Macarıstanın GÜNEY QAFQAZ MARAĞI... - İNCƏLƏMƏ

Macarıstanın GÜNEY QAFQAZ MARAĞI...
Ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Qonaq deyib ki, Macarıstanın Avropa İttifaqı Şurasının sədri kimi üzərində çalışacağı əsas məsələ dövlətlər arasında sülh və əməkdaşlıq təşəbbüslərinin dəstəklənməsi olacaq. Peter Siyarto Avropa Sülh Fondunun Ermənistana 10 milyon dollarlıq yardımı məsələsinə də toxunub. Vurğulayıb ki, eyni məbləğdə yardım Azərbaycana da göstərilməlidir. Xatırladaq ki, Macarıstan bir neçə həftə əvvəl razılaşdırılmış Avropa Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardım göstərilməsi layihəsinə veto qoyub. Macarıstan qeyri-bərabərliyin aradan qaldırılması üçün Azərbaycanın da müzakirə edilən proqrama daxil olunmasını tələb edib. İddiaya görə, Avropa Sülh Fondu tərəfindən Ermənistana ayrılacaq 10 milyon avro məbləğində yardım tibb məntəqəsini əhatə edəcək və müvafiq xidmətlər göstərəcək modul tipli səhra düşərgəsinin yaradılması üçün nəzərdə tutulur. Lakin sirr deyil ki, bu dəstəyin məqsədi Ermənistan silahlı qüvvələrinə öz dayanıqlıq və sabitlik yaratmaq imkanlarını artırmağa və bununla da, böhran vəziyyətlərində və fövqəladə hallar zamanı mülki əhalini daha yaxşı qorumağa kömək etməkdir. Məlumat üçün bildirək ki, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun ölkəmizə səfəri çərçivəsində Azərbaycan və Macarıstan arasında mühüm sənədlər imzalanıb. Bunlar strateji dialoq üzrə yekun protokol və xarici işlər nazirlikləri arasında konsulluq sahəsində əməkdaşlıq haqqında memorandumdur. Hesab edilir ki, bunlar iki dost ölkə arasında əlaqələrin inkişafına müsbət töhfə verəcək.

İki ölkənin sıx əməkdaşlığı barədə "Sherg.az"a danışan politoloq Abutalıb Səmədov deyib ki, Macarıstanın Azərbaycanı dəstəkləməsində birinci səbəb onun müstəqil siyasət yeritməsidir. Ekspertin sözlərinə görə, Avropa Birliyinə daxil olan əksər dövlətlərdən fərqli olaraq Macarıstan aparıcı dövlətlərin yedəyində hərəkət etmir:
"Macarıstanın hər məsələyə öz münasibəti var və mövqeyini cəsarətlə ortaya qoya bilir. Təbii ki, Ermənistana yardım edilməsi, əksinə, Azərbaycana edilməməsi sülh prosesinə də mane olur, faşist qüvvələrin fəallaşmasını stimullaşdırır. Obyektiv ölkələr və siyasətçilər bu cür ikili yanaşmanın yanlış olduğunu görürlər. Macarıstan da belə obyektiv dövlətlərdəndir. Digər yandan müxtəlif sahələrdə Azərbaycanla Macarıstanın sıx əməkdaşlığı mövcuddur. Macarıstan Azərbaycanla xüsusi münasibətlərə, dostluğuna dəyər verir, qiymətləndirir. Mühüm məqamlardan biri odur ki, Macarıstan ümumiyyətlə, türk dövlətlərinə, Türk Dövlətləri Təşkilatına böyük rəğbətlə yanaşan ölkədir. Türkiyə ilə münasibətləri də çox yaxşıdır. Macarıstan 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda iştirak edir. Yaxın vaxtlarda ola bilsin ki, Türk Dövlətləri Təşkilatına üzv olmaq üçün müraciət etsin".

A.Səmədovun qənaətincə, Macarıstan Cənubi Qafqaz bölgəsində sülhün olmasında maraqlı azsaylı ölkələrdəndir:
"Bölgə ölkələri türk dövlətləri ilə əməkdaşlığa can atır. Regiona sülhün gəlməsi üçün ədalətli, obyektiv yanaşma sərgilənməlidir. Ermənistanın birtərəfli dəstəklənməsi bölgədə ciddi problemlər yaradır və sülhü ləngidir. Sülh sazişinin imzalanmamasının əsas səbəblərindən biri də Ermənistanın Avropa Birliyinin və ABŞ-nin köməyinə güvənərək qeyri-konstruktiv mövqe tutmasıdır. Macarıstan Aİ-də təmsil olunan dövlətləri daim obyektiv, ədalətli mövqe tutmağa səsləyib. Ümid edək ki, bundan sonra da bu cür mövqe tutmaqda davam edəcək".
Tarix: 6-06-2024, 15:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}