Gürcüstan Abxaziya və Osetiya böhranını həll edə biləcəkmi?


Gürcüstan hökuməti Abxaziya və Cənubi Osetiya münaqişəsinin həlli ilə bağlı ciddi addımlar atmağa hazırlaşır. 
Belə ki, bir müddətdir Rusiya və Gürcüstan hökumətləri arasında bu məsələ ilə bağlı qeyri-rəsmi görüşlərin keçirildiyi deyilir. Lakin hər iki münaqişənin həlli üçün rəsmi səviyyədə, açıq görüşlərin keçirilməsinə ehtiyac var.
Tbilisi Qərbə inteqrasiya yolundan imtina etmək istəmir. Lakin bu da bir gerçəkdir ki, Abxaziya və Cənubi Osetiya münaqişəsi həll edilmədən Gürcüstan nə Aİ-yə, nə də NATO-ya qəbul ediləcək. Bundan başqa, Gürcüstanın ərazi bütövlüyünün bərpası bu ölkənin Qərbə inteqrasiyasından daha mühüm məsələdir.
Gürcüstanın Abxaziya və Cənubi Osetiya münaqişəsini həll etməsi o qədər də asan deyil:
Birincisi, həm Abxaziya, həm də Cənubi Osetiya Gürcüstanla birləşmək istəmir. Cənubi Osetiya açıq şəkildə Rusiyanın tərkibinə daxil olmağı qarşısına məqsəd qoyub. Osetinlər bu yolla həm də Şimali Osetiya ilə birləşməyi planlaşdırırlar.
Abxaziya isə müstəqil dövlət kimi tanınmağı və regionda bir subyekt olaraq qəbul olunmağı tələb edir. Misal üçün Abxaziya “xarici işlər naziri” İnal Ardzinba deyib ki, “Gürcüstanla silahlı münaqişə istəmirik, lakin Ukrayna tərəfində döyüşən gürcü əsilli radikalların ölkəyə qayıdacağı təqdirdə belə bir ssenarinin olması istisna deyil”.
İkincisi, Abxaziya və Cənubi Osetiya münaqişəsinin həlli birbaşa Rusiyadan asılıdır. Kremlin Tbilisidən tələbi isə açıq və aydındır: ölkənin idarəetmə modelinin dəyişməsi və Gürcüstanın Qərbə inteqrasiyanı dayandırması.
Bu mənada Gürcüstanla Rusiya arasında danışıqlar başlasa da, proses Tbilisi üçün çətin və ağrılı keçəcək. Yəni Kremlin təkliflərini qəbul etmək Gürcüstana ərazi bütövlüyünü təmin etmək şansını versə də, Qərbə inteqrasiyanı birdəfəlik bitirə bilər. Bundan başqa, Rusiya ilə münasibətlərin normallaşması, habelə danışıqların başlanması mövcud hakimiyyətə qarşı ciddi etirazlara gətirib çıxarar.
Gürcüstan indiki məqamda seçim etməli və radikal addımlar atmalıdır. Yəni Tbilisi ya ərazi bütövlüyünü bərpa etmək üçün Rusiya ilə danışıqlara başlamalı, ya da Qərbə inteqrasiyaya davam etməlidir.
Bütün hallarda Gürcüstan Rusiyanın etimadını itirib. Buna görə də Abxaziya və Cənubi Osetiya münaqişəsinin həlli güzəşt və dəyişikliklərlə baş tuta bilər. Tbilisinin önündə iki yol var:
1. Bosniya variantına keçid etmək (Dayton Sazişi). Yəni necə ki Bosniyada Sazişə əsasən serblər 49%, boşnak və xorvatlar 51% ərazi aldı, bənzər formada gürcülər abxazlar və osetinlər də mövcud sərhədlər çərçivəsində bölgü apara bilər.
2. Gürcüstan dövlət idarəetmə formasını dəyişməlidir. Rəsmi Tbilisi hazırda unitar ölkədir. Müvafiq idarəetmənin dəyişdirilməsi fonunda Gürcüstan konfederativ olmalıdır. Gürcülər, abxazlar, osetinlər, hətta acarlar və azərbaycanlılar daxili idarəetmədə sərbəst, xarici idarəetmədə ortaq qərar qəbuletmə yolu ilə bir dövlət mexanizmi yarada bilər.
Müəllif: Politoloq Turan Rzayev,
Siam-az.com
Tarix: 30-05-2024, 12:37
Xəbəri paylaş





Xəbər lenti