"Bu, Konqresdən gələn rəsmi olmayan siyahıdır və mən bu barədə şərh verə bilmərəm. Yenə də, əgər nə vaxtsa bu, qanunverici komitədə və ya Konqresin hər iki palatası vasitəsilə qəbul olunarsa, prezidentin masasına gələrsə, bu barədə qərar qəbul etməli olacaq".Bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) səfirli
Mark Libbi deyib.
Bir müddət öncə Dina Titusun rəhbərliyi ilə bir qrup konqresmenin insan hüquqlarının pozulmasına və hərbi əməliyyatlara görə Azərbaycandan bəzi şəxslərə sanksiya qoymağa imkan verəcək qanun layihəsini (HR8141) ABŞ Nümayəndələr Palatasına təqdim etdiyi bildirilir.
Siyahıda 40-dan çox şəxsin adının yer aldığı açıqlanıb. Onlar, əsasən, bəzi vəzifəli məmurlar, hakimlər və bir sıra yüksək rütbəli hərbçilərdir.
Hələlik, məsələyə Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.
Səfir isə deyib ki, Konqresdə hələ də üzərində işlənən layihənin mahiyyətini şərh etməyin mənası yoxdur.
"Bəzi adlar çıxa, bəziləri əlavə oluna bilər. Bu insanların hər biri haqqında məlumatım yoxdur və bu, qəti siyahı deyil. Bu ideyadır, hələ real qanunvericilik deyil", --o əlavə edib.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 250-300 arasında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər. Son aylar isə Azərbaycanda 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittiham ilə razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.
İnsan haqları, azadlqılar
Azərbaycanda insan haqlarının və ifadə azadlığının vəziyyəti, müstəqil media üzərinə hücumlar, jurnalistlərin həbsləri barədə suala cavab verən ABŞ səfiri deyib ki, onun ölkəsi bu kimi məsələləri istər ictimai səviyyədə, istərsə də şəxsi söhbətlərdə qaldırır, lakin buna necə reaksiya verilməsi, nəticə Azərbaycan hakimiyyətindən asılı olan bir məsələdir:
“Əgər partnyorlarımız bunu istəyirlərsə, biz onlara istər iqtisadi inkişaf, qadınların rolununun gücləndirilməsi, azad media kimi məsələlərdə dəstək verə bilərik. Partnyorlarımız buna hazırdırlarsa, biz bunları etməyə çalışırıq. Aydındır ki, əgər hakimiyyət bütün bunları qeyri-mümkün etməyi, çətinləşdirməyi qərara alıbsa, bunu etmək çox çətindir”.Səfir vurğulayıb ki, ABŞ və Azərbaycan ikitrəfli münasibətləri paketinə iqtisadi inkişaf, enerji, təhlükəsizlik, insan haqalrı kimi bir çox məsələlər daxildir.
“Amma mən Azərbaycan hakimiyyətinin davranışı ilə bağlı suala cavab verə bilmərəm...Mən Azərbaycan hakimiyyətinin davranışına nəzarət edə bilmərəm. Biz əgər partnyorumuz bunu istəyirsə, bacardığımızı etməyə hazırıq”.Bakıya təzyiq göstərilirmi?
“Bəs Azərbaycanla bu mövzuda danışıqlar aparılırmı, insan haqları pozuntularının dayandırılması üçün Bakıya təzyiq göstərilirmi?” kimi sullara cavab olaraq səfir bildirib ki, bu suallar Azərbaycan hakimiyyətinə ünvanlandırılmalıdır:
“Siz bunların niyə belə edildiyini hökumətdən soruşmalısınız. Mən bunu deyə bilmərəm...Öz hərəkətləri üçün yalnız Azərbaycan hakimiyyətinin özü cavabdeh ola bilər. Mən bütün bunlardan hakimiyyətin məqsədinin nə olduğunu deyə bilmərəm...Düşünürəm ki, bu, müstəqil medianı susdurmaq üçün edilir və düşünürəm ki, bu səhv addımdır. Bu, barəsində danışıq aparılacaq bir məsələ deyil...Biz deyək ki, bunu etməyin, onlarsa etməkdə davam etsinlər...Bu Azərbaycanın öz vətəndaşları ilə necə rəftar etməsi, öz konstitusiyası üzrə öhdəliklərinə, imzaladığı beynəlxalq konvensiyalara və hətta COP-un ev sahibi kimi öhdəliklərinə əməl edib-etməməsi məsələdir. Bizim görə biləcəyimiz yeganə iş müstəqil media və vətəndaş cəmiyyətinə açıq və şəxsi təmalarda dəstəyi davam etdirməkdir”.Sülh danışıqları
Səfir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında ABŞ-ın vasitəçiliyi ilə bağlı suala cavab verərkən bildirib ki, hazırda tərəflər heç bir vasitəçi olmadan müəyyən razılaşmalar əldə ediblər.
Səfirin sözlərinə görə ABŞ, Dövlət Departamenti bu prosesi izləyir və tərəflərin qarşılıqlı atdığı pozitiv addımları alqışlayır. Diplomat deyib ki, bununla belə ABŞ tərəfləri tələsdirmir və heç bir müddət qoymur:
“Biz burda oynaya biləcəyimiz hər hansı rolu oynamağa hazırıq. İndilik onlar danışıqları ikitərəfli qaydada aparırlar ...və düşünürəm ki, burada bəzi pozitiv irəliləyiş təqdir olunmalıdır. Məsələn COP-un Bakıya gətirilməsini mümkün edən razılaşma yalnız iki tərəfin arasında həll olunub. Mənim bildiyinə görə onlara heç kəs kömək etməyib. Ən azı biz etməmişik. Eləcə də sərhədin demarkasiyası və kəndlərlə bağlı məsələ. Tərəflər oturublar, işləyiblər və mən düşünürəm ki, bəzi kompromislərə gediblər və irəliləyiş əldə ediblər. Yəni əgər bu proses işə yarayırsa, yaxşıdır”.Səfir qeyd edib ki, o əldə olunmuş razılaşmalardan məmnundur və faktiki olaraq onun ovqatı tədricən bədbinlikdən nikbinliyə doğru dəyişib.
Diplomat qeyd edib ki, Vaşinqtonu maraqlandıran tərəflər arasında danışıqların uğurudur, Vaşinqton özünü bu prosesin sahibi hesab etmir, amma tərəflərin istəyi ilə hər hansı dəstəyi verməyə daim hazırdır.
Şuşaya niyə getməyib?
Bir müddət əvvəl ABŞ və bir sıra başqa Qərb səfirlərinin Azərbaycan hökumətinin Şuşada və işğaldan azad olunmuş başqa yerlərdə təşkil etdiyi tədbirlərə qoşulmaması iqtidaryönlü media tərəfindən tənqid olunmuşdu.
Mark Libbi bu suala cavab verərkən deyib ki, bir səfir kimi onun Azərbaycan ərazisində səfərlərini səfirlik planlaşdırır. O bildirib ki, indiyədək, Azərbaycanın bir neçə regionunda olub.
https://www.azadliq.org/a/abs-sefir-konqres-sanksiya/32932304.html
Tarix: 4-05-2024, 12:54