiya-demarkasiya prosesi elə də asan məsələ deyil. Bu, böyük sülh müqaviləsindən sonra da davam edə bilər, bundan əvvəl isə delimitasiyanın prinsipləri razılaşdırılacaq. Bununla bağlı danışıqlar illərlə də gedə bilər. Xatırladım ki, müstəqillikdən bəri Gürücstanla Azərbaycan arasında sərhəd məsələsinin müzakirəsi davam edir. Rusiya ilə isə bir neçə əvvəl yekunlaşıb. Yəni bu, uzun çəkən prosesdir. Ermənistan onu da anlayır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində o kəndlərin də yeri var, gec-tez qaytarılmalıdır, qaytarılacaq da.

- Moskva-İrəvan xəttindəki gərginlik sülhə nə qədər mane olacaq? Rusiya rəsmisi Mariya Zaxarova bildirdi ki, İrəvanın hazırkı kursu Moskva ilə münasibətlərə düzəlməz ziyan vura bilər. İndi Rusiya bu kursu dəyişdirməyə çalışsa, nə olacaq?

- Məncə, bizim siyasətimizin ana xətti ondan ibarət olmalıdır ki, Rusiya ilə Ermənistan arasında nə olur-olsun, Azərbaycan hansısa formada bunun iştirakçısı olmasın. O zaman Rusiya da anlayacaq ki, Ermənistanla gərginləşən münasibətlər Azərbaycanla yaxşılaşan münasibətlər demək deyil. Çünki Azərbaycanın da Rusiya ilə bağlı gözləntiləri var. Məsələn, sülhməramlılarla bağlı. Rusiya ərazimizdən könüllü şəkildə çəkilsə, yaxşı olardı. Həmçinin Rusiya bu yaxınlarda Azərbaycanın fikrini almadan bəyanat verdi ki, ermənilərin Xankəndi və ətrafında köçürülməsinə və onları qorumağa hazırdır. Azərbaycanda haqlı sual yarandı ki, Rusiya hansı haqla bunu etmək istəyir? Əlbəttə, istənilən halda Rusiya ilə Azərbaycan arasında münasibətlərin normal olması yaxşıdır. Mişustinin ikigünlük səfəri də göstərdi ki, münasibətlər normal templə davam edir.

Bütün bunlara baxmayaraq, Rusiya ilə bağlı suallarımız da var. Bu suallara cavab verilməsinə ehtiyac da yaranıb. Bütün hallarda isə Rusiya-Ermənistan gərginliyi onların öz işidir. Azərbaycan hansısa formada bunun iştirakçısı olmamalıdır. Əlbəttə, İrəvan-Moskva gərginliyinin artması Rusiyanın Ermənistana şərtlərinin sərtləşməsinə səbəb ola bilər. Bunun da sülh prosesinə müəyyən əngəllər yaratması mümkündür.

- Türkiyə və ABŞ sülhü yaxınlaşdırmaq üçün birgə işləyəcək. Bununla bağlı iki ölkə arasında razılaşma əldə edilib. Bəs bu anlaşma prosesə nə kimi töhfə verəcək?

- Əlbəttə, Türkiyənin bu prosesin iştirakçısı olması Azərbaycanın xeyrinədir. Çünki iki qardaş ölkə xarici siyasət və təhlükəsizlik məsələlərində o qədər inteqrasiya olunmuş durumdadır ki, Azərbaycanın iştirak etdiyi proses Türkiyə, Türkiyənin yer aldığı proses Azərbaycanın xeyrinədir. Qarşılıqlı maraqlar kifayət qədər yaxşı qorunur.

Türkiyənin son zamanlarda Qərb və ABŞ ilə münasibətləri yaxşılaşma dövrünü yaşayır. Əlbəttə, bu çərçivədə Ankara və Vaşinqtonun Cənubi Qafqazda sülh məsələsini müzakirə etməsi Azərbaycanın xeyrinədir. Əminəm ki, qardaş Türkiyə - bizim strateji müttəfiqimiz istənilən danışıqlarda Azərbaycanın maraqlarını ifadə edən mövqelərdən çıxış edir. Yəni Türkiyənin istənilən prosesdə iştirakı Azərbaycana yalnız xeyir gətirə bilər.
Tarix: 15-03-2024, 11:02
Xəbəri paylaş





Xəbər lenti