"Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır, ancaq seçkilərin müddəti önə də çəkilə bilər". Bunu mayın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.Pənahov bunu seçkilərin noyabrda Azərbaycanda keçiriləcək COP29 (BMT-nin İqlim Dəyişikliyi Konfransı) ilə eyni vaxta təsadüf etməsi ilə əlaqələndirib: "Bu səbəbdən seçkilərin önə çəkilməsi barədə qərar verilə bilər".
Son illər Azərbaycanda seçkilərin əksəriyyəti növbədənkənar keçirilir. Parlament seçkilərinin 2020-ci ildə təqribən altı ay önə çəkilməsi "islahatların sürətləndirilməsi" ilə izah edildi. Gələn il keçirilməsi nəzərdə tutulan prezident seçkisinin bu il fevralın 7-nə təyin edilməsinə də ölkənin bütün ərazilərində suverenliyin bərpası səbəb göstərilmişdi. Rəsmilər deyirdilər ki, bu tarixi prosesdən sonra ölkədə ilk seçkilərin prezident seçkisi olmasını vacib sayırlar.
Parlament seçkilərinin önə çəkilməsinin əsl səbəb və məqsədləri nə ola bilər?
“Hüquq və İnkişaf” İctimai Birliyinin sədri, hüquqşünas Hafiz Həsənov mövzu ilə bağlı ASTNA-nın suallarına cavab verib.
* * *
Sual: Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, bu ilin noyabrında keçirilməli olan parlament seçkiləri həmin ay Azərbaycanda keçiriləcək COP29 tədbiri ilə eyni vaxta düşdüyü üçün seçkilərin müddəti önə də çəkilə bilər. Sizcə, parlament seçkilərinin önə çəkilməsinin əsl səbəbi nə ola bilər? Həqiqətənmi COP29 ola bilər?Cavab: Parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi ölkədə keçiriləcək irimiqyaslı tədbirlə əlaqələndirilməsi hüquqi əsasılara söykənmir. Yəni, qanunvericilikdə seçkilərin ertələnməsi üçün bu cür əsaslar müəyyən edilməyib. İndiki halda Milli Məclisə seçkilərin vaxtından əvvəl keçirilməsi Milli Məclisin Prezident tərəfindən buraxılması qaydasında ola bilər. Konstitusiyanın 981 – ci maddəsinə görə Milli Məclis öz səlahiyyətlərini Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə Prezident Milli Məclisi buraxır. Bu maddələr əsasən, Milli Məclisin fəaliyyəti ilə bağlı məsələləri əhatə edir və hesab edirəm ki, indiki halda bu əsasların heç biri baş verməyib. Ancaq indiki Milli Məclisin bundan əvvəl buraxılmış Milli Məclisdən sonra növbədənkənar seçkilər əsasında formalaşdırıldığını nəzərə alsaq, eyni təcrübənin bu dəfə də təkrar olunmayacağını istisna etmir. Fikrimcə, Milli Məclisə seçkilərin irəliyə çəkilməsi daha çox COP29-la bağlı ola bilər. Çünki, ölkədə bütün siyasi şəraitlərdə seçkilər eyni qaydada keçirilib və seçkilərin noyabr ayında da eyni qaydada keçirilməyəcəyinə təsir edə biləcək hər hansı halı hələ ki, görmürəm.
Sual: Amma parlament seçkilərini geri də çəkmək olar. Yəni referendumun keçiriləcəyi ilə bağlı söhbətlər ötən ildən vardı. Və referendumun olacağı ilə bağlı zərurətlərin ortaya çıxdığı barədə mediada xeyli fikirlərə rast gəlmək mümkündür. Belə olduğu halda referendumu önə çəkib və bir müddəanı ( parlament seçkilərinin noyabrda keçirilməsi ilə bağlı müddəa) dəyişib Konstitusiya ilə başqa ay etmək olardı. Amma biz görürük ki, indi parlament seçkilərini önə çəkməklə bağlı fikirlər səslənir. Niyə əvvələ? Nədir bu tələskənlik? Və məqsəd nə ola bilər?Cavab: Konstitusiyanın 84-cü maddəsinin I hissəsinə görə Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Burada göstərilir ki, müharibə şəraitində hərbi əməliyyatların aparılması Milli Məclisə seçkilərin keçirilməsini mümkün etmədikdə Milli Məclisin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Həmçinin, Seçki Məcəlləsinin 7-1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisinin 25 faizindən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, hərbi və ya fövqəladə vəziyyət zamanı, həmçinin hərbi və ya fövqəladə vəziyyətin ləğv edilməsindən sonra 3 ay müddətində seçkilər və ya referendum keçirilə bilməz. Yəni, seçkilərin geri çəkilməsi ancaq bu hallarda mümkündür. İndiki halda isə, bu halların heç biri yoxdur. Referendumla bağlı məsələyə gəldikdə isə, məncə, referendumun keçirilməsi indiki halda gecdir.
Sual: Referendum olmayacaqsa, demək ki, proprosional seçki sistemi bu dəfəki seçkilərdə də tətbiq edilməyəcək.Cavab: Təbii ki, Konstitusiyada Milli Məclisə seçkilərin majoritar seçki sistemi ilə keçirilməsi nəzərdə tutulub və bunu Konstirusiyaya dəyişiklər üzrə referendumla dəyişmək olar. Bu barədə referendum keçirilməyibsə, deməli bu dəfə də parlament seçkiləri majoritar seçki sistemi ilə keçiriləcək.
Sual: Ümumiyyətlə, son illər Azərbaycanda seçkilərin əksəriyyətinin növbədənkənar keçirildiyini görürük. 2018 və 2024-cü il prezident, 2020-ci il parlament seçkiləri. İndi bu dəfə də parlament seçkiləri də önə çəkilərsə, bu da növbədənkənar olacaq. Sizcə, ümumiyyətlə seçkilərin növbədənkənar keçirilməsində maraq nə ola bilər? Burda məqsəd nədir?Cavab: Əlbəttə, seçkilərin növbədənkənar keçirilməsi seçkilərin dövriliyi və seçkili orqanların dayanıqlığı baxımıından yaxşı hal kimi qiymətləndirilə bilməz. Seçkilərin növbədənkənar keçirilməsi üçün ciddi hüquqi və siyasi əsaslar olmalıdır. Əgər bu cür əsaslar yaranmayıbsa, deməli məsələ siyasi iradəyə uyğun müəyyən edilir.
Sual: Bir çox ekspertlər deyir ki, seçkilərlə bağlı tələblər onların keçirilmə müddəti ilə bağlı deyil. Yəni, mövcud seçki qanunvericiliyi ilə demokratik seçkilər keçirmək mümkün deyil. Ona görə də həm qanunvericilik, həm də seçkiqabağı və seçki zamanı insan haqları ilə bağlı vəziyyət dəyişməlidir. Nə dərəcədə haqlı tələblərdir?Cavab: Bu fikirlərlə mən də razılaşıram. Azad və ədalətli seçkilərin keçirilməsi üçün həm hüquqi baza, həm də siyasi mühit əlverişli olmalı, həm də seçki orqanlarının təşkili seçkilərdə rəqabət aparan tərəflərin ümumi etimadına uyğun formalaşdırılmalıdır.
Sual: Son olaraq, bu qanunvericiliklə, bu tənzimləmə ilə, heç bir dəyişiklik olmadan, referendum keçirmədən, proporsional və majoritar seçki sisteminin hər ikisinin tətbiqi olmadan seçki keçirməklə nəsə dəyişə bilərmi?Cavab: Seçki qanunvericiliyində dəyişikliklərin zəruriliyi indiyədək yerli və beynəlxalaq müşahidə missiyaları tərəfindən dəfələrlə bildirilib. Lakin indiyədək seçki qanunvericiliyində müsbətə doğru dəyişikliklər baş verməyib. Əslində hansı seçki sistemi ilə keçirilməsi o qədər də önəmli deyil. Əsas odur ki, seçkilər yaxşı hüquqi baza əsasında əlverişli siyasi mühitdə keçirilsin.
Tarix: 17-05-2024, 10:29