Rusiyanın Xankəndidə konsulluq açmaq istəyi gündəm mövzusuna çevrilib


Rusiyanın Xankəndidə konsulluq açmaq istəyi gündəm mövzusuna çevrilib. Dünəndən bu məsələ ciddi müzakirə edilir. 
Xatırladaq ki, bu fikri Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin səsləndirib. 
O, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib ki, Rusiya Xankəndidə Baş Konsulluğunun açılışına hazırlıqda Azərbaycanın dəstəyinə ümid edir.
“İkitərəfli məsələlərdən Xankəndidə baş konsulluğun açılmasını qeyd edərdim. Biz yaxın vaxtlarda hazırlıq işlərinə başlamağı planlaşdırırıq və sizin dəstəyinizə ümid edirik”, - o bildirib.
Karasinin sözlərinə görə, baş konsulluğun 2024-cü ildə açılması ideal olardı: “Bu, bizə konsulluqdakı qarşılıqlı bərabərsizliyi aradan qaldırmağa imkan verəcək”.
Rusiyanın Xankəndidə baş konsulluq açması diqqət çəkir. Məsələnin riskli olduğunu qeyd edənlər də var. Lakin indiki məqamda və reallıqlarda belə bir addım özündə risk elementləri daşımır. 
Məsələ ondadır ki, Şuşa və Xankəndi başda olmaqla işğaldan azad edilən ərazilərdə nə rus, nə də erməni əsilli şəxslər yaşayır. Qarabağın işğaldan azad edilməsi fərqli reallıqlar ilə baş tutsa idi risk və təhlükədən danışmaq olardı. Misal üçün, erməni əsilli şəxslər ərazini tərk etməsə, Rusiya sülhməramlıları, onların ailə üzvləri ərazidə qalıb, yaşasa və ya ermənilərə hər hansı bir muxtariyyət verilsə idi açılacaq konsulluq riskli ola bilərdi. Yəni bu gün Rusiyanın ərazidə hər hansısısa bir təsir elementi yoxdur. 
Ümumiyyətlə bu gün işğaldan azad edilən ərazilərdə bərpa prosesi gedir. Bərpa prosesindən asılı olaraq da məskunlaşma mərhələli gerçəkləşir. Əraziyə azərbaycanlıların giriş-çıxışı belə xüsusi ehtiyat və yoxlama ilə aparılır. Gələcəkdə ərazidə rus və ya qeyri-etniklər də məskunlaşmaq istədikdə proses dövlət nəzarəti ilə bütün risk faktorları hesablanaraq baş tutacaq. Açılacaq konsulluğun ehtimal risk elementləri hesablanıb və ona uyğun tədbir görüləcək. 
Prinsipcə Türkiyənin də Şuşada konsulluğu açılacaq. Mahiyyət etibarilə həm Türkiyənin Şuşada, həm də Rusiyanın Xankəndidə konsulluğunun açılması müsbət hadisədir. Belə ki, bu bir daha təsdiq edir ki, o torpaqlar Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləridir. Gələcəkdə Cəbrayıl, Zəngilan ya da Füzulidə İran konsulluğu da açıla bilər. 
Müəllif: Politoloq Turan Rzayev,
Siam-az.com
Tarix: 28-05-2024, 18:27
Xəbəri paylaş





Xəbər lenti