Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabra qədər bağlana bilər
Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabra qədər bağlana bilər. Onun sözlərinə görə, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır.
N.Paşinyanın bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı dediyi fikirlərin və sülh müqaviləsi ilə bağlı təklifin qəbulu kimi başa düşmək olar.
Belə ki, ölkə başçısı çıxışı zamanı bildirib: “COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Baza prinsipləri üzərində razılığa gəlmək, həmçinin variant hesab olunur sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar. Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki tərəf, sadəcə ürəkdən çalışmalıdır”.
Paşinyan iki ölkənin xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşündən sonra irəliləyişə ümid etdiyini vurğulayıb. Prezident İlham Əliyev də bir müddət öncə qeyd etmişdi ki, Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib, əgər İrəvan da razılaşsa, görüş reallaşa bilər.
Prinsip etibarilə yekun sülh müqaviləsinin imzalanması üçün hələ tezdir. Lakin ən azından ilkin sülh müqaviləsinin imzalana bilər. Hazırda iki ölkə arasında razılaşdırılan məqamlar var və danışıqlar masasındakı sülh sənədi hazırkı halı ilə çərçivə sazişi kimi imzalana bilər.
Almatıda çərçivə sazişi imzalanmayacaq, lakin imzalanacağı tarix və bir sıra müddəaları müzakirə ediləcək. Bakının da görüşdən gözləntisi pozitivdir.
Çərçivə sazişi noyabr ayına kimi, yəni COP29-a qədər imzalanarsa, bu, həm də Ermənistan rəsmilərinin Bakıda iştirakını mümkün edər.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az
Tarix: 7-05-2024, 21:45