Müxalifət seçkiyə hazırlaşır: "Hətta seçki qərargahı da yaratmışıq" - SORĞU
Bəlli olduğu kimi, bu ilin payızında Azərbaycanda parlament seçkiləri keçiriləcək. Hansı müxalifət partiyaları bu seçkiyə qatılacaqlar? Bu dəfə də boykot yolunu seçənlər olacaqmı? Bu suallarla bir sıra partiya rəhbərləri və funksionerlərinə müraciət etdik.
Azad Vətən Partiyasının sədri Akif Nağı Bakupost.az -a açıqlmasında bildirib ki, partyanı yaradarkən əsas məqəsədləri parlament seçkilərində iştirak edib yer qazanmaq olub: "Biz o zaman bunu rəsmən bəyan etdik ki, məqsədimiz parlamentə düşməkdir. Ona görə də partiyamızda seçkiyə hazırlıq prosesi gedir. Arıq sənədlərin və heyətin nizama salınmasına başlamışıq. İlkin məlumatlara görə, seçki noyabrda olacaq. Təbii ki seçkilərdə fəal iştirak edəcəyik. İstər parlament, istərsə də bələdiyyə seçkilərində maksimum yer tutmaq uğrunda mübarizə aparacağıq".
Prezident seçkilərində namizədliyini irəli sürən BAP sədri Elşad Musayev bildirib ki, siyasi partiyaların vəzifələrindən biri də seçkidə iştirak etməkdir: "Prezident seçkilərində olduğu kimi parlament seçkilərində də iştirak etmək niyyətindəyik. Qismət olsa, mən və partiyamızın üzvləri namizəd kimi seçkidə iştirak edəcəyik".
Prezident seçkilərini boykot edən AXCP-nin sədr müavini Seymur Həzi isə hələlik partiyalarının seçkilərlə bağlı yekun qərarı olmadığını bildirib: "Təbii ki seçki rəsmən elan olunduqdan sonra AXCP bununla bağlı yekun qərar verəcək. Amma hələ ki mövcud durumda demokratik şəraitdə seçki olacağından söhbət gedə bilməz".
REAL Partiyasının Mərkəzi Aparatının rəhbəri Natiq Cəfərli isə seçkilərə aktiv hazırlaşdıqlarının bildirib: "Seçkidə həm REAL, həm də şəxsən özüm iştirak edəcəyəm. Artıq 2 aydır seçki qərargahımız fəaliyyət göstərir. Dairələrin öyrənilməsi, müşahidəçilərin müəyyən olunması, treninqlərin keçirilməsi yönündə işlər davam edir".
AMİP sədri Arzuxan Əlizadə də seçkiyə qatılacaqlarının bildirib: "Konstitusiyaya uyğun olaraq bu il parlament seçkiləri gözlənilir. Amma COP-29 tədbrini nəzərə alsaq, bu, daha tez də ola bilər. İstənilən halda bu il həm bələdiyyə, həm də parlament seçkiləri keçiriləcək. Hətta ola bilsin ki, referendum da keçirilisin. Bu səbəbdən seçkiyə hazırlıq haqda qərar vermişik. Rayon şöbələrinə tapşırıq verilib, hazırlıq işləri aparılır. Mən özüm də seçkidə namizəd olaraq iştirak edəcəyəm".
AĞ Partiyanın sədri Tural Abbaslı da seçkiyə qatılacağını deyib: "Yəqin ki seçkilər noyabra qədər keçiriləcək. AĞ Partiya olaraq ilin əvvəlindən artıq bu işə start vermişik. Namizədlərimizin müəyyən edilməsi, hansı dairələrdə mübarizə aparacağımız yönündə çalışmalarımız davam edir. Mən özüm də namizəd olaraq iştirak edəcəyəm. Seçkilərin dəqiq tarixinin açıqlanmaması bəzi maneələr törətsə dəŞ yenə də hazırlaşırıq.
Eks-spiker Rəsul Quliyevin lideri olduğu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu da seçkiyə hazırlaşdıqlarını bildirib: "GAP olaraq seçkidə iştirak edəcəyik. Partiyamız 125 dairənin təxminən 65-də namizəd irəli sürəcək".
ADP sədri Sərdar Cəlaloğlu isə qərarsız olduğunu vurğulayıb: "Seçkilərin vaxtı ilə bağlı müxtəlif mülahizələr var. Ona görə biz hələ tələsmirik. Rəsmən seçkilər elan olunduqdan sonra ADP olaraq yekun qərar verəcəyik".
Son seçkidə prezidentliyə namizəd olan Fuad Əliyev isə bunları deyib: "Mən hazırda Müstəqil Həmkarlar Birliyində fəaliyyət göstərirəm. Bizim əsas məqsədimiz vətəndaşların problemlərini işıqlandırmaqdır. Apreldə təşkilatımızın 1 yaşı olacaq. O ki qaldı seçkilərdə iştiraka, rəsmi vaxt açıqlandıqdan sonra müzakirə edib qərar verəcəyik".
Keçmiş Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə bildirib ki, seçkinin dəqiq vaxt haqda məlumat yoxdur: "Seçkilər elan olunduqdan sonra dairələri və həmin dairələrdə mübarizə aparacaq namizədləri təhlil edib, bitərəf namizəd kimi seçkidə iştirak edə bilərəm".