“Azərsu”da kütləvi ixtisarlar başlandı
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov kütləvi ixtisarlara başlayır.Reportyor.info-ya daxil olan məlumata görə, bu günlərdə Agentliyinin tabeliyinə verilən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin yüzlələrlə əməkdaşına bildiriş gəlib.
İddia olunur ki, bildiriş ixtisarlarla bağlıdır. “Azərsu” ASC-nin mərkəzi ofisində 456 nəfərin çalışdığı bildirilir. Zaur Mikayılov bu sayı 156-yə endirmək niyyətindədir.
Beələliklə, su təsərrüfatı sahəsində yeni ştat cədvəli hazırlanır ki, yüzlərlə işçinin bu cədvəldən kənarda qalacağı iddia olunur.
Zaur Mikayılovun bununla kifayətlənməyərək maaşlara da “əl gəzdirdiyi” bildirilir. Məlumata görə, o, əmək haqlarının yarıbayarı azaltmağı düşünür.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyin ötən ilin martında yaradılıb və Zaur Mikayılov qurumun sədri təyin edilib. “Azərsu” ASC ilə “Meliorasiya və Su Təsərrüfatı” ASC əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.
Agentliyin əsasnaməsi və strukturu təsdiqlənən qədər “Azərsu” və “Meliorasiya və Su Təsərrüfatı”nın fəaliyyətlərini davam etdirməsi nəzərdə tutulur.
Ötən ilin noyabrında qurumun əsasnaməsi təsdiqlənib. Görünür, hazırda strukturun formalaşdırılması prosesi gedir. Bunun nəticəsi olaraq ixtisarlar gündəmə gəlib.
Tarix: 17-05-2024, 15:22